Karyerasını başa vurmuş dünya futbolunun ulduzlarından Məsut Özil Bakıya gəlib.
Səfərin təşkilatçısı “Qarabağ” Futbol Klubudur.
Klubun bununla bağlı yaydığı açıqlamada bildirilir:
“Dəyərli azarkeşlərimiz!
Adını futbol tarixinə qızıl hərflərlə yazdırmış Mesut Özil qonağımız olacaq!
Komandamızın açıq məşqinin ardından dünya futbolunun sevilən ulduzu gənc futbolçularımızla əyləncəli oyunda üz-üzə gələcək! Bu maraqlı şounu qaçırmayın!
Sürprizlərlə və hədiyyələrlə zəngin futbol axşamı sizi gözləyir!
Tədbir oktyabrın 11-i, saat 16:30-da “Azersun Arena”da başlayacaq.
Giriş sərbəstdir. “Qarabağ” bütün futbolsevərləri stadionununa dəvət edib.
Ağdam klubunun futbol akademiyasının baş koordinatoru Aftandil Hacıyev Almaniya millisinin türk kökənli sabiq yarımmüdafiəçisinin Azərbaycana səfəriylə bağlı Sportinfo.az-a açıqlama verib:
“Bu, çox yaxşı təşəbbüsdür. Belə bir ulduz futbolçunun ölkəmizə, xüsusilə bizim kluba gəlməsi mühüm hadisədir.
Akademiyamızda futbolun sirlərini öyrənən uşaq və yeniyetmələrin, o cümlədən, gənclərin Özillə görüşməsi, onunla söhbətləşməsi çox faydalıdır.
Bu səviyyədə məşhur futbolçular Azərbaycana nadir hallarda gəlir. Tədbirdə akademiyamızın bütün məşqçi heyəti iştirak eləyəcək.
İstərdik ki, gələcəkdə digər tanınmış futbol adamlarını da Azərbaycanda görək. Belə təqdimatların davamlı olması arzumuzdur.
Nəinki “Qarabağ”ın, digər klublarımızın da bu və ya fərqli formada ulduz futbğolçuları ölkəmizə dəvət etməsinə yaxşı baxırıq”.