Daşınmaz əmlak sahəsində problemdən biri yeni tikililərdə idarəetmənin təşkilidir. Bina istismara verildikdən sonra təsərrüfat işlərinin həyata keçirilməsi, adətən, MTK-ların təyin etdiyi komendantlara həvalə olunur. Bu zaman müxtəlif xərclərlə bağlı sakinlər, əsasən, məbləğdən şikayətlənirlər.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, qanunvericilikdə binalaırn idarəetmə üsulları ilə bağlı konkret qaydalar var:
“Binanın idarəetmə üsulları göstərilib. Onlardan biri mülkiyyətçiləri tərəfindən birgə idarəetmə formasıdır. Bu mənzil mülkiyyətçilərinin müştərək cəmiyyət yaratması, yaxud kollektiv idarəetmə formasında həyata keçirilə bilər. Hətta Azərbaycanda 200-ə yaxın müştərək cəmiyyəti yaradılıb da. Sadəcə tikinti şirkətləri qanunun tələbləri pozaraq, vətəndaşların öz mülkiyyətlərində olan çoxmənzilli binaları idaretmə imkanlarını məhdudlaşdırırlar”.
Ekspert qeyd edib ki, sakinlərin özünüidarə təşəbbüslərinə qarşı törətdiyi əngəllərə görə MTK-lar inzibati məsuliyyət daşıyır:
“Bu istiqamətdə müvafiq dövlət qurumları ciddi işlər görməlidir. Sözügedən məsələ ilə bağlı hansısa formada tənzimləmə aparılmalıdır. Əvvəl İqtisadiyyat Nazirliyində Kommunal Təsərrüfat şöbəsi var idi və bu işlə o məşğul olurdu. Amma sonralar şöbə ləğv olundu. İndi isə təəssüf ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması təcrübəsi də çətin və problemli məsələyə çevrilib. Yəni mülki qanunvericiliyə əsasən, mənzil tikinti koorperativi binanın inşasını başa çatdırıbsa, 1 ay müddətində binanı təhvil verib çıxmalıdır. Lakin MTK-lar qanunvericiliyi qanunu pozurlar.
İnzibati Xətalar Məcəlləsində mənzil idarəetməsinin yaradılmasına törədilən maneələrə görə MTK-lara və onun rəhbər şəxslərinə çox böyük məbləğdə cərimələr nəzərdə tutulur”.