Misirin İsgəndəriyyə Kitabxanasında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib

0

Azərbaycanın Misirdəki səfirliyi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə silsilə tədbirlər təşkil edir. Misirin dünyaca məşhur İsgəndəriyyə Kitabxanasında keçirilən növbəti tədbirdə ölkəmizin Misirdəki səfiri Tural Rzayev, İsgəndəriyyə Kitabxanasının direktoru Mustafa Əl Fəki, diplomatlarımız, kitabxananın əməkdaşları, diaspor təşkilatının nümayəndələri və jurnalistlər iştirak ediblər.
İctimairey.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir iştirakçıları Nizami Gəncəvinin İsgəndəriyyə Kitabxanasındakı büstünün önünə gül dəstələri qoyublar.
Səfir T.Rzayev Azərbaycanın və Şərqin dahi şair və mütəfəkkirinin zəngin irsi barədə ətraflı məlumat verib. O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib. Diplomatımız, həmçinin Azərbaycanın mədəni irsi, coğrafi mövqeyi, Yaxın Şərq ölkələri, o cümlədən Misir ilə əlaqələrindən bəhs edib.
İsgəndəriyyə Kitabxanasının direktoru Mustafa əl Fəki bildirib ki, Misir və Azərbaycan xalqlarını ortaq mədəniyyət, din və dostluq əlaqələri birləşdirir. O diqqətə çatdırıb ki, Nizami Gəncəvi Şərqin dahi şəxsiyyətlərindən biridir. Onun büstünün İslam aləminin klassikləri və görkəmli alimləri ilə yanaşı kitabxanada qoyulması bunun bariz nümunəsidir.
Misirdə fəaliyyət göstərən “Vətənpərvər” Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirov Misir və Azərbaycanın ortaq tarixi və mədəni irsi ilə bağlı ərəb mənbələrində olan faktlar barədə məlumat verib. O qeyd edib ki, Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində Misirin adı çəkilir. Həmçinin böyük sərkərdə, Misir sultanı Səlahəddin Əyyubinin də Azərbaycandan olduğu ərəb mənbələrində göstərilib.
Tədbirdə Misir və Azərbaycan kitabxanalarının əməkdaşlığının daha da güclənməsinin, hər iki ölkənin tədqiqatçıları arasında birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Sonda səfir T.Rzayev Nizaminin “Leyli və Məcnun” poemasından fraqmentin təsviri olan suveniri və Azərbaycan haqqında ərəb dilində nəşr edilmiş kitabları İsgəndəriyyə Kitabxanasına hədiyyə edib.
Oqtay Bayramov İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »