Paşinyan Azərbaycan Prezidentinin tutarlı sualları və qınaqları qarşısında aciz duruma düşəcəyini yaxşı bilir
Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısında iştirak etmək üçün Londona səfər etməsi dünya mediasının da, siyasi analitiklərin də diqqət mərkəzində dayanan hadisələrdən biridir. Nəzərə alsaq ki, Azərbaycan və Türkiyə liderləri Fransa prezidenti Emmanuel Makronun təxribatçı, ermənipərəst siyasətinə etiraz əlaməti olaraq Avropa Siyasi Birliyinin bundan öncəki, Qranada sammitində iştirak etməkdən imtina etmişdilər, İlham Əliyevin London Zirvəsinə qatılması həqiqətən də mühüm gəlişmədir, olduqca əhəmiyyətli hadisədir.
Bu da onu göstərir ki, rəsmi Bakı üçün Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısında dünyanın və Avropanın siyasi gələcəyinin müzakirə edilməsi ilə yanaşı, Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişafının perspektivləri də çox önəmlidir. Ona görə də İlham Əliyev hər şeydən öncə Londona Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşmək üçün yox, məhz Böyük Britaniya ilə əlaqələrimizin daha da möhkəmləndirilməsi və Avropa Siyasi Birliyinin sammiti çərçivəsində qlobal sülh prosesinə dəstəyimizi ifadə etmək üçün gedib.
Zatən sammit çərçivəsində İlham Əliyevlə Nikol Paşinyan arasında görüşün keçirilməsinə dair onsuz da hər hansı qəti qərar qəbul edilməmişdi. Sadəcə olaraq Avropa Siyasi Birliyinin növbəti sammitinə ev sahibliyi edən Böyük Britaniya rəhbərliyi belə bir görüşün keçirilməsi təklifi ilə çıxış etmişdi. Bu görüün eynilə Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında baş tutmuş görüş formatında olması nəzərdə tutulurdu. Lakin gördüyümüz kimi Paşinyan İlham Əliyevlə görüşdən qaçdı. Bəli, məhz qaçdı, imtina etmədi. Ona görə də bu hadisənin Ermənistan tərəfinin Londonda Azərbaycanla görüşdən imtina etməsi kimi təqdim edilməsi reallığı düzgün əks etdirmir.
Paşinyanın meydandan qaçması onsuz da gözlənilən idi. Adam necə deyərlər, öz sələflərindən – Robert Köçəryandan, Serj Sərkisyandan görüb-götürüb. Onlar da kritik məqamlarda, çıxılmaz vəziyyətlərdə İlham Əliyevlə görüşləri ya təxirə salır, yadaki birbaşa görüşlərin gedişində biabırçı şəkildə aradan çıxırdılar. Meydandan qaçmaq erməni etnopsixologiyasına xas olan xüsusiyyətdir.
Onu da nəzərə alsaq ki, Nikol Paşinyan bir yandan müxtəlif beynəlxalq platformalarda sülh haqqında danışmaqla Ermənistanın “sülhsevər ölkə” imicini yaratmağa çalışır, lakin digər tərəfdən isə həm Fransa və Hindistanla silah tədarükünü genişləndirir, həm də eyni zamanda Ermənistan tərəfi ABŞ-la birgə hərbi təlimlər keçirir və ABŞ-ın hərbi nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində işləməsi razılaşdırılır, bu halda “sülh oyunları” oynayan Ermənistan baş nazirinin meydandan qaçması anlaşılandır.
Prezident İlham Əliyevin sülh sazişinin başlıca şərti kimi Ermənistanın Konstitusiyasının dəyişdirilməsini və oradan Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasını tələb etməsinin müqabilində, Paşinyan yeni Konstitusiyanın qəbulu üçün 2026-cı ilin sonuna qədər möhlət istəyirsə, bu o deməkdir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını daha iki il müddətinə uzatmaq, ləngitmək istəyir. Ermənistan rəhbərinin Londonda Əliyevlə görüşdən yayınması da bilavasitə bununla bağlıdır. Paşinyan Azərbaycan Prezidentinin tutarlı sualları və qınaqları qarşısında aciz duruma düşəcəyini yaxşı bilir. İndi gözləyək görək beynəlxalq ictimaiyyət və Ermənistanın ənənəvi havadarları Paşinyanın bu “avtoqol” hərəkətini necə qiymətləndirəcək. Bəli, Paşinyanın ikitərəfli görüşdən qaçmasının futbolçunun topu öz qapısına vurmasından heç bir fərqi yoxdur. Ermənistan rəhbərliyinin bu addımı sülh prosesinə töhfə vermək əvəzinə, ona ciddi zərbə vurur.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri