İndi bir çoxları mayın 19-da baş verən hadisənin Yaxın və Orta Şərqdəki proseslərə, Cənubi Qafqazdakı vəziyyətə, İran-Ermənistan münasibətlərinə necə təsir edəcəyini müzakirə edir. Ancaq bu gün bizim üçün ən önəmli məqam bu qəzanın biz müsəlmanlara hansı mesajı verməsidir.
İctimai Rəy xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Bəybala Mirzəyevin bildirdiyinə görə, Rəisinin başına gələn qəzadan bəlli oldu ki, bu gün bir-birilərinə “xox” gələn, məzhəbsəl çəkişmələr aparan müsəlman ölkələrinin əksəriyyətinin bu cür ekstremal qəza vəziyyətlərində dərhal hərəkətə gətirə biləcəyi beyin gücü, elmi-texniki potensialı, lazımi axtarış-kəşfiyyat sistemləri, müasir naviqasiya vasitələri yoxdur.
Qosqoca İran, Səudiyyə Ərəbistanı, Misir kimi ölkələr texnogen qəza vəziyyətlərinə, aviaqəzalara, təbii fəlakətlərə anında reaksiya verməyə və müdaxilə etməyə, çevik hərəkətə keçməyə əsla hazır deyillər.
Acı həqiqət budur ki, İran rəsmiləri öz texniki imkanlarının yetərli olmadığını bildikləri üçün prezident İbrahim Rəisinin qəzaya uğrayan helikopterinin tapılması üçün öncə ABŞ-a (qatı düşmənlərinə) müraciət ediblər. ABŞ-ın “yox!” cavabı isə özünü çox da gözlətməyib. Ağ Ev rəsmi Tehrana kömək edə bilməyəcəyini bildirib.
Daha sonra Avropa İttifaqı (Aİ) dövrəyə girib. Avropa İttifaqı axtarış işlərinə kosmik dəstək verəcəyini vəd edib. Lakin bu vəd də elə vəd olaraq qalıb.
Təbii ki, təkəbbürlü və kinli mollalar bu iş üçün Azərbaycana müraciət etmək istəməyiblər. Hal bu ki, “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar jurnalistlərə açıqlamasında deyir ki, Azərbaycandakı “Akınçı” PUA-ları İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı yeri tapmağa hazır idi.
Dinc vaxtlarda hamıya meydan oxuyan və o cümlədən Türkiyə ilə də yola getməyən İran, əli hər yerdən üzüləndən sonra axtarış işlərinə kömək üçün budəfə Türkiyəyə müraciət edib. Beləliklə, İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı yer Türkiyənin “Akınçı” PUA-sı sayəsində tapılıb.
Səlcuq Bayraqdardan sitat:
“Komanda yoldaşlarımla işdə idim. Qəzaya uğrayan helikopterin axtarışına texniki dəstək vermək üçün Batman, Van və Azərbaycandakı dostlarımızla koordinasiyada çalışdıq. Bütün dünyada adından söz etdirəcək əməliyyat baş tutdu. “Akınçı” ən sürətli şəkildə əraziyə çatdı. Bölgədə küləyin sürəti də çox güclü idi. O cür çətin hava şəraitinə baxmayaraq, vadiyə girərək bu vəzifəni yerinə yetirdi. Hətta o dərəyə girəndə belə görüntü əldə etmək olurdu. PUA dərənin arasında manevr edərək uçmalı oldu. Heç bir PUA bunu edə bilməz. Bu missiya ən kiçik bir maneə olmadan tamamlandı. Bu əməliyyatı dünyada həmin şərtlər altında uğurla reallaşdıra bilən “Akınçı” PUA-sı oldu. Və dünya bizim gücümüzü gördü. Komanda və Türkiyə Silahlı Qüvvələri səhərə qədər böyük fədakarlıqla çalışdılar. Mən bir daha İran xalqına başsağlığı verirəm”.
Düzdür, indi həm İranın rəsmiləri, həm də Azərbaycanın bəzi iranpərəst taxtabaşları israrla car çəkirlər ki, bəs, “Rəisinin olduğu yeri İranın öz xilasetmə dəstələri tapıb”. Bu, ağ yalandır. Rəisinin olduğu helikopterin qəzaya uğradığı yerin Türkiyənin “Akınçı” PUA-sı sayəsində tapılması danılmaz faktdır.
Və helikopterin tapılmasında Türkiyənin rolunu inkar etməklə onsuz da heçnə dəyişmir. Önəmli olan budur ki, Rəisinin tapılmasında Türkiyənin “Akınçı” PUA-larının qüsursuz fəaliyyəti bütün müsəlman xalqlarına, müsəlman liderlərinə çox ciddi mesajdır. İran kimi aparıcı müsəlman ölkəsinin gecə uçuş həyata keçirə bilən, gecəgörmə cihazlı bir helikopterinin olmayışı son dərəcə ciddi bir sıxıntıdır, bütün İslam dünyasının ümumi zəifliyidir.
Bir müsəlman ölkəsinin elmi-texniki cəhətdən inkişaf etməsi, qabaqcıl olması digər müsəlman ölkələri üçün avantajdır, üstün imkandır və dəstək üçün ilk müraciət ediləsi ünvandır. Belə bir ölkə qismində isə bu gün məhz Türkiyə çıxış edir. Ona görə də indi bütün müsəlman ölkələri Türkiyənin daha da irəli getməsi, tərəqqi etməsi üçün səylərini birləşdirməlidir.
Türkiyə inkişaf etdikcə, digər müsəlman ölkələrini də lokomotiv kimi öz arxasınca dartıb irəli aparacaq.
Bu mənada bu gün nə İran, nədəki ərəb ölkələri Türkiyəyə qarşı qısqanc münasibət sərgiləməməli və ona qarşı düşmənçilik aparan ölkələrlə (məsələn, Fransa ilə) eyni blokda yer almamalıdırlar.
Bu gün Türkiyənin uğurlarına xain gözlərlə baxmaq yox, onun uğurlarına sevinmək lazımdır. Və Türkiyənin gücündən faydalanmaq lazımdır. Bunun qarşılığında isə Türkiyəyə təşəkkür etmək lazımdır.
Bir sözlə, Türkiyənin haqqı heç bir halda yeyilməməlidir, zəhməti danılmamalıdır.
“Akıncı”nın haqqını yemək, Türkiyənin haqqını danmaq deməkdir. Bu da öz növbəsində rəzalət və zəlalətdir.
Bu gün qosqoca bir müsəlman ölkəsi öz prezidentinin qəzaya uğradığı yeri vaxtında tapa bilmirsə, bu, həqiqətən də zəlalətdir. Bu işdə ona yardımçı olan qonşu müsəlman ölkəsinin (Türkiyənin) rolu isə sonradan danılırsa, bu, artıq ikiqat zəlalətdir.
Müsəlman ölkələri bu zillətdən, bu geriçilikdən bir an öncə qurtulmaq haqqında düşünməlidirlər. Türkiyə isə bu qurtuluşun açarıdır. Açarı itirmək yox, açarı qorumaq lazımdır, ağalar. Çünki bu açar işıqlı gələcəyinizin açarıdır.
P.S.
Rəisiyə rəhmət və ya lənət oxumaqla, yas saxlamaq və ya lağlağı etməklə iş bitmir. İndi əsas məsələ Rəisinin qəza yerinin bu qədər gec tapılmasının biz müsəlmanlara verdiyi mesajı düzgün oxumaq, düzgün dəyərləndirməkdir. “Akıncı”nın İranın keçilməz meşələrində sərgilədiyi performansı və uğuru bütün müsəlmanları düşündürməlidir.