Bakı, Ankara və Moskva Qərbin Ermənistanı region ölkələrinə qarşı plasdarma çevirmək cəhdlərini önləmək üçün birgə həll yollarını müəyyən etməlidirlər

0

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərinin məqsəd və nəticələri dünya və ölkə mediası, həmçinin beyin mərkəzləri tərəfindən geniş müzakirə olunur. Çünki bu səfər təkcə iki ölkənin dialoqunda yeni səhifə açmaqla məhdudlaşmır. Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyət bütün regiondakı proseslərə köklü təsir göstərir. Bu məqamı Azərbaycan Prezidenti İlham Əliyev də Vladimir Putinlə birlikdə mətbuata bəyanatla çıxış edərkən vurğuladı. Ötən ilin sentyabrında lokal antiterror əməliyyatından sonra regionda tamamilə yeni şərait yarandığını qeyd edən dövlətimizin başçısı bildirdi ki, regionda sabitlik və təhlükəsizlik əsas etibarilə Rusiya-Azərbaycan münasibətlərindən asılıdır: “Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır”.

Daha açıq desək, bu gün Cənubi Qafqazdakı proseslərin gedişatı Ermənistanın Qərblə yaxınlaşmaq cəhdlərindən və ABŞ-ın, Fransanın, Avropa İttifaqının, Hindistanın, İranın Ermənistanı silahlandırmasından yox, Azərbaycanın Türkiyə və Rusiya ilə qurduğu regional təhlükəsizlik münasibətlərindən asılıdır. Müşahidələr də onu göstərir ki, dünyada yaşanan son geosiyasi dəyişikliklərdən asılı olmayaraq və Ermənistan-Rusiya münasibətlərində ziddiyətlərin ortaya çıxmasına baxmayaraq Rusiyanın Cənubi Qafqazdan geri çəkilmək, buradakı maraqlarından imtina etmək niyyəti yoxdur. Bunu Putinin Bakıda mətbuata bəyanatı zamanı səsləndirdiyi “Rusiyanın son bir neçə ildə Cənubi Qafqazdakı vəziyyətə tarixən cəlb olunması bizə bu hadisələrdə iştirak etmək zərurətini diktə edir” mesajı da təsdiqləyir. Rusiya liderinin bu mesajı birbaşa Ermənistana və onun havadarlarına ünvanlanıb.

Putinin bu bəyanatı Ermənistanda da geniş müzakirələrə səbəb olub. Ermənilər Rusiya və Azərbaycanın strateji müttəfiqlik münasibətlərindən ciddi şəkildə narahatlıq hissi keçirir. Rolların və mövqelərin dəyişməsi, Rusiyanın Ermənistana etimadını itirməsi, Azərbaycanla sıx əməkdaşlığa önəm verməsi İrəvanda təşviş doğurur. Bu mənada Putinin 6 illik aradan sonra Bakıya səfəri zamanı İlham Əliyevlə apardığı danışıqlarda Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələlərini, eləcə də aktual beynəlxalq və regional problemləri müzakirə etməsinin İrəvanda diqqətlə izlənilməsi heç də təsadüfi deyil.

Əliyev-Putin danışıqlarının spektri, əhatə dairəsi həqiqətən də kifayət qədər geniş və aktual idi. Vladimir Putin İlham Əliyevlə keçirilən geniş tərkibli görüşdə bildirdi ki, “Bakıda prioritet xarakter daşıyan bir sıra məsələləri müzakirə etməyə nail olduq”. O, geniştərkibli görüşdə Rusiya hökumətinin demək olar ki, tam tərkibdə təmsil olunduğunu söylədi və 10 gün bundan qabaq hökumətlərarası komissiyanın iclasının Bakıda keçirildiyini, komissiyanın iki ölkə arasında münasibətlərin inkişafını və əldə olunan razılıqların tam həcmdə icra olunduğunu qeyd etdi.

“Belə geniş tərkibdə iş yaxın perspektivdə və gələcəkdə addımlarımızı müəyyən etməyə imkan verir. Biz məhdud tərkibli görüşdə prioritet xarakter daşıyan bir sıra məsələləri müzakirə etməyə nail olduq. Biz hələ müvafiq sənədləri imzalamalıyıq. Həmkarlarımızın, eləcə də bizim qeyri-formal şəraitdə dünən söhbət etmək imkanı olub. Bu gün də onlar öz aralarında danışa və yaxın perspektivdə addımları müəyyən edə biləcəklər”, – Putin qeyd edib. İki ölkə lideri arasında həm məhdud formatda, həm də geniş tərkibdə aparılan müzakirələrin nəticəsi olaraq Azərbaycanla Rusiya arasında bir sıra mühüm sənədlər imzalandı. Bu baxımdan liderlər səviyyəsində aparılan danışıqları həqiqətən də hər iki ölkə üçün səmərəli hesab etmək olar.

Azərbaycanın ərazisindən keçən “Şimal-Cənub” dəhlizi daxil olmaqla nəqliyyat-logistika infrastrukturu ilə bağlı görülən işlər, 2025-ci ilin yanvarından Rusiya qazının Azərbaycan vasitəsilə Avropaya çatdırılması imkanları, habelə Qərbin Ermənistanda möhkəmlənməsi fonunda regional təhlükəsizlik amili də heç şübhəsiz ki, səfər çərçivəsində müzakirə olunan əsas məsələlər arasında olub. Qərbin Cənubi Qafqaza müdaxiləsinin əsas müzakirə mövzularından biri olması tamamilə təbiidir. Çünki biz görürük ki, Qərb dövlətləri Cənubi Qafqaza necə fəal şəkildə müdaxilə etməyə çalışırlar. Ermənistanın havadarları bu ölkəni həm Azərbaycana, həm Türkiyəyə, həm də Rusiyaya qarşı silahlandırırlar. Ona görə də Bakı, Ankara və Moskva Qərbin Ermənistanı region ölkələrinə qarşı plasdarma çevirmək cəhdlərini önləmək üçün birgə həll yollarını müəyyən etməlidirlər. Bu kontekstdə sözügedən məsələnin Əliyev-Putin gündəliyində və gündəmində olması anlaşılandır.

Putinin Azərbaycana hazırkı dövlət səfərinin nəticələri və əldə olunan razılşmalar onu göstərir ki, Bakı və Moskva istənilən məsələlər üzrə ortaq məxrəci tapmaq imkanlarına malikdir. Düzdür, əvvəllər bizim Rusiya ilə münasibətlərimiz heç də həmişə hamar olmayıb. Xüsusən də keçən ilin 19-20 sentyabrında Ordumuzun uğurla həyata keçirdiyi lokal antiterror əməliyyatına qədər Rusiya ilə aramızda zaman-zaman hansısa ziddiyətlər ortaya çıxırdı. Lakin Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra Rusiya ilə münasibətlərimiz tam olaraq normal məcraya yönəlib. Prezident İlham Əliyevin bəyanatlarından birində qeyd etdiyi kimi bizim Rusiya ilə həll olunmalı heç bir məsələmiz yoxdur. Ötən gün Putinlə birlikdə mətbuata bəyanat verərkən də dövlətimizin başçısı bir daha qeyd etdi ki, ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir.

Bu səfərin nəticələri Rusiya lideri üçün olduqca vacib idi. Ekspertlərdən birinin vurğuladığı kimi Putinin Bakıya səfərinin əsas məqsədi Azərbaycan kimi strateji tərəfdaş və müttəfiqin Rusiya üçün əhəmiyyətini vurğulamaq idi. Rusiya üçün bu kritik günlərdə (xüsusən də Kurskda baş verən proseslər fonunda) Putinin Bakıya səfər etmək qərarına gəlməsi gündəmdəki aktual məsələlərlə bağlı Azərbaycanın mövqeyinin, şəxsən İlham Əliyevin fikirlərinin onun üçün nə qədər önəmli olduğunu göstərir. Kreml rəhbərinin qeyd etdiyi kimi Cənubi Qafqazda sabitlik bütün dövlətlərin və region xalqlarının köklü maraqlarına tam cavab verir. Sabitliyə nail olmaq üçün isə Bakı ilə Moskvanın çevik əməkdaşlığı həlledici rol oynaya bilər. İndi bütün region ölkələri, o cümlədən Ermənistan da “3+3” formatının bərpası üçün çalışmalıdır. Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasının açarı Qərbdə yox, regionun özündədir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »