Bu dəfəki Münhen Təhlükəsizlik Konfransı sayca 60-cı (yəni yubiley) zirvə toplantısı olsa da və məkan olaraq dəbdəbəli “Bayerischer Hof” mehmanxanasında keçirilsə də, lakin Olaf Şolts başda olmaqla iştirakçıların heç birinin üzündə bayram əhvalı hiss olunmurdu. Tam əksinə, budəfəki forum təhlükəsizlik sammitinə, sülh toplantısına yox, sanki Apokalipsis məclisinə oxşayırdı. Hamı narahat idi, hər kəs qayğılı görünürdü.
Çünki Mühnen Konfransının illik məruzəsinin adından da göründüyü kimi budəfə bütün dünya birliyinin, bütün ölkələrin ümumən məğlub durumda olduğunu hamı açıq şəkildə hiss edirdi. Bəli, əsas məruzənin, illik hesabatın adı “Lose-Lose?” idi. Yəni ki, “hamımız məğlubuq və yaxud hamımız uduzmuşuq?” anlamında…
Lovğalıq kimi çıxmasın, budəfəki Münhen Konfransının iştirakçı ölkələri arasında bəlkə də yeganə qalib ölkə Azərbaycan idi, lakin onun da qələbəsi hələlik tam oturuşmayıb, möhkəmlənməyib. Çünki ortada etibarlı sülh müqaviləsi yoxdur. Ermənistanın və onun havadarlarının təxribatları təhlükəsizliyimiz üçün təhdidlər yaradır. Deməli, İlham Əliyevin timsalında hamı kimi Azərbaycanın da Münhen Təhlükəsizlik Konfransına qatılmasına və həm dünya üçün, həm də Azərbaycan üçün etibarlı təhlükəsizlik reseptlərinin axtarılmasına ciddi ehtiyac vardı.
Münhen Konfransının illik hesabatının adının “Hamımız məğlubuq?” olması həqiqətən də düşündürücü idi. Müzakirəyə çıxarılan mövzular da olduqca aktual və ciddi narahatlıq doğuran mövzular idi. 60 illik yubiley fonunda işə başlayan Münhen Təhlükəsizlik Konfransında dünya liderləri, diplomatlar və iş adamları, beynəlxalq təşkilatların və bankların rəhbərləri üç gün ərzində beynəlxalq təhlükəsizlik məsələlərini eninə-boyuna müzakirə etdilər. Və bütün çıxışlarda vurğulanan əsas mesajı ondan ibarət idi ki, artan geosiyasi gərginlik və iqtisadi qeyri-müəyyənlik fonunda bir çox dövlətlər artıq qlobal əməkdaşlığın faydalılığına lazımi əhəmiyyət vermirlər, əksinə, digər ölkələrdən fərqli olaraq getdikcə daha az mənfəət əldə etdikləri üçün daha çox narahat olmağa başlayırlar. Ona görə də hazırkı hesabat “Hər kəs uduzub?” adlanır. Bu da o anlama gəlir ki, yəni ki, dünya düzəninin hərcmərcliklə əvəz olunduğu, beynəlxalq hüququn əsla işləmədiyi, hər kəsin yalnız öz mənfəətini güddüyü xaos şəraitində heç kim qalib sayıla bilməz.
Bu acı həqiqəti Münhen Konfransında bütün çılpaqlığı ilə dilə gətirənlərdən biri də BMT-nin Baş katibi Antonio Quterreş oldu.
Quttereş çıxışında bütün bəşəriyyət üçün “SOS!” siqnalı verdi və bildirdi ki, illik hesabatın adının qarşısında “?” işarəsini qoymamaq da olar, çünki onsuz da hazırda dünyamız həqiqətən də çox mürəkkəb çağırışlarla üz-üzədir.
Sitat:
“Dünya birliyi son 75 il ərzində heç vaxt olmadığı qədər parçalanıb və müxtəlif cəbhələrə bölünüb. Bəşəriyyət ekzistensial təhlükələrlə, çağırışlarla üz-üzə qalıb. Hətta Soyuq müharibə dönəmi də indikindən daha təhlükəsiz idi. İndi hansı liderin ağlına nə gəlirsə, onu da həyata keçirir və bu zaman heç bir məsuliyyət də daşımır. Beləliklə, mövcud dünya nizamı artıq işləmir və heç kimin maraqlarına cavab vermir. Açıq-aydın görünür ki, dünyamız dərin böhran içindədir. Qlobal idarəetmə indiki forması ilə ixtilafları daha da dərinləşdirir və narazılıqları qızışdırır”.
Əfsuslar olsun ki, nə Qutteriş, nədəki digər natiqlər hazırkı kritik böhranlı vəziyyətdən necə çıxmağın, bütün dünyada sülh və sabitliyi necə təmin etməyin konkret və əlverişli həll yollarını göstərə bilmədi. Quttereş sadəcə olaraq “hər kəs üçün sərfəli olan qlobal nizamın” yaradılmasının zəruriliyini vurğuladı və üzv ölkələrin BMT Nizamnaməsindən irəli gələn öhdəlikləri yerinə yetirəcəyi təqdirdə Yer kürəsində hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşaya biləcəyini söylədi.
Lakin BMT Baş katibinin bu fikirləri ümumi sözçülükdən başqa bir şey deyildi. Çünki Quttereş üzv ölkələrin BMT Nizamnaməsindən irəli gələn öhdəlikləri yerinə yetirəcəyinə heç özü də inanmır. Ona görə də çıxışında da təəssüf hissilə etiraf etdi ki, hökumətlər bu öhdəliklərə məhəl qoymur və milyonlarla mülki insan da bunun ucbatından dəhşətli dərəcədə əziyyət çəkir.
Antonio Quterreşin çıxışında yeganə ümidverici məqam bu idi ki, dünyada sülhün bərqərar olması üçün yeni gündəlik bu ilin sentyabrında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçiriləcək Gələcəyin Zirvə görüşündə müzakirə olunacaq.
Vəssalam, Mühhen Təhlükəsizlik Konfransının (Munich Security Conference — MSC) budəfəki Zirvəsində hər kəs üçün sərfəli olan daha əhatəli, mükəmməl və effektiv qlobal nizam yaratmaq imkanı, problemlərin ədalətə əsaslanan həlli yolları tapılmadı. Bir ay öncə keçirilən Davos Forumunda da dünyanın siyasi və işgüzar elitası bəşəriyyəti təhdid edən yeni çağırışları, eləcə də Rusiya-Ukrayna savaşını, İsrail-HƏMAS müharibəsini, husilərin Qırmızı dənizdəki quldurluğunu, İranın Yaxın Şərqi hörümçək toru kimi bürüyən proksi-şəbəkəsini sıx-sıx müzakirə etsə də, sonda heç bir konkret qərarlara gələ bilmədən dağılışdılar. Rusiya lideri Putinin dünyanı nüvə silahı ilə hədələməsindən tutmuş, iqlim dəyişikliyinin və süni intellektin yarada biləcəyi total təhlükələrə qədər bütün önəmli məsələlər açıq qaldı.
Bir sözlə, dünyamız hazırda “dalan”a girib…
Dünyanı yaxşıya doğru necə və nə vaxt dəyişməyin, “refresh” etməyin optimal yolunu hələlik heç kim bilmir.
Odur ki, sentyabrı gözləyək…
P.S.
Dünyanın fəna durumda olduğunu bildik. Öz təhlükəsizliyimizi təmin etmək isə öz əlimizdədir. Bu baxımdan Türkiyə-Azərbaycan münasibətlərinin daha da dərinləşməsi təhlükəsizliyimizi təmin etmək üçün ən etibarlı zəmanətdir. “Şuşa Bəyannaməsi” isə bizim təhlükəsizlik çətirimizdir.
Araşdırmaçı, jurnalist Bəybala mirzəyev