Məşhur erməni əsilli tarixçi Corc Burnutyan etiraf edir ki, Rusiya imperiyasının nəzarətinə keçənədək, indiki Ermənistan Respublikasının yerləşdiyi ərazidə yaşayan əhalinin mütləq əksəriyyəti qeyri-erməni, əsas etibarilə Azərbaycan türkləri olub.
Digər erməni tarixçisi Ronald Qriqor Suni bir qədər də irəli gedərək, İrəvan şəhərinin bir zamanlar müsəlman bölgəsi olduğunu etiraf edir. Vəziyyət XIX əsrdən etibarən dəyişməyə başlayır. Qonşu dövlətlərdən durmadan davam edən erməni köçləri, aborigen əhalinin sistematik olaraq soyqırıma məruz qalması, bölgədəki demoqrafik göstəricilərin dəyişməsi ilə nəticələnib. Azərbaycan türklərinin qədim torpaqlarından biri olan tarixi Zəngəzur vilayətində əhalinin etnik tərkibinə bu prizmadan yanaşılmalıdır.
XIX əsrin əvvəllərində əhalisinin mütləq əksəriyyəti Azərbaycan türklərindən ibarət olan Zəngəzur vilayəti ermənilər tərəfindən şiddətli miqrasiyaya məruz qalan bölgələrimizdən biri olub. Təəssüf ki, 1897-ci ilə qədər Rusiya imperiyası burada təfsilatlı siyahıyaalmalar həyata keçirməyib. 1897-ci il statistikasına görə belə, 1868-ci ildən etibarən rəsmi olaraq qəza (uyezd) adlandırılan bölgədə etnik nisbət Azərbaycan türklərinin (71.206 nəfər) ) xeyrinə olub. 1918-ci ildə isə vəziyyət tamamilə dəyişib. Quldur Andranik Ozanyanın başçılığı ilə Osmanlıya qarşı üsyan qaldırıb məğlub olmuş 30 min erməni Zəngəzura gətirilir. Buna qədər isə bölgənin əliyalın yerli əhalisi sistemli etnik təmizləməyə məruz qalır, ya öldürülür, ya da bölgəni tərk etməyə məcbur olur.
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqatlar Komitəsinin üzvü N.Mixaylov 1918-ci il ərzində Zəngəzur qəzasında törədilmiş etnik təmizləmənin təhqiqatı əsasında hazırladığı məruzədə dağıdılmış və məhv edilmiş 115 kəndin adını öz hesabatında göstərib. Tək 1919-1920-ci illərdə 50 min nəfər Zəngəzurdan qaçaraq Cəbrayıl, Şuşa və Cavanşir qəzalarında özlərinə sığınacaq tapıblar. Minlərlə insanın bəxti gətirməyib – onlar ermənilər tərəfindən vəhşicəsinə qətlə yetiriliblər.
Ermənilərin bu soyqırımı və deportasiya siyasətini sübut edən tarixi materiallar bu gün Azərbaycan Respublikası Milli Arxiv İdarəsində qorunan Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində, Türkiyə Cumhuriyyətinin “Genelkurmay Askeri Tarih ve Stratejik Etüt Başkanlığı Arşivi”, “Başbakanlık Osmanlı Arşivi” və Almaniya Federativ Respublikasının Berlin şəhərindəki “Almaniya Xarici İşlər Nazirliyinin Siyasi arxivi”nin (Politischen Archiv den Auswätrigen) müxtəlif fondlarında qorunub saxlanılır. Bu sənədləri incələdikdən sonra 1917-ci ildə Zəngəzurda 123.085 (bu say etibarilə çoxluq Azərbaycan türklərinə məxsus olub) Azərbaycan türkünün yaşamasına baxmayaraq, 1926-cı ildə onların sayının 5 min belə olmamasının səbəbi və soyqırımın miqyası başa düşülür. 9 il il ərzində 25 dəfədən belə çox azalmanın məntiqi etnik təmizləmə və soyqırımından başqa nə ola bilər?
Bu soyqırımı təkcə insanlara qarşı deyil, tarixi abidələrə, yer adlarına qarşı da törədilib. Təəccüblü deyil ki, Zəngəzur bölgəsində əsrlərlə Azərbaycan türklərinin yaşamasına baxmayaraq, orada faktiki olaraq bunu xatırladan nə bir maddi abidə, nə də yer adı qalmayıb.
(Materialı Ege Universitetinin doktorantı Qulamhüseyin Məmmədov təqdim edib)
Millət Vəkili Elnur Allahverdiyev.
İctimairey.az