Həkim-Kosmetoloq Ülviyyə Məmmədovanın müsahibəsi.
– Salam, Ülviyyə xanım, xoş gördük!
– Əleykümə salam, xoş gördük, xoş gəlmisiniz!
– Xoş gününüzə gələk! Sizcə qadın kimdir?
– Qadın, Allahın yaratdığı məxluqdur, insandır, birinci növbədə.
– Bəs əsl qadın necə olmalıdır?
– Əsl qadın (gülür), qəribə sualdır, əsl qadın necə olmalıdır?
– Yəni ideal qadın necə olmalıdır?
– Ümumiyyətlə, ideal insan yoxdur, ideal qadın xəyallarımızda yaşadırıq, bəli, çox gözəl olmalıdır, çox ağıllı, bacarıqlı, hər bir çətinliyin öhdəsindən gəlməlidir. İdeal qadını biz belə düşünürük.
– Sizcə, boşanmaların səbəbi nədir və yaxud boşanmaların səbəbi kişilərdi, yoxsa qadınlar?
– Səbəbini deyim. Boşanmaların səbəbi qarşılıqlı anlaşılmazlıqdır. Yəni bir-birini başa düşmürlər. Əsas problem budur. Bir-birinin, belə deyək də, səhvinimi deyim, qüsurunumu deyim, həzm edə bilmirlər, hər iki cins. Bu da son nəticə olaraq ailələrin dağılmasına gətirib çıxarır. Təqsirkar olaraq deyə bilərəm ki, Azərbaycan cəmiyyətində boşanmalara əsas səbəbkar kişilərdir. Düzdür, demirəm ki, qadınların təqsiri yoxdur, amma əsas etibarilə kişilərdir.
– Nəyə görə kişilər?
– Ona görə ki, kişilər ailəyə qarşı soyuqqanlı olublar, ailə qarşısında məsuliyyət hissi azalıb, səmimi deyəcəm, kişilərdə şorgözlük çoxalıb (gülür)
– Səbəb nədir şorgözlüyə?
– Bu artıq kişi psixologiyası ilə bağlıdır. Çox qəribədir ki, bizim kişilər buna əyləncə kimi, stress atmaq kimi baxırlar. Normalda bunlar belə deyil, olmamalıdır. Normalda stress atmaq idmanla da ola bilər, əyləncə də eynilə, nə bilim, musiqi ilə də ola bilər, hər şeylə ola bilər. Üzr istəyirəm, əxlaqsız həyat yaşamaq o demək deyil ki, stress atır, əylənir və s.
– Ülviyyə xanım, sizcə, indi insanlar bir-birinə sevib yaxınlaşır, yoxsa onları ehtiras yaxınlaşdırır?
– Ümumiyyətlə, mən deyərdim ki, qadınların əksəriyyəti sevir. Bunu kişilər haqqında deyə bilməyəcəyəm. Çünki çox az sayda sevməyi bacaran kişi var. Qadınlar isə, beyinlə düşünmədən, ürəklə yaxınlaşırlar. Təəssüf ki, bu da sonda acı nəticəylə bitir, qadınlar özlərini aldanmış sayırlar. Lakin çox ailələrdə bu belə deyil. Bəzi ailələrin əksəriyyətində, hansı ki, boşanırlar, çox təəssüf ki, reallıq budur, qadın aldanmış olur. O ki, qaldı kişilərin sevgisinə, mən ona şəxsən inanmamışam, heç vaxt da inanmayacağam.
– Niyə?
– Mən elə düşünürəm ki, bu sırf kişi psixologiyası ilə bağlıdır. Kişilər də sevə bilir. Amma bu baş verir onların 16-17-18 yaş dönəmində, hansı ki, o dövrdə oğlanlar saf hisslərlə sevirlər. Ancaq inkişaf dönəmində, yaş keçdikcə daha çox əyləncəyə meylli olurlar, üstünlük verirlər. Sevgi hissi onlarda çox az olur. Çox az hallarda olur ki, kişi sevdiyi qadına bağlanır, evlənmir və yaxud sırf o qadınla yaşayır, evlənirsə də ömür boyu həmin qadının hörmətini saxlayır. Çox az olur belə şeylər. Bizim cəmiyyətdə demək olar ki, belə hallar 3-5% təşkil edir.
– Deyirsiniz ki, əsas etibarilə kişilər ehtirasa görə yaxınlaşır qadınlara?
– Ehtirasa görə deməzdim, söhbət cavanlardan gedirsə, təbii ki, evlənmək niyətilə qızlara yaxınlaşan oğlanlar çoxdur. Amma əyləncə niyətilə yaxınlaşan da var. Çox təəssüf ki, qız uşaqlarına da bu niyətlə baxan oğlanlarımız var. Əgər kişi, yaxud qadın ailəlidirsə, onların bir-birinə yaxınlaşması ehtirasla əlaqəlidir. Ailəli deyil, subaydırlarsa, hardasa başa düşüləndir.
– Ülviyyə xanım, seksi sevgi ilə səhv salanlara necə baxırsınız?
– Çox pis. Sevgi müqəddəs, çox ülvi hissdir. Hər kəs sevməyi bacarmır. Sevəndə təmiz hisslərlə sevmək lazımdır. Sevgi insanın özünün təmizləyir, saflaşdırır, yaxşı adam edir.
– Yəni seks olsa sevgi yaranar, yoxsa sevgi olsa seks yaranar?
– O artıq psixoloji cəhətdən asılı haldır. Elə olur ki, kişi əyləncə xatirinə yaxınlaşır, münasibətləri də yaranır, amma daha sonra aralarında güclü bağlılıq yaranır və sevgiyə çevrilir. Eynilə də qadınlarda belədir. Ola bilər ki, əvvəldə kişiyə başqa niyyətlə yaxınlaşır, amma hansısa xasiyyətini tanıyandan sonramı, yaxud hansısa üstün cəhətini görəndən sonra, münasibətləri sevgiyə çevrilə bilir. Amma o ki, seksi sevgidən üstün tutanlar, ya da dəyişik salanlar var, bu düzgün hal deyil. Əvvəla, insan seks istəyirsə, evlənməlidir, ailə həyatı qurmalıdır. Burda söhbət təkcə kişidən getmir. Hər iki cins bu istəyi varsa, ailə həyatı qurmalıdır. Allah normal insanı belə yaradıb. Buna görə bir qayda-qanun da qoyub ki, bir kişi mütləq qadınla evlənməlidir. Amma eləsi var ki, ailə qurandan sonra da özünü elə hesab edir ki, guya Herakldır, ya seks simvoldur (gülür) nədir…
– Kişi?
– Kişidən gedir söhbət. Qadınlarımız belə deyil. Bizim qadınlar demək olar ki, əkəriyyəti, 90%-i əxlaq, namus, ismətinə görə, bəlkə də dünyada birincidir. Bizim qadınlar həmişə milli mentaliteti düşünən, abır-həya gözləyən olublar. Hərçənd ki, bu günkü gündə cəmiyyətdə qadınların pis yola düşməsində səbəbkar mən kişiləri görürəm. Çox təəssüf ki, əxlaqsız qadınların sayı günü-gündən artır. Cəmiyyətimizdə nəinki qadınlar, hətta qızların da içində bu yola əl atanlar var. Bunu ehtiyacdanmı edirlər, bilmirəm nədən, ancaq cəmiyyətimiz indi çox acınacaqlı haldadır. Belə…
– Boşanmaqda ən çox əziyyət çəkən kimdi? Qadın, kişi, yoxsa uşaqlar?
– Uşaqlar.
– Niyə?
– Çünki uşaq həmişə istəyir ki, ailəsi bütöv olsun. Valideynlərinin boşanması uşağa mənəvi sarsıntı, travma olur. Boşanma zamanı nə valideynlər, nə də ətrafdakılar uşaqları fikirləşmirlər. Əsasən də valideynlərin düşünməli olduğu halda, uşaqların sonrakı taleyini fikirləşmirlər. Boşandıq, qurtardı, hərə öz həyatını yaşayır, vəssalam. Ancaq bir müddətdən sonra təbii ki, qadın maddi cəhətdən əziyyət çəkə bilər. Əgər keçmiş həyat yoldaşı maddi yardım etmirsə, yaxud özünün qazanc sahəsi yoxdursa, yaxud da qadının ailəsi ona sahib çıxmırsa… Bir qayda olaraq ailələr dağıldıqda övlad ana ilə qalır. Belə olduqda ən çox əziyyət yükünü də ana çəkir. Bunun üstünə maddi çətinlik də olarsa, qadın üçün lap çətin olur.
– Boşanmış kişi aliment ödəməklə kifayətlənməlidir?
– Səhv etmirəmsə, aliment bir uşağa 154 manat müəyyən olunub, ancaq vicdanı olan kişi, ata övladına alimentdən daha çox ödəməlidir. O düşünməlidir ki, əgər dövlət bu məbləği 154 manat təyin edibsə, bu o demək deyil ki, sözügedən məbləği uşağa ödəməklə özünün işi bitmiş olur. Ata öz övladına həm maddi, həm mənəvi dayaq olmalıdır. Boşanmaq o demək deyil ki, atdım çıxdım getdim, qurtardı hər şey. Sən anayla xasiyyətin, xarakterin düz gəlməyə bilər, hətta anaya “düşmən” kimi də baxa bilərsən. Amma bu bir faktdır ki, bunu tibb elmi də sübut edib ki, DTN analizi nəticəsində uşaq xromosomları 50% atadan, 50% anadan götürür. Atanın övlad qarşısında yetkinlik yaşınadək, özü ayaq üstə dayana bilənədək həm maddi, həm mənəvi borcu var.
– Sevginiz sizə əziyyət verib?
– Mən heç vaxt sevməmişəm!
– Bəs siz kiməsə əziyyət vermisiniz?
– Bilmirəm, ola bilər.
– Yəqin ki, arxanızca sürünənlər olub?
– İndi də var (gülür).
– Bəs siz fikirləşmirsiniz ki, onlara əziyyət verirsiniz?
– Mən axı, onlara şans, el arasında belə bir deyim var, üz verməmişəm…
– Ailəlisiniz?
– Bəli.
– Ülviyyə xanım, insanın ən çox hansı yaşda sevgiyə ehtiyacı olur?
– İnsana sevgi bütün yaşlarda lazımdır. Ümumiyyətlə, insan sevgiyə layiq məxluqdur. Biz insanlar nəinki bir-birimizi, təbiəti, heyvanları, ətraf aləmi sevməliyik. Sevgisiz insan, mən deyərdim insan deyil. Sevgisiz insandan cinayət, pislik, hər şey gözləmək olar.
– Onda belə çıxır ki, sevgisiz insan dəli kimidir?
– Dəli kimi deməzdim, ancaq sevgisiz insan normal psixologiyaya malik deyil.
– Bəs siz də deyirsiniz axı, sevmirsiz?
– Mən sevə bilməmişəm, daha doğrusu, sevgimə layiq olan insana rast gəlməmişəm. Ailə qursam belə, dədə-baba qaydasıyla ailə qurmuşam.
– İndiki zamanda elə evliliklərə necə baxırsınız?
– O cür qurulan ailələrdə anlaşılmazlıqlar çox olur.
– Bir sözlə, valideyn övladla razılaşmalıdır?
– İnsan sevib ailə qurmalıdır, mən bunun tərəfdarıyam. Şəxsən mən öz övladlarımla bağlı indidən bu haqda düşünürəm.
– Necə düşünürsünüz, bizdə də Avropa ölkələrindəki kimi, nigaha kimi 3-4 il birgə yaşayış olsa, necə olar?
– Bizdə bu psixologiyaya keçməyimiz üçün uzun müddət vaxt lazımdır. İndi hal-hazırda inanın mənə milli mentalitet birinci yerdə dayanır. Ancaq sizin dediyiniz kimi hallar da var. Uzun müddət bir yerdə yaşadıqdan sonra ailə qurmağa razılaşanlar da var. Bizdə nişanlı qalmaq müddəti var. Bu 6-7 ay müddətində insanın xarakterini yetərincə öyrənməyə imkan verir. Nə qədər gizlin saxlasa belə, istər-istəməz bir müddətdən sonra xarakterdəki çatışmazlıqlar üzə çıxır. Bir də bir məqamı qeyd edim ki, kişilər özündə məsuliyyət hiss etmirlər, ailəni dağıtmaq çoxuna asan gəlir. Ona görə də boşanmaların sayı artır. Boşanandan sonra kişilər qadınlara mal-mülk vermir, alimentin miqdarı az olduğu üçün onu ödəmək real gəliri olan kişi üçün heç bir əhəmiyyət kəsb etmir. Bizim cəmiyyətdə boşanmış kişinin məsuliyyəti az olduğu üçün boşanmaların sayı durmadan artır.
– Ülviyyə xanım, bəs ola bilərmi ki, boşanmaların bir səbəbi də cinsi zəiflik olsun? Bunu bir həkim prizmasından təhlil edin, xahiş edirəm.
– Yox, mən bir həkim kimi bu qənaətlə razı deyiləm. Axı, cinsi zəiflik hamıda yoxdur.
– Bəs nəyə görə boşanmış, dul xanımlar ən çox imkanlı və ailəli kişilərlə oturub-durmağa üstünlük verir?
– Maddi ehtiyaclarını ödəmək üçün. Boşanmış qadınlar maddi cəhətdən əziyyət çəkirlər. Ona görə də imkanlı kişilərlə, hansı ki, çox pulu var, ona hər hansı şərait qura bilər, maddi
Ülviyyə Məmmədova
– Onda belə çıxır ki, sabah pul qurtardı, münasibət də qurtaracaq?
– Əlbəttə qurtaracaq. Çünki qadın ona sevgi kimi yox, maddiyyat düşüncəsi ilə yaxınlaşmışdı.
– Bəs siz özünüz buna pis baxırsınız, yoxsa yaxşı baxırsınız, qadın kimi mövqeyinizi bildirin.
– Yaxşı baxmıram. Hər şey əvvəldən başlayır. Əgər o qadın əvvəldən təhsil almış olsaydı, hər hansı bir işin qulpundan yapışıb özünün karyerasını qurmuş olsaydı, sonra ailə qurmuş olsaydı, boşansa belə, maddiyyat xatirinə pullu kişi ilə münasibət axtarmazdı. Təəssüf ki, bizim cəmiyyətdə, əsasən kənd yerlərində 18 yaşı tamam olan kimi qızları ərə verirlər.
– Demək ki, xanımın ali təhsil alması mütləqdir?
– Mütləq! İstər qız, istər oğlan olsun, təhsil almalıdırlar. Lap əgər təhsil almasalar da, hər hansı peşəyə yiyələnməlidirlər ki, kimdənsə asılı, ehtiyaclı olmasınlar.
– Heç eşitməmisiz, rastınıza çıxmayıb ki, həmin o pullu kişilər bəzi ailələrin dağılmasına səbəb olur. Tutaq ki, ucqar kənddən gələn bir ailə şəhərə yerləşir, çox kasıb yaşayırlar və ali təhsili olmayan qadın iş axtarmağa məcburdur. O qadın əlbəttə, bir kafedə və restoranda iş tapacaq. Və məlum məsələdir ki, obyekt sahibi imkanlı kişilər pulun çoxluğundan şorgöz olurlar. Qadın restoran sahibiylə istər-istəməz münasibət yaranır və tədricən ailədə soyuqluq yaranır…
– Mən elə şeyə yaxşı baxmıram. Nəyə görə insan maddiyyata görə ailəsini dağıtmalıdır ki? O qadın kənd yerində ailəsini quranda bilirdi ki, kasıba ərə gedir və şəhərə köçəndə də iş axtarmaq üçün, pul qazanmaq üçün gəlib. Qadınlarda ümumiyyətlə belə hallara yaxşı baxmıram. Elə kişilərdə də əxlaqdan kənar, ailəli ola-ola başqasıyla intim münasibətə yaxşı baxmıram. Nə dərəcədə doğrudur axı, ailəli qadının, yaxud kişinin başqa ailəli əks cinslə münasibət qurması, əylənməsi nəyə lazımdır bu?
– Son sualımı verirəm, bilirsiniz ki, ailədə problem yaranır, boşanmayla nəticələnir. Elə ailələr var ki, ayrılanda hörmətlə, dövlətin qayda-qanunu ilə ayrılırlar, elələri də var ki, ən iyrənc şəkildə ayrılırlar. Məsələn, ikisinə aid sirrləri harda gəldi danışır, işləri polisə kimi gedir çıxır. Bir müddətdən sonra hər ikisinin, başı daşdan-daşa dəyir və ayılırlar ki, barışmaq istəyirlər. Sizcə, belə cütlüklər barışandan sonra arada hörmət olacaqmı?
– Bir şeyi deyim ki, kimlər ki, mədəni şəkildə ayrılır, onlar elə əvvəldən ailədə mədəni olublar. Onların yenidən barışmaq, ailə şəklində bir araya gəlməsi şansı var. Lakin kim ki, məhkəmə, polis, böyük skandalla ayrılıb, belə ailələrin, cütlüklərin bir araya gəlməsi heç məsləhət deyil. Çünki onlar onsuz da bir-birinə hörmət etmir və birləşsələr, yenə eyni həyatı yaşayacaqlar.
– Düz deyil elə ayrılmaq?
– Adətən məhkəmələrdə mülk davası gedir. Qadının varsa, kişi iddia edir, kişidə varsa qadın iddiaçı olur. Əsas məhkəmə davası bundan ibarət olur. Mülk üstündə boşanan kişi bir şeyi dərk etməlidir ki, qadından boşansa belə övladının anasıdır, yaxud lap övladı olmasa belə, həyat yoldaşıdır, ona nə isə düşməlidir. Əgər özü bunu başa düşmürsə, heç onunla danışmaq, yaşamaq mənasızdır. Yenə deyirəm, belə ailələrin yenidən bir araya gəlməsi məsləhət deyil.
– Səmimi müsahibəniz üçün çox sağ olun, Allah razı olsun. Mən deyərdim ki, mənim müsahiblərim arasında ən səmimi, ən dəyərli və ən çəkinməyən müsahiblərdənsiniz. Obyektiv cavablarınız üçün çox təşəkkür edirəm.
– Çox sağ olun.
\\Azerbaycanrealligi.com\\