Rəsmi Bakının öncədən xəbərdarlıqlarına baxmayaraq, Polşa prezidenti Anjey Dudanın İrəvana səfəri çərçivəsində Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, o cümlədən hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyası ilə birlikdə Azərbaycan əleyhinə təbliğatda iştirak etməsi sözsüz ki, hər birimizdə dərin təəssüf hissi doğurur. Çünki Polşa ilə, polyak xalqı ilə münasibətlərimiz tarixən həmişə yaxşı olub. Bu kontekstdə, Anjey Dudanın Aİ-nin və Ermənistanın avantürasına qoşulması olduqca xoşagəlməz haldır.
Bu, Azərbaycana münasibətdə açıq-aşkar təxribatdır. Polşa prezidenti də bunun təxribat olduğunu bilməliydi. Çünki o, dövlət başçısıdır, sıradan bir səyyah və ya bloger deyil. Anjey Duda onu da bilməliydi ki, Aİ-nin Ermənistandakı dırnaqarası “mülki” missiyası regional sabitliyə və Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək əvəzinə, mütəmadi təxribatlarla məşğul olur və Azərbaycan əleyhinə “dəyənək” kimi, təzyiq vasitəsi kimi istifadə edilir. Bir sözlə, keçmiş hərbçilərdən, polislərdən və kəşfiyyatçılardan formalaşdırılmış bu saxta “mülki” müşahidə missiyası bəyan edilmiş məqsədlərinə zidd istiqamətdə fəaliyyət göstərir. Ona görə də, Polşa lideri Aİ müşahidəçilərinin sözügedən “binokl şousu”na qoşulmamalıydı.
A.Dudanın təxribatçı hərəkəti şübhəsiz ki, Azərbaycan-Polşa münasibətlərinə ziyan vuracaq bir addımdır. Bu baxımdan, Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilonun Xarici İşlər Nazirliyinə (XİN) çağırılması və Anjey Dudanın Avropa İttifaqının Ermənistandakı Missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilməsi düzgün addımdır. Polşa tərəfinə xəbərdarlıq edilməsi rəsmi Varşavanı gələcəkdə Azərbaycanın legitim təhlükəsizlik maraqlarına mənfi təsir edəcək bu kimi addımlardan çəkinməyin zəruri olduğunun diqqətə çatdırılmasına hesablanıb.
Bu o deməkdir ki, Polşa lideri ehtiyatsız adımlardan çəkinməli, öz hərəkətlərinə çəki-düzən verməlidir. Erməni “xor”una qoşulmaq Polşanın özü üçün zərərlidir. Aydındır ki, Polşa ilə Azərbaycan arasında münasibətlərin korlanması üçüncü qüvvələrin maraqlarına xidmət edir. Polşa rəhbərliyi bu amili nəzərə almalı və mövqeyini korrektə etməlidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.