Azərbaycan Prezidenti neft-qaz resurslarının mövcudluğuna və yaşıl enerjiyə keçidə tamamilə yeni yanaşma təklif edir

0

Prezident İlham Əliyevin martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının açılışında çıxışı zamanı səsləndirdiyi fikirlərin, mesajların böyük marağa səbəb olacağı, sözün yaxşı mənasında rezonans doğuracağı gözlənilən idi. “Euronews” kimi nüfuzlu televiziyanın əməkdaşının mərasimdən dərhal sonra dövlət başçımızdan müsahibə götürməsi və çıxışı zamanı səsləndirdiyi fikirləri Prezidentdən şərh etməsini rica etməsi bunun əyani təsdiqidir.

Belə ki, xanım müxbirin verdiyi “Sizin çıxışınızda bir məqam xoşuma gəldi. Siz söylədiniz ki, neft və qaza malik ölkələr günahlandırılmamalıdır. Qazıntı yanacağına sahib olmaq onların günahı deyil. Siz söylədiniz ki, onlar ətraf mühitin mühafizəsi və yaşıl enerjiyə keçid məsələsi ilə necə məşğul olduqlarına görə qiymətləndirilməlidir. Siz həqiqətən də belə hesab edirsiniz, elə deyilmi?” sualına cavab olaraq Cənab Prezident bildirdi ki, bəli, əlbəttə, qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Bu sərvətlərə sahib olmaq əslində hər bir neft və qaz ölkəsi üçün təbii-tarixi sınaqdır. Dövlətimizin başçısı da məhz bu məqamı qabardaraq vurğuladı ki, “bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır”.

Bəli, bir sıra neft-qaz ölkələrindən fərqli olaraq Azərbaycan tarixi sınaqdan üzüağ çıxmağı, neft və qaz resurslarımızdan ölkəmizin tərəqqisi üçün düzgün istifadə etməyi bacardı. Bu mənada Azərbaycanı yalnız Norveçlə müqayisə etmək düzgün olardı. Çünki Norveç hökuməti də ölkənin karbohidrogen ehtiyatlarını gələcək inkişafın təməl sərmayəsi kimi düzgün yönləndirə bilib. Odur ki, Prezident İlham Əliyevin “Euronews”a müsahibəsində bu işdə yanaşmaların bir qədər dəyişilməli olduğunu vurğulaması praqmatik tövsiyyədir. Bu, tamamilə yeni narrativdir, neft ölkələrinin dünəninə, bugününə və gələcəyinə fərqli baxışdır.

O da tamamilə doğru tövsiyyədir ki, qazıntı yanacağının təhlükəli və mənfi resurs olduğunu süni surətdə tirajlamaq və neft-qaz ölkələrini qaralamaq, günahlandırmaq əvəzinə, bu resursların tədarükündən əldə edilən gəlirlərin yerli hökumətlər tərəfindən ölkənin inkişafı və vətəndaşların ehtiyaclarının təmin edilməsi üçün necə istifadə edilməsinin nəticələri əsasında fikir yürüdülməlidir. Real nəticələri göz ardı edib, bu və ya digər neft ölkəsini hədəfə almaq və yerli-yersiz tənqid etmək ədalətsizlikdir. Ona görə də dövlət başçımız həm mərasimdəki çıxışında, həm də “Euronews”a müsahibəsində diqqəti məhz bu məqama yönəltdi, neft-qaz ölkələrinə qarşı ədalətsiz münasibətə son qoymağa çağırdı və bu mesajının lazımi ünvanlarda məlum dairələr tərəfindən eşidiləcəyinə ümidvar olduğunu bildirdi: “Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək”.

Beləliklə, Azərbaycan Prezidenti istər neft və qaz resurslarının mövcudluğuna, istərsə də yaşıl enerjiyə keçidə tamamilə yeni yanaşma təklif edir. Bu gün Azərbaycan yaşıl enerjiyə keçidi dəstəkləyən ölkələrin sırasında ən başda gələnlərdən biridir. Bəli, Azərbaycan və ənənəvi qazıntı yanacağı ilə zəngin olan digər ölkələr yaşıl enerjiyə keçiddə həqiqətən də ön sıralarda olmalıdır. Və Cənab Prezidentin də vurğuladığı kimi “biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik”. Azərbaycan bu prosesdə heç şübhəsiz ki, aparıcı rol oynayacaq. Ümid edirik, Prezidentin səsləndirdiyi fikirlər beynəlxalq ictimaiyyət tərəfindən də ciddi şəkildə dəstəklənəcək.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »