Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi olub.
Hadisə Kəlbəcər rayon Qamışlı kəndində qeydə alınıb.
Belə ki, yük avtomobilinin aşması nəticəsində bir nəfər ölüb, daha bir nəfər ağır bədən xəsarəti alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan “Report”un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Kəlbəcər rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.
“Polis əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar zamanı məlum olub ki, Daşkəsən rayon sakini, 1989-cu il təvəllüdlü N. Qasımov “Hovo” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini dərəyə aşırıb. Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişin, Daşkəsən rayon sakini, 1992-ci il təvəllüdlü İ. Qasımov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib”.
Faktla bağlı araşdırmalar davam etdirilir.