İyirmi dörd il öncə Bakının ən qədim kəndlərindən biri olan Maştağada Mütəllimzadələr ailəsində üçüncü oğlan uşağı dünyaya göz açdı. Atanın-ananın sevinci yerə-göyə sığmadı. Sonbeşik övladın adını Ağacavad qoydular. Ağacavad öz əməli, davranışı və qoçaqlığı ilə valideynlərinin sevimlisinə çevrildi. Ağacavad 255 nömrəli orta məktəbi bitirdi. Müəllimlər və sinif yoldaşları da deyirlər ki, illər necə tez gəlib keçdi. Ağacavad sanki dünən məktəbi bitirib. Gələcəyin əsgəri daha çox fiziki hazırlıq dərslərində, həmçinin məktəb yoldaşları arasında xoş davranışı ilə yadda qalıb. Ov etmək, balıq tutmaq onun hobbisi idi.
Mütəllimzadə Ağacavad müddətli həqiqi hərbi xidmətini cəbhə bölgəsində, düşmənlə üzbəüz mürəkkəb relyefə malik ərazidə keçirmişdi. Murovdağ silsiləsində hərbi xidmət etməyin nə olduğunu hərbçilərimiz daha yaxşı bilirlər. Ağacavadın kəşfiyyat bölməsində xidmət etmək üçün komandirə müraciət etdiyini bu gün əsgər yoldaşları qürurla xatırlayırlar. Ötən il iyulun ortalarında erməni vandalları dövlət sərhədimizi pozaraq döyüş mövqelərimizi ağır artilleriya silahlarından atəşə tutaraq yeni ərazilərimizi işğal etmək istəyinə düşdülər.
Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və bir neçə hərbi qulluqçumuz şəhid oldu. O zaman xalqımızın qeyrətli, vətənpərvər igid oğulları könüllü cəbhəyə yazıldılar. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin gənclərə müraciətindən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə döyüşə getmək üçün minlərlə gənc üz tutdu. Onlardan biri də Ağacavad idi. Vətən övladlarının bir amalı, bir məqsədi vardı; o da 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad etmək idi. Düşmən ötən il sentyabrın 27-də yenidən mövqelərimiz üzərinə hücuma keçdi. Ordumuz erməni qəsbkarlarının hücumunun qarşısını mətinliklə aldı.
Müzəffər Ali Baş Komandanın əks-hücum əmri ilə ordu birləşmələrimiz hərəkətə keçdi. İlk əks-hücumla düşmənin əsas mövqelərinə ağır zərbələr endirildi. Dəqiq atəş zərbələri nəticəsində xeyli erməni məhv edildi. Döyüşdə üstünlüyü ələ alan hərbçilərimiz doğma torpaqlarımızı azad etməyə başladılar. 44 gün davam edən müharibənin ilk günündə Mütəllimzadə Ağacavad Ələsgər oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinə gələrək könüllü cəbhəyə yola düşdü. İlk döyüş yolu Füzulidən başladı Ağacavadın. Cəbrayılın, Zəngilanın, Xocavəndin və başqa yaşayış məntəqələrimizin ermənilərdən azad edilməsi uğrunda qətiyyətlə döyüşdü.
Ağacavadın son döyüşü oktyabrın 22-də Xocavənd yaxınlığında “Ziyarət dağ” adlanan yüksəklik uğrunda oldu. Düşmən snayperi igid döyüşçümüzün həyatını yarıda qoydu. Yüksək döyüş bacarığı ilə silahdaşlarının rəğbətini qazanan Ağacavad təkcə Mütəllimzadələr ailəsinin deyil, şərəfli ölümü ilə xalqın övladı oldu. Xalq öz dəyərli övladlarını hər zaman xatırlayır
Şəhid Ağacavad Ələsgər oğlu Mütəllimzadə döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Zəngilanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Avqustun 14-də səhər saatlarında Maştağa qəsəbəsində Mütəllimzadələrin evinin qarşısında bir canlanma vardı. Müdafiə Nazirliyinin əməkdaşlarının, kənd icra nümayəndəsinin, məktəb rəhbərliyinin və ictimaiyyətin iştirakı ilə şəhidin doğum günündə xatirə bulağının açılışı oldu. Şəhid bulağının açılış mərasimində çıxış edən Ağacavad Mütəllimzadənin anası Nailə xanım oğlunun xatirəsini əziz tutduqlarına görə hər kəsə dərin təşəkkür etdi. Qeyd etdi ki, bir ana kimi onun üçün oğul itkisi çox ağırdı.
“Ağacavad uşaqlıqdan istiqanlı olub. O, tez-tez ana kimi məni çox istədiyini deyirdi. Sonda məlum oldu ki, Ağacavad Vətəni məndən də çox sevirmiş”.
Atası Ələsgər Ağacavadı cəbhəyə yola salanda xeyir-dua verib. Atanın oğula son öyüdü də bu olub; sinəni qoyub, kürəyini düşmənə çevirmə oğul! Əli qabarlı, zəhmətkeş ata şəhid övladının xatirəsini əziz tutanların hər birinə dərin təşəkkür etdi. Polkovnik-leytenant Elmar Zeynalabdinov çıxışına Müdafiə naziri general-polkovnik Zakir Həsənovun şəhidlərimizə olan son dərəcə böyük ehtiramını bildirməklə başladı.
“Hər bir şəhid bizim üçün əzizdir, həmçinin Ağacavad sonuncu döyüşü ilə bizə özünü daha da sevdirdi”.
Zabit Ağacavadı şəxsən tanıdığını, cəsur kəşfiyyatçı olduğunu bildirdi. Onun keçdiyi döyüş yolu qısa lakin, uğurları ilə zəngin olub. “Biz Ağacavad kimi cəsur döyüşçülərimizin sayəsində 30 ilə yaxın erməni işğalı altında qalan torpaqlarımızı 44 gün ərzində azad etdik”. 255 nömrəli orta məktəbin direktoru Mətanət Məmmədova, Şəhid bulağının təşəbbüskarı Vəfa Rzayeva, Ağacavadın döyüşçü yoldaşları Novruz Əliyev, Rüstəm Əliyev və başqaları şəhidin qısa, lakin mənalı həyatından söz açdılar.
Tədbirin sonunda 255 nömrəli orta məktəbin şagirdləri vətənpərvərlik ruhunda şeirlər dedilər. Sonra qonaqlar şəhidin əşyaları toplanmış otaqla tanış oldular.
Bəxtiyar ƏLİYEV “Azərbaycan Ordusu”
İctimairey.az