Mövlud Çavuşoğlu Bakıdan beynəlxalq birliyə səsləndi: Azərbaycanın yanındayıq!

“Beynəlxalq birlik Azərbaycan xalqının məruz qaldığı bu zülmə səssiz qalıb, təəssüf ki, bu zülmü edənə dəstək olub. Biz isə hər zaman ədalətin qalib gələcəyinə inandıq. Can Azərbaycan Vətən müharibəsində qələbə qazandı. Türkiyə hər zaman Azərbaycanın yanında oldu. Təkcə qardaşımız olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındayıq”.

Musavat.com xəbər verir ki, bu fikirləri Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.

M.Çavuşoğlu qeyd edib ki, Qərbi Azərbaycan İcmasının fəaliyyəti beynəlxalq hüquqa tam uyğundur:

“Bu, torpaq deyil, insan haqları məsələsidir. Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşılsa da, rəsmi İrəvan səmimi müraciətlərə hələ də cavab vermir. Ermənistanın Qarabağı işğal etməsi böyük ağrılara səbəb olub. Bir milyondan çox azərbaycanlı yurd-yuvalarından didərgin düşüb. Onların doğma torpaqlarına qayıtması təmin olunmalıdır. Ermənistanın UNESCO-nun missiyasına icazə verməməsi də ayrıca təəssüf doğurur. Biz həmişə ədalətin qalib gələcəyinə inandıq, nəticədə Azərbaycan suverenliyini tam təmin etdi. Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdə bu gün təmizləmə işləri aparılır və bərpa-quruculuq fəaliyyəti həyata keçirilir”.

Comments are closed.

Tərcümə »