“Baş nazir sosial ödənişlərin müəyyənləşməsi, verilməsi, eyni zamanda dayandırılması ilə bağlı qərar imzalayıb. Belə ki, həmin qərarla sosial ödənişlərlə bağlı yeni qaydalar müəyyənləşib”.
İctimai Rəy xəbər verir ki, bunu Milli Məclisin VI çağırış deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, yeni qaydalar proaktivdir, əksər sosial ödənişlər praktik olaraq müəyyənləşəcək və sosial ödənişlərin bir qismi müəyyən olunduqdan sonra 10 iş günü ərzində müəyyənləşəcək:
“Bir sıra sosial ödənişlər, 5 iş günü ərzində müəyyənləşərək vətəndaşa ödəniş həyata keçiriləcək və nəticədə yeni qaydalar imkan verəcək ki, sosial ödənişlərin əlçatanlığını təmin etmək mümkün olsun.
Eyni zamanda işğaldan azad olunmuş ərazilərimizdə çalışan vətəndaşlarımız üçün nəzərdə tutulan ödənişlər yalnız proaktiv, yəni elektron formada həyata keçiriləcək. Sosial ödənişlər yalnız plastik kartlara ödəniləcək. Burada məqsəd şəffaflığın gözlənilməsi və prosedurların azaldılmasıdır.
Sosial ödənişlərin verilməsi qaydaları da müəyyənləşib. Qaydalarla yanaşı, eyni zamanda dayandırılması qaydaları da müəyyənləşib. Belə ki, bir sıralarda sosial ödənişlərin dayandırılması həyata keçirilir. Məsələn, ömürlük dövlət qulluqçusu təqaüd alırsa və yeni dövlət qulluğuna işə qəbul olunmuş halda təqaüd dayandırılır. Eyni zamanda, əgər tələbə təqaüd alırsa, universitetdən xaric olunursa, o an praktiki olaraq təqaüdün dayandırılması həyata keçirilir.
Bütövlükdə bu təqaüdlər, eləcə də digər ödənişlər qanunla müəyyənləşdirilmiş qaydalara uyğun olaraq təqdim olunur və dayandırılır. Qaydalar sosial ödənişlərin məbləğlərini müəyyənləşdirmir. Belə ki, sosial ödənişlərin məbləğləri cənab Prezident tərəfindən imzalanmış sərəncamla və ya qanunla müəyyənləşib. Biz artıq son illər bu istiqamətdə qərarların verilməsini müşahidə etmişik ki, praktiki olaraq son illər həyata keçirilən və dörd sosial paketə əlavə olaraq 7 milyard manata yaxın vəsait xərclənir. Bu isə ondan xəbər verir ki, növbəti dövrlər üçün də sosial paketin dərinləşməsi prioritet olaraq qalmaqdadır”.