İlham Əliyevin Pakistana səfəri iki ölkənin əməkdaşlığının yeni prioritetlərinin müəyyənləşdirilməsinə xidmət edir
Azərbaycan dünyanın müxtəlif ölkələri ilə ikitərəfli əlaqələri fəal surətdə inkişaf etdirməyə davam edir. Rəsmi Bakının sıx dostluq və qardaşlıq əlaqələri qurduğu ölkələrdən biri də Pakistandır. Bu ölkə ilə münasibətlərimiz strateji tərəfdaşlıq səiyyəsinə yüksəlib. Bakı və İslamabad həm ikitərəfli, həm də çoxtərəfli beynəlxalq platformalarda bir-birinə daim dəstək göstərir. Paytaxtlarımızın qardaşlaşması da Azərbaycan-Pakistan dostluğunun təzahürüdür. Pakistan Azərbaycanın müstəqilliyini ilk sırada tanıyan ölkələrdən biri kimi hər zaman ərazi bütövlüyümüzü dəstəkləyib. 30 illik işğal dövründə Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən haqlı mövqeyi Pakistan tərəfindən ən yüksək tribunalardan bəyan edilib və müdafiə olunub. Pakistan həmçinin Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmaqdan imtina edən nadir ölkələrdən biridir.
2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi zamanı Pakistan öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verən ölkələrdən biri oldu, yanımızda dayandı, ərazi bütövlüyümüzü birmənalı şəkildə müdafiə etdi. Türkiyə ilə bərabər, Pakistanın da dəstəyi həmin günlərdə bizim üçün böyük önəm daşıyırdı. Bu dəstək bizə sarsılmaz mənəvi güc verdi. Ona görə də bu dəstəyə minnətdarlıq əlaməti olaraq Zəfər törənlərimizdə qədirbilən insanlarımız üç qardaş ölkənin bayraqlarını birgə dalğalandırırdılar. Paytaxt və bölgələrimizdə binaların fasadlarından, balkonlardan, darvazarların üzərindən Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, Pakistan bayrağı da asılırdı. Bu, bizim qardaşlığımızın nümayişi, xalqlarımızın əsrlərlə bundan əvvələ söykənən, bir-birinə olan dərin hisslərinin təsdiqi idi. Bu mənada biz Pakistan kimi etibarlı, prinsipial dostumuzun olmasından qürur duyuruq.
Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 11-də gerçəkləşdirdiyi Pakistana dövlət səfəri ilk növbədə iki dost və qardaş ölkənin əməkdaşlığının yeni prioritetlərinin müəyyənləşdirilməsinə və strateji münasibətlərimizin daha da dərinləşdirilməsinə xidmət edir. Ona görə də bu səfəri ölkələrimiz arasında münasibətlərin inkişafı üçün yeni mərhələnin başlanğıcı hesab etmək olar. Bu fikri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də öz çıxışında təsdiqlədi. Belə ki, cənab Şahbaz Şərif bu səfərin iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın daha da möhkəmlənməsini təmin edəcəyinə əminliyini ifadə etdi. Pakistan liderinin də, sıravi pakistanlıların da Azərbaycana qarşı, Prezidentimizə qarşı böyük rəğbətini bu səfərin hər epizodunda, hər anında hiss etmək mümkün idi. Azərbaycan Prezidentinin təyyarəsinin Pakistan ərazisinə daxil olarkən Pakistan HHQ-nin qırıcılarının havaya qaldırılması və pilotların dövlət başçımızı salamlaması, habelə hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsinin düzülməsi və Prezident İlham Əliyevin ən yüksək səviyyədə rəsmi qarşılanma mərasiminin keçirilməsi qardaş Pakistanda Azərbaycana və onun liderinə qarşı xüsusi hörmət və ehtiramın mövcud olduğunu göstərir.
Hazırda hər iki ölkə bütün sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi və eləcə də beynəlxalq platformalarda bir-birimizin mövqeyini dəstəkləmək ənənəsinin davam etdirilməsi xəttinə üstünlük verir. Prezident İlham Əliyev İslamabadda Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında qeyd etdi ki, biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Dövlətimizin başçısı həmçinin Kəşmir məsələsində də hər zaman Pakistanın mövqeyini dəstəklədiyimizi vurğuladı: “Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq”. Azərbaycanın bu mövqeyi Pakistan üçün prinsipial əhəmiyyət daşıyır.
Hər iki liderin gündəmində enerji, bank, informasiya texnologiyaları, ticarət, səhiyyə, turizm, maliyyə xidmətləri, investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi prioritet təşkil edir. Yeri gəlmişkən, Baş nazir Şahbaz Şərif 27 iyun 2024-cü il tarixdə nazirlər və aidiyyəti rəsmilərlə Azərbaycanla əməkdaşlığın yeni yollarının açılması ilə bağlı keçirilən yüksək səviyyəli görüşdə nazirlər qrupuna Azərbaycanla iqtisadi və investisiya sahələrində əməkdaşlığın və ticarət tərəfdaşlığının gücləndirilməsi üçün hərtərəfli fəaliyyət planı hazırlamağı tapşırıb. Bu faktın özü də Azərbaycanın Pakistan üçün iqtisadi cəhətdən cəlbedici ölkə olduğunu göstərir.
Bu yaxınlarda Astanada “ŞƏT plyus” formatında keçirilən görüş çərçivəsində Prezident İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən üçtərəfli görüşdən sonra dövlət başçımızın Pakistana hazırkı səfəri əldə edilən razılaşmaların real icrasına stimul verilməsinə xidmət edir. Prezident İlham Əliyev Pakistan səfərinin yekunu olaraq mətbuata bəyanatında bildirdi ki, biz hər zaman sıx əməkdaşlıq etmişik və hazırda ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələr üzrə əməkdaşlığın praktiki elementlərinin müəyyən edilməsi mərhələsinə qədəm qoyuruq. Dövlətimizin başçısı dost və qardaş Pakistanla bütün birgə planlarımızın uğurla icra olunacağına əminliyini ifadə etdi. Azərbaycan-Pakistan əlaqələri getdikcə daha da güclənəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri