Seçicimin daim yanında olmaqdan qurur duyuram.

0

09-10 sentyabr tarixlərində növbəti seçici qəbulu keçirdim. İki gün ərzində 84 nəfər seçici qəbul etdim, onları narahat edən məsələləri dinlədim və özümdə qeydiyyatlar apardım. Müvafiq qurumlarla telefon əlaqəsi yaradaraq həlli mümkün olan bəzi problemləri elə yerindəcə şifahi şəkildə həll etdim.

Şəhid ailələri və qazilərin üstünlük təşkil etdiyi budəfəki qəbulda onlar ən vacib problem kimi yenə də ev təmiri, torpaq məsələlərini, həmçinin yol, müalicə problemləri ilə bağlı şikayətlərini bildirdilər.

Belə ki, şəhid qardaşı Bağırov Nemət Davud oğlu torpaq məsələsini, şəhidin oğlu Adışırinov Fikrət Yaqub oğlu müalicə ilə bağlı problemini, şəhid atası Şıxəliyev Afyəddin Adış oğlu torpaq və bulağa su çəkilməsi məsələsini, şəhid anası Quliyeva Arzu Əlifağa qızı yol problemini, şəhid atası Rzayev Ağamməd Mirxas oğlu torpaq məsələsini diqqətə çatdıraraq problemlərinin həllində köməklik istədilər.

Şəhid atası Rzayev Ağamməd Mirxas oğlu illərdir kirayədə yaşadığını, 18 yaşında şəhidlik zirvəsinə ucalmış oğlu Muradın yas mərasimini belə qardaşının evində təşkil etdiyini, ailənin Bakıda şəhid ailələri üçün tikilən evlərdən birində mənzillə təmin edilməsini və Salyan rayonunda torpaq sahəsi ilə təminatının tezləşdirilməsini aidiyyatı qurumlara çatdırmağımı xahiş etdi.

Çox təəssüf ki, torpaq məsələsini qəbulda olan qazilər də dilə gətirdilər. Onlar bu günə kimi hələ də torpaq sahəsi ilə təmin edilmədiklərini, aidiyyatı qurumlara müraciət etdikdə “torpaq yoxdur, gözləyin”, “icarədədir”, “boş torpaq yoxdur” və s. kimi formal cavablar aldıqlarını, kənd təsərrüfatı və maldarlıqla məşğul ola bilmədiklərini bildirdilər.

Qəbul zamanı vətəndaşlar yenə də işsizlik problemi ilə bağlı narazılıqlarını ifadə etdilər. Habelə rayon gənclərinin sağlam həyat tərzi sürmələri üçün heç bir şəraitin olmadığını, şəhərdə uyğun bir ərazidə, gənclərin açıq havada idman etməsi üçün idman qurğuları quraşdırılmasını, mini futbol meydançası yaradılmasını təklif olaraq irəli sürdülər. Yaşadıqları Salyan şəhəri, A.Ağabəyli küçəsinin yağıntılı havalarda keçilməz olduğunu, həmçinin işıqlandırma olmadığından axşamlar evlərinə çətinliklə getdiklərini xüsusi qeyd etdilər.

Məmurların vətəndaşa göstərdiyi münasibət, dövlət məmuruna yaraşmayan rəftarı ilə bağlı şikayətlərin olmasına isə sözün həqiqi mənasında çox təəssüfləndim.
Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın öz vətəndaşlarına göstərdikləri diqqət və qayğı, insanlara verdiyi dəyər, nümayiş etdirdikləri yüksək mədəniyyət nümunələri hər bir dövlət məmuru üçün bir mənalı şəkildə örnək olmalıdır. Vəzifəli şəxs olaraq üzərimizə düşən vəzifənin məsuliyyətini dərk etməli, vətəndaşı qəbul edərək dinləməli və problemin həlli üçün bacardığımızı əsirgəməməliyik.

Jalə Əhmədova
Milli Məclisin deputatı

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »