Qarabağda sülhməramlılarla erməni silahlıları bir-birinin qanını tökdü… Yeni proses…

0

zərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları ilə qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında qanlı insident baş verib. Nəticədə iki sülhməramlı yaralanıb. Bu barədə məlumat erməni sosial şəbəkə seqmentində yayılıb. Sosial şəbəkədə yayılan xəbərdən məlum olub ki, sentyabrın 8-də sülhməramlılar Ağdərə istiqamətindəki erməni silahlı dəstələrinə məxsus mövqelərdən birini yığışdırmağı tələb ediblər.
Bu mövqedə dayanan 7-ci dağatıcı alayın keçmiş komandiri polkovnik Karen Calavyana tabe olan erməni silahlıları sülhməramlıların bu hərəkətinə etiraz edib və nəticədə qarşıdurma yaranıb. Buna baxmayaraq, sülhməramlıların israrlı tələbi və onların sayca daha çox olmaları sayəsində postun ləğv olunmasına nail olunub. Qarşıdurmadan sonra sülhməramlılar ərazini nəzarətə götürməyə cəhd ediblər. Lakin əraziyə nabələd olan sülhməramlılar ermənilər tərəfindən qəsdən xəbərdar edilməyib və onların əvvəlcədən basdırdıqları piyada əleyhinə minaya düşüblər. Nəticədə iki sülhməramlı ağır yaralanıb. Erməni separatçılarla rus sülhməramlıları arasında yaranan bu proses nədən xəbər verir?
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, baş verən hadisədən bizim xeyrimizə hansısa ciddi nəticələri çıxarmağa dəyməz: “Sözün düzü, mən bu hadisəni hər şeydən öncə sırf təsadüf kimi qiymətləndirməyin tərəfdarıyam. Çünki hazırda Azərbaycanın Qarabağ bölgəsinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan hissəsində qalmaqda davam edən istər Ermənistan ordusunun qalıqları, istərsə də Xankəndidə cəmləşmiş erməni separatçıları məhz sülhməramlıların diqtəsiilə hərəkət edirlər. Onların 10 noyabr üçtərəfli Bəyanatının 4-cü bəndinin ziddinə olaraq indiyə qədər Qarabağdan çıxarılmaması da sülhməramlıların buna göz yummasının nəticəsidir.Yəni ki, sülhməramlılar ortaya qəti mövqe qoysalar, erməni silahlıları nəinki post qurmağa, hətta orda qalmağa belə cürət etməzlər. Lakin gördüyümüz və bildiyimiz kimi, hazırda sülhməramlılar separatçılara və erməni silahlı birləşmələrinə himayəçilik edirlər. Odur ki, Rusiya MN və sülhməramlıların komandanlığı sentyabrın 8-də sülhməramlılarla Ağdərə istiqamətindəki erməni silahlı dəstələri arasında baş vermiş qarşıdurmanı görməzdən gələcək. Bir də ki, iki sülhməramlının sözügedən insidentin nəticəsində ermənilərin əvvəlcədən basdırdıqları piyada əleyhinə minaya düşüb ağır yaralanması Rusiya tərəfi üçün elə də böyük faciə sayılmır. Çünki Rusiya öz geosiyasi maraqlarına görə lazım gələndə nəinki iki sıravi sülhməramlını, hətta bir neçə generalını da qurban verir. Rusiyanın yaxın keçmişində buna dair misallar çoxdur. Bu baxımdan, mən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları ilə qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri arasında yaşanmış bu son qanlı insidentdən sonra Rusiyanın Qarabağdakı həmin qanunsuz silahlı dəstələrə və bütövlükdə Ermənistana münasibətinin mənfiyə doğru dəyişəcəyinə inanmıram. Əksinə, bugünlərdə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı postunda general-leytenant Rüstəm Muradovu əvəz edən, “Abxaziya cəlladı” adını almış general-mayor Mixail Kosobokovun bu posta gətirilməsindən sonra Rusiyanın ermənilərlə əl-ələ verərək Qarabağdakı müvəqqəti nəzarətində olan ərazilərdə daha da möhkəmlənmək istəyini müşahidə edirik. Sülhməramlıların ermənipərəst mövqeyi bundan sonra daha da güclənə bilər. Ancaq Azərbaycan nəyin bahasına olursa-olsun, 10 noyabr və 11 yanvar razılaşmalarının bütün şərtlərinin yerinə yetirilməsinə nail olmaq əzmindədir. Biz bunu Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının bugünlərdə Laçın rayonunda birgə hərbi təlimlər keçirməsindən də gördük. Başqa sözlə desək, rəsmi Bakı Ermənistanı sülhə məcbur etməyin yollarını yaxşı bilir. Elə sülhməramlılar da əvvəl-axır öz vəzifələrini gərəyincə yerinə yetirməyə məcbur olacaqlar”.
Məhəmmədəli QƏRİBLİ

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »