Fransa Ermənistanın vasitəsilə regionda sülh prosesinə zərbə vuran təxribatlara yol verməyə başlayıb
Prezident İlham Əliyev avqustun 5-də Burkina Fasonun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vinta Somenin, Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mayls Robert Armiteycin və Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddinin etimadnaməsini qəbul edib. Dövlətimizin başçısı Burkina Fasonun Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vinta Somen ilə söhbət əsnasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə danışarkən, Azərbaycanın dörd il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi faktına da toxunub, ölkəmizin bu dövrdə xüsusi diqqət yetirdiyi mövzulardan birinin də müstəmləkəçilik, neo-müstəmləkəçilik və bununla mübarizə məsələsinin olduğunu bildirib.
Azərbaycan Prezidenti qeyd edib ki, hazırda dünyada neo-müstəmləkəçilik məhz Fransanın yürütdüyü siyasətində özünü ən qabarıq şəkildə büruzə verir. Fransanın həyata keçirdiyi neo-müstəmləkəçilik siyasətinin ikrah hissi doğurduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın bu siyasətə qarşı öz haqq səsini ucaltdığını və qanlı müstəmləkəçilik tarixi olan Fransanın bu gün də əsarət altında saxladığı xalqlara müstəqillik, azadlıq tələb etdiyini vurğuladı.
Azərbaycan liderinin bəhs etdiyi bu acı gerçəkliklər Burkina Fasonun səfirinə heç şübhəsiz ki, yaxşı tanışdır. Çünki Afrika kontinentinin bir çox ölkələri kimi Burkina Faso da uzun müddət Fransanın müstəmləkəçilik və neo-müstəmləkəçilik siyasətindən əziyyət çəkib. Lakin Mali, Niger və Burkina Faso uzun müqavimətdən sonra keçən il Fransanın neo-müstəmləkəçiliyinə son qoymağı bacardı. Burkina Fasonun bu qələbəsi Fransanın bu gün də əsarət altında saxladığı digər xalqlar üçün də müstəqillik, azadlıq uğrunda mübarizədə müsbət təcrübə kimi mühüm rol oynaya bilər.
Qara qitədən – Afrikadan rüsvayçı şəkildə qovulan Fransa öz itkilərini və psixoloji-siyasi sarsıntılarını kompensə etmək, beynəlxalq arenada zədələnmiş imicini bərpa etmək məqsədilə Cənubi Qafqaza müdaxilə etməyə, Ermənistanın vasitəsilə regionda sülh prosesinə zərbə vuran təxribatlara yol verməyə başlayıb. Bu xüsusda Makron Fransasının ölkəmizə qarşı qərəzli mövqeyindən danışan Prezident İlham Əliyev Azərbaycanın öz torpaqlarını işğaldan azad edəndən sonra Fransanın əsl simasının üzə çıxdığını Burkina Fasonun səfirinin diqqətinə çatdırdı. Qeyd olundu ki, 44 günlük müharibədən sonra rəsmi Paris BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında ölkəmizə qarşı ədalətsiz təşəbbüslərlə çıxış edib və Ermənistanı revanşizmə təhrik edib.
Bir sözlə, 44 günlük müharibə Fransanın ermənipərəst simasının ifşası üçün “lakmus kağızı” rolunu oynadı. Bu arada Bakı Təşəbbüs Qrupunun fəaliyyəti isə Fransanın neokolonialist siyasətinin ifşa olunmasına həqiqətən də ciddi təkan verə bilər. Biz inanırıq ki, Azərbaycanın davamlı səyləri özünü doğruldacaq, Fransa yeni müstəmləkəçilikdən əl çəkməyə məcbur ediləcək. Azərbaycanın neokolonializmə qarşı mübarizə aparan xalqlarla həmrəylik nümayiş etdirməsi təqdirəlayiq nümunədir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri