Azərbaycanın İranı və İsraili mümkün toqquşmalardan çəkindirmək üçün potensialı var

0

Qəzzada davam edən humanitar fəlakətlə eyni zamanda, həm İsrail-Livan qarşıdurmasının, həm də HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin ölümünə cavab olaraq İranın İsrailə qarşı zərbə hazırlıqlarını davam etdirməsi nəinki Yaxın və Orta Şərqdə, həmçinin Cənubi Qafqazda da təhlükəsizlik və sabitlik üçün ciddi təhdidlər yaratmaqdadır. Bütün region hal-hazırda hər an partlamağa hazır olan “barıt çəlləyi”ni xatırladır. Bu kontekstdə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun əvvəlcə Tehrana, daha sonra isə Bakıya səfər etməsi və hər iki ölkənin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirməsi xüsusilə maraq doğurur.

Prezident İlham Əliyev Sergey Şoyqu ilə görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün də bir nümunə olduğunu deyib və bunu Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi dəyərləndirib. Sergey Şoyqu da ölkələrimiz arasında regional təhlükəsizlik, hərbi-texniki, nəqliyyat, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Göründüyü kimi hazırda hər iki ölkənin gündəliyində regional təhlükəsizlik məsələsi mühüm amil kimi önə çıxır. Çünki Azərbaycan da, Rusiya da qonşularımızın, o cümlədən İranın indiki kritik məqamda regional müharibəyə sürüklənməsini istəmir.

İran və İsrail arasında böyük müharibənin başlanması Azərbaycan üçün də, Rusiya üçün də həm iqtisadi, həm nəqliyyat, həm də humanitar müstəvidə ciddi problemlər ortaya çıxara bilər. Qaçqın axınından tutmuş, beynəlxalq yükdaşımalara qədər bütün sahələrdə böhranlı durumla üzləşmək təhlükəsi qaçılmazdır. Bu mənada Yaxın Şərqdə proseslərin getdikcə daha dramatik şəkil alması region ölkələrinin heç birinin maraqlarına uyğun deyil. Regional müharibə bütün logistikanı, tranzit xəttlərini iflic duruma gətirə bilər. Ona görə də praqmatik siyasət yürüdən ölkələr regionda sülhün və əməkdaşlığın hökm sürməsi üçün səylərini birləşdirməlidirlər.

Rusiya tərəfi İran-İsrail qarşıdurmasının Cənubi Qafqaza və Şimal-Cənub dəhlizinə mümkün təsirlərini də rəsmi Bakı ilə birgə nəzərdən keçirir. Şoyqunun Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirələr aparması eyni zamanda rəsmi Bakının son gəlişmələr fonunda regional təhlükəsizliklə bağlı mövqeyini öyrənməyə xidmət edir. Azərbaycanın mövqeyi isə hazırkı məqamda ilk növbədə tərəfsizlik, neytrallıq prinsipinə əsaslanır. Çünki bu müharibə Azərbaycanı böyük fəsadlarla üz-üzə qoya bilər. Ona görə də ən optimal çıxış yolu müharibənin mümkün təsirlərindən qorunmaqdır. Müharibənin mümkün təsirlərindən qorunmağın ən yaxşı yolu isə onun qarşısını almaq üçün regional aktorlarla səyləri birləşdirməkdir. Azərbaycanın İranı və İsraili mümkün toqquşmalardan çəkindirmək üçün potensialı var. Rəsmi Bakı tərəflər arasında vasitəçilik də edə bilər. Ümid edək ki, müharibə təhlükəsini önləmək, tərəfləri barışa sövq etmək mümkün olacaq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »