Tacikistan Prezidentinin Bakıya səfəri qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə stimul verəcək

0

Son vaxtlar Azərbaycanın xarici siyasətində ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində atdığı addımlar getdikcə daha da intensivləşir. Bu kontekstdə Azərbaycanın Mərkəzi Asiyanın türk dövlətləri ilə münasibətlərində də xüsusi fəallıq müşahidə olunur. Əminliklə deyə bilərik ki, türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın hazırkı xarici siyasət kursunun əsas prioritetlərindən biridir. Tacikistan türk dövləti sayılmasa da, lakin Azərbaycan-Tacikistan əlaqələrinin genişləndirilməsi də Mərkəzi Asiya dövlətləri ilə münasibətlərimiz sistemində xüsusi yer tutur.

İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə bu günkü səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümünə təsadüf edir. Bu səfərin ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına yeni impuls verəcəyi şəksizdir. Rəsmi Bakı və Düşənbə qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlıdır.

Keçmiş sovet imperiyasının dağılmasından sonra Mərkəzi Asiyanın gənc müstəqil dövlətləri həm geosiyasi baxımdan, həm də zəngin təbii ehtiyatlar səbəbindən dərhal qlobal güclərin qızğın rəqabət hədəfinə çevrildi. Odur ki, bu ölkələrin müstəqil dövlətçiliyi son 30 ildə zaman-zaman çətin sınaqlarla üz-üzə qalıb. Həmin sınaqlar qarşısında duruş gətirməyin və beynəlxalq münasibətlər sistemində layiqli yer tutmağın ən optimal yollarından biri də çoxəsrlik dostluq münasibətlərinə, ortaq mədəni və dini dəyərlərə malik olan ölkələrin ikitərəfli əlaqələri gücləndirməsidir. Bu mənada Tacikistanla Azərbaycanı da ortaq tarixi keçmiş və dostluq ənənələri birləşdirir. Və bu gün ikitərəfli əlaqələrin genişləndirilməsi üçün olduqca böyük potensial mövcuddur.

Hazırda Tacikistanla Azərbaycan arasında mədəni əlaqələr, hərbi sahədə əməkdaşlıq, siyasi, iqtisadi humanitar, elm və təhsil sahəsində və digər sahələrdə münasibətlər sürətlə inkişaf etməkdədir. Azərbaycanın müxtəlif ali məktəblərində Tacikistandan olan tələbələr təhsil alır, müəllim və tələbələrin mübadiləsi həyata keçirilir. Azərbaycan ilə Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlığın həcmi gün-gündən genişlənir, ticarət dövriyyəsi artır. Qarşılıqlı sərmayə qoyuluşu da davam edir. Ötən il Tacikistandan Azərbaycana 5 milyon dollara yaxın, Azərbaycandan Tacikistana isə təxminən 2 milyin civarında investisiya qoyulub. Bir sözlə, iki ölkə arasında çoxşaxəli münasibətlərin inkişafı üçün münbit zəmin var və əməkdaşlığın genişlənməsi yaxşı perspektivlər vəd edir. Hər iki ölkənin beynəlxalq və regional təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etməsi isə tərəflərin həlledici məqamlarda bir-birinin maraq və mənafelərini müdafiə etmələri üçün etibarlı zəmin yaradır.

Emoməli Rəhmonun səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə stimul verəcək. Azərbaycan Prezidenti İlham Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmon həm təkbətək və geniş tərkibdə görüş zamanı, həm də mətbuata bəyanatlarında ikitərəfli münasibətlərin gündəliyində olan bir çox mühüm məsələləri müzakirə etdiklərini və gündəliyin kifayət qədər geniş olduğunu bildirdilər. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan ilə Tacikistan arasında qarşılıqlı münasibətlərin tarixinə və xarakterinə nəzər salsaq, onların çoxdan strateji tərəfdaşlıq xarakteri daşıdığını görərik. İki ölkə arasında Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanması isə münasibətlərin inkişafında mühüm mərhələlərdən biri olacaq və bununla da münasibətlərimizin səviyyəsi rəsmi şəkildə daha da yüksələcək. Ümumiyyətlə, bu gün əldə edilən razılaşmalar Azərbaycan-Tacikistan münasibətlərinin daha geniş inkişafı üçün möhkəm təmələ çevriləcək.

Emoməli Rəhmon isə öz növbəsində bizim ölkələrimizi zamanın sınağından çıxmış münasibətlərin birləşdirdiyini vurğulayaraq Azərbaycanın Tacikistanın etibarlı dostu və tərəfdaşı olduğunu bəyan etdi. Tacikistan Prezidenti həmçinin bildirdi ki, bizim aktual regional və beynəlxalq məsələlərdə mövqelərimiz eynidir və ölkələrimizin xalqlarının daha da yaxınlaşmasına yönələn humanitar əlaqələr fəal inkişaf edir. O, bu prosesin başlanğıcının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğunu da diqqətə çatdırdı. Beləliklə, bu səfər çərçivəsində dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə dair tarixi qərarın qəbul edilməsi iki ölkə arasındakı əlaqələrin inkişafı üçün yeni səhifə açacaq. Dostluq və həmrəyliyimiz strateji tərəfdaşlıq müstəvisinə keçir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »