Suriyada Əsəd hakimiyyətinin süqutunun hamıdan çox məhz erməniləri narahat etməsi həqiqətən də böyük maraq doğurur. Ermənistanın ənənəvi müttəfiqləri olmuş Rusiya və İranın Suriyadakı proseslərdə zəiflik göstərməsi bir çox ermənilərdə belə bir təəssürat formalaşdırıb ki, Ermənistanın daimi etibarlı və güclü müttəfiqi yoxdur. Və onlar düşünürlər ki, nə vaxtsa Ermənistan da Suriyanın aqibətini yaşaya bilər.
Erməni ekspertlər Suriyadakı hadisələr fonunda təşvişə düşərək, Ermənistanın Suriyaya çevriləcəyi ilə bağlı müxtəlif proqnozlar verirlər. Ermənistanın Suriyanın taleyini yaşayacağına dair proqnozları indi əksər erməni analitiklərinin şərhlərindən də görmək mümkündür. Suriya ilə Ermənistan arasında həqiqətən də bir bənzərliyin olduğunu deyən və İrəvanın Dəməşqin taleyini yaşayacağı ilə bağlı proqnozlar verən sözügedən ekspertlər, əslində, dolayısı yolla etiraf edirlər ki, Ermənistan yanlış siyasət yürüdür.
Ancaq Ermənistanın Suriyanın aqibətini yaşamaq ehtimalı daxili amillərdən yox, bu ölkənin öz qonşularına qarşı ərazi iddialarından hələ də əl çəkməməsindən qaynaqlana bilər. Ermənistan konstitusiyasının istinad etdiyi Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer alması son nəticədə Ermənistan dövlətinin özünün varlığını təhlükə altında qoyur. İrqçiliyin və ultramillətçiliyin təbliğat yuvasına çevrilmiş erməni kilsəsinin ortaya atdığı “miatsum”, “böyük ermənistan” kimi təcavüzkar, ekspansionist ideyalar Ermənistanın özü üçün ekzistensial təhlükələr yaradır.
Eləcə də rəsmi İrəvanın Zəngəzur dəhlizinin açılmasını İranın, Fransanın təhriki ilə əngəllləməsi və Fransa başda olmaqla bir sıra ölkələrin fəal şəkildə Ermənistanı silahlandırması da bu ölkənin “ikinci Suriya”ya çevrilməsi ehtimalını artırır. Ermənistanı silahlandıranlar onun “ikinci Suriya”ya çevrilməsinə şərait yaradırlar. Onlar Ermənistanı öz geosiyasi maraqları üçün silahlandırırlar. Lakin bu silahların bir qismi günün birində Ermənistan müxalifətinin də əlinə keçə bilər. Suriyada olduğu kimi Ermənistanda da hakimiyyəti silahlı müqavimət yoluyla dəyişmək istəyən revanşist qüvvələr çoxdur. Onların məqsədi Ermənistan-Azərbaycan normallaşma prosesini dayandırmaq və Ermənistanı yenidən işğalçı ölkə xəttinə qaytarmaqdır.
Bütün bunlar heç şübhəsiz ki, Ermənistanın “ikinci Suriya”ya çevrilməsi üçün potensial zəmin yaradır. Ona görə də, erməni təhlilçilər Suriyada Əsəd rejiminin devrilməsinə görə isterikaya düşüb, Türkiyə və Azərbaycanın əleyhinə sərsəm fikirlər səsləndirməkdənsə, sülh prosesinin sürətlənməsinə dəstək verməlidirlər. Ermənistanı Suriyanın durumuna düşməkdən yalnız real sülh prosesi xilas edə bilər.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.