Avqustun 6-da Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan İndoneziya Respublikası Parlamentinin Nümayəndələr Palatasının İnzibati işlər komitəsinin sədr müavini Nasril Baharın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İctimai Rəy bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.
Qonaqları Milli Məclisin sədri Sahibə Qafarova adından səmimi salamlayan Aparat rəhbəri, iki ölkə arasında əlaqələrin tarixi barədə danışıb, münasibətlərin gələcək perspektivlərinə dair fikirlərini səsləndirib.
Görüş zamanı qonaqlara Milli Məclisin və onun Aparatının strukturu, qanunvericilik prosesi, partiyaların təmsilçiliyi, həmçinin parlament diplomatiyasının gücləndirilməsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.
Aparat rəhbəri qeyd edib ki, Azərbaycan digər sahələrdə olduğu kimi, İndoneziya ilə parlamentlərarası əlaqələrin inkişaf etdirilməsində də maraqlıdır. İkitərəfli əlaqələrin inkişafında müxtəlif dövrlərdə parlament sədrlərinin, həmçinin işçi qruplarının üzvlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların və müntəzəm görüşlərin əhəmiyyəti vurğulanıb, iki ölkənin parlamentlərinin beynəlxalq təşkilatlardakı səmərəli əməkdaşlığından məmnuniyyət ifadə olunub.
Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən İndoneziya Respublikası Parlamentinin Nümayəndələr Palatasının İnzibati işlər komitəsinin sədr müavini Nasril Bahar Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında dostluq münasibətlərindən danışan qonaq, iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın vacibliyini vurğulayıb, qarşılıqlı təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhəmiyyətini qeyd edib.
Söhbət zamanı Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev qonaqları maraqlandıran sualları cavablandırıb, parlamentlərarası əməkdaşlığın müxtəlif istiqamətləri və gələcək inkişafı barədə fikirlərini bölüşüb.
Görüşdə Milli Məclis Aparatı rəhbərinin müavinləri Yaşar Əməşov, Rüstəm Mahmudov, Parlament Aparatının struktur bölmələrinin rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər.
Görüşdən sonra qonaqlar parlamentin inzibati binasının foyesində yaradılmış “Zəfər guşəsi” ilə tanış olublar. Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsi barədə qonaqlara ətraflı məlumat verib.
Sonra parlamentin plenar iclas zalı ilə tanış olan qonaqlara Milli Məclisin fəaliyyəti, deputatlar üçün plenar iclas zalında yaradılmış iş şəraiti, qanunvericilik prosesinin həyata keçirilməsi proseduraları haqqında geniş məlumat verilib.
Qonaqlar parlamentin inzibati binasının foyesində ucaldılmış Azərbaycan dövlətinin banisi Heydər Əliyevin abidəsinin və “Zəfər guşəsi”nin önündə xatirə şəkli çəkdiriblər.