Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər nazirinin müavini Yasin Əkrəm Serim ilə görüşüb.
İctimai Rəy xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, görüşdə iki ölkə arasında ikitərəfli, regional və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, bölgədəki cari vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb.
İki ölkə arasında bütün səviyyələrdə strateji müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsi istiqamətində səylərdən məmnunluq ifadə olunub. Azərbaycan-Türkiyə strateji müttəfiqlik gündəliyinin siyasi, iqtisadi, ticarət, hərbi, müdafiə sənayesi, enerji təhlükəsizliyi, investisiyalar, nəqliyyat və kommunikasiya, humanitar, təhsil, mədəniyyət və digər sahələr üzrə daha da genişləndirilməsinin vacibliyi qeyd olunub.
Nazir Ceyhun Bayramov Antalya Diplomatiya Forumunun yüksək səviyyədə təşkili ilə bağlı təəssüratlarını bölüşüb, qardaş Türkiyənin diplomatik uğurları və diplomatik təmsilçiliklərinin sayına görə dünyada 3-cü yerə yüksəlməsi ilə fəxr etdiyini bildirib. Azərbaycan-Türkiyə Universitetinin yaradılması istiqamətində qərarın iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı daha da dərinləşdirəcəyi diqqətə çatdırıb.
Habelə, beynəlxalq və regional təhdidlər, miqrasiya problemi və digər istiqamətlərdə ikitərfli və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı tərəfdaşlığın nümunəvi xarakter daşıdığı diqqətə çatdırılıb.
Azərbaycanın əsas xarici siyasət prioritetlərindən olan Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə tədbirlərin intensivliyinin artırılmasının, yeni çoxtərəfli təşəbbüslərin irəli sürülməsinin əhəmiyyəti qeyd olunub.
Görüşdə nazir Ceyhun Bayramov qarşı tərəfi Azərbaycan Ermənistan arasında sülh prosesi istiqamətində atılan son addımlar barədə məlumatlandırıb.
Nazir bölgədə sülh və sabitliyin bərqərar olması üçün Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialardan əl çəkməsinin vacibliyini vurğulayıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.