Seçkilərlə bağlı təxribatların son akkordları

0

Azərbaycan xalqı fevralın 7-də növbəti dəfə öz seçimini etdi. Verilmiş hər bir səsi əminli gələcəyə qoyulan etibarlı sərmayə kimi dəyərləndirsək, etiraf etməliyik ki, müdrik xalq Qərbin “kirli” siyasi texnologiyalarını tamamilə ifşa etməyi bacardı. Artıq bir fakt kimi isbat edə bilərik ki, Qərbin manipulyasiyaları təsirsiz oldu. Biz bu günədək “kirli” siyasi texnologiyaların ifşasına dair müxtəlif yazılarla çıxış etmişik. Seçkilərin nəticələri ilə bağlı “ictimai rəy” ətrafında aparılan qərəzli manipulyasiyaların ifşası da önəmli vəzifədir. Çünki siyasi həqiqətləri bilmək və qərəzli manipulyasiyaların alətinə çevrilməmək Qalib xalqın haqqıdır. Beş milyona yaxın seçicinin seçkilərdə iştirakı sübut etdi ki, xalqın arifliyi və sədaqəti radikalların hiylələrindən daha üstün və güclüdür.

Bu fikirlər politoloq A.Adilin “Seçkilərlə bağlı təxribatların son akkordları” sərlövhəli yazısında yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Xatırladaq ki, vətənşivənlərin Prezident seçkiləri ətrafında apardıqları manipulyasiyalar məhz “boykot-boykot” oyunlarından başlamışdı. Aydın məsələdir ki, “boykot” sadəcə “qrant qarınquluları”nın icra etdikləri növbəti xain qrantın “həzm olunması”na hesablanmış mövzudur. Məhz elə ona görə də bu əcaib siyasi mutantlar hər vəchlə sübut etməyə çalışırlar ki, əhali seçkilərdə iştirak etməyib. Axı ayrılmış xain vəsait məhz bu cür “açıqlamalar”la mənimsənilə bilər. Diqqət yetirin, qrantın rahat “həzmi” üçün mütləq öz xalqına xain mövqedə olmalısan. Əks halda vəsait sifarişçilərə qaytarılmalıdır.

Təsadüfi deyil ki, demaqoq siyasişivənlər qərəzli tənqidlərində əsas vurğunu digər amillərə yox, məhz seçici “passivliyi”nə edirlər. Bununla da öz aləmlərində sübut etməyə çalışırlar ki, guya “boykot” alınıb. Bu halda ayrılan vəsait rahat “həzm” oluna bilər. Əlbəttə ki, bu, onların yalnız xəstə təfəkkürünün xülyasıdır. Məsələni bir qədər də çətinləşdirən amil odur ki, Qərb özü də qrantlar üçün ayrılmış vəsaitə şərikli tərəf kimi çıxış edir. Odur ki, “boykot alınıb” kimi saxta rəylərin mövcudluğu onlara da sərf edir.

Məhz elə bu səbəbdən də hər kəs aydın şəkildə bilməlidir ki, kütləvi təzahür hesab olunan seçkilərdə ayrı-ayrı şəxslər tərəfindən edilmiş nadir xətalar əsla beş milyon seçicinin iradəsinə kölgə sala bilməz. Bu, həm də Qərbin “kirli” texnologiyalarının Azərbaycan xalqının iradəsi qarşısında təslim olmasından xəbər verir. Obyektiv həqiqət kimi qəbul olunmalıdır ki, Prezident İlham Əliyevə verilmiş 92 faizdən çox səs əslində cəmiyyətimizdə yaşanan milli birlik və həmrəyliyin göstəricisidir. Tərəddüdsüz isbat edə bilərik ki, öz liderinə bu cür dəstək heç bir Qərb ölkəsində yoxdur. Qərbi qıcıqlandıran da məhz bu amildir. Ona görə də “siyasi lider” defisiti yaşayan Qərb bəzi hadisələri şərh edən zaman “xarizma” ifadəsini qərəzli şəkildə, bilərəkdən “avtoritar” ifadəsi ilə əvəzləyir.

Psevdopatriot vətənşivənlərin sözügedən məsələ ilə bağlı qərəz dolu tənqidlərin məzmununa diqqət yetirək. Özlərini “sosial şəbəkə Robin Hudu” zənn edən bu siyasətciklər keçirilmiş seçkilərlə bağlı xain məzmunlu bəyanatlar veriblər. Öncədən vurğulamaq lazımdır ki, bu bəyanatlar da bilavasitə “kirli” siyasi texnologiyaların davamıdır. Onların xüsusiyyətləri haqqında ötən yazılarda bəhs etmişdik, lakin bir daha vurğulamaq yerinə düşər ki, bu cür davranış tamamilə gözlənilən idi və burada heç bir sürpriz yoxdur. Odur ki, onların qərəzli “bəyanatlar”ın səsləndirilməsi ilə bağlı canfəşanlıq etmələri əsl niyyətlərindən xəbər verir.

Yenə də obyektivliyi qorumaq üçün populistlərin bəzi boşboğaz və sözün əsl mənasında absurd iradlarına diqqət yetirək. Bildiyiniz kimi, “Siyasi partiyalar haqqında” Qanuna əsasən, Ədliyyə Nazirliyinin rəsmi reyestrinə daxil olmaq üçün hər bir partiya onun 5 min üzvü olduğunu isbat edən müvafiq sənədləri təqdim etməli idi. Yəqin ki, radikalların məsələ ilə bağlı əsassız şivənliyini xatırlayırsınız. Özünü müxalifətin bayraqtutanı hesab edən AXCP yalnız hökumət tərəfindən edilmiş güzəştlər nəticəsində və tələb olunan sənədləri üçüncü dəfə təqdim edəndən sonra həmin reyestrə daxil ola bildi. Bu arada qeyd edək ki, sözügedən partiya nazirliyə təqdim etdiyi üzvlük siyahısında olan şəxslərin sayı minimum tələb olunan saydan cəmi 3-4 nəfər çox idi. Vətənşivənlərin real potensialı budur. İndi mövcud kontekstdə əsas məsələyə diqqət yetirək. Beş min üzv yığa bilməyən partiya 5 milyon vətəndaşın iştirak etdiyi seçkini tanımadığını bəyan edir. Bu, sadəcə gülünc və absurd hal deyil, onların bu davranışları siyasi əxlaqsızlığın təzahürü və seçkilərdə iştirak etmiş vətəndaşların haqqına girmək deməkdir.

Radikalların digər və daha absurd və məntiqsiz, hətta bir-birini təkzib edən tənqidlərinin məzmununa baxaq. Obyektivliyi qorumaq üçün bilavasitə onlar tərəfindən verilmiş bəyanatlardan cəmi iki sitat gətirək: “İnsanların səsvermə məntəqələrinə getməsi üçün inzibati resurslardan istifadə olunub” və “Azərbaycan xalqı seçki yolu ilə öz hakimiyyətini dəyişmək hüququndan və imkanlarından məhrum edilib”. Bir-birini tamamilə təkzib edən bu iki cümləni açıq qərəzdən başqa necə dəyərləndirmək olar? Siyasişivənlər bir tərəfdən deyirlər ki, insanları seçkilərə məcburən aparırlar, digər tərəfdən isə – insanları inandırmağa çalışırlar ki, vətəndaşlar seçici hüququndan məhrum olublar. Görəsən, bu demaqoqlar gözlərini, qulaqlarını yumub, ağızlarını “ayırıb” bu cür ucuz və absurd bəyanatları verərkən xalqa heç hörmət etmirlər? Axı yalnız hörmətsizlik və saymamazlıq bu cür yalançı bəyanatların səbəbi ola bilər.

Əlbəttə, onların qərəzi və xain xislətlərindən sıxılaraq ortaya çıxan acı şirələr qeyd olunanlarla bitmir. Xainliyin menyusu olan qərəzli bəyanatlardan daha bir sitat gətirək: “Seçkiləri İlham Əliyevin piarını aparmaq üçün istifadə ediblər”. Bu, o qədər əsassız, hətta ağılsız iddiadır ki, şərh etməyə belə ehtiyac yoxdur. Bütün resurslar və imkanlar ola-ola seçkiqabağı təbliğat kampaniyası zamanı Prezident İlham Əliyevin dəstəyinə həsr olunmuş heç bir kütləvi və şou xarakterli tədbir keçirilməmişdir. Diqqət yetirilsə asanlıqla görmək mümkündür ki, hətta rəsmi görüşlərin sayı belə minimuma çatdırılmışdı ki, “ağzıgöyçəklər” bu cür ittihamlarla çıxış edə bilməsinlər. Əslində, bu məzmunda olan qərəzli tənqidlərə ən gözəl cavabı Prezident İlham Əliyev özü yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirib: “Tarixi Zəfəri bundan sonra daim istismar etmək düzgün olmaz”. Cənab Prezidentin bu sözləri və bu cür yanaşması həqiqətən də siyasətdə ədalətli və peşəkar yanaşmanın ideal nümunəsidir. Prezidentin ölkədə milli siyasi fikrin inkişafına xidmət edə biləcək bu cür çıxışlarının peşəkar təhlilinə həsr olunmuş yazılara təəssüf ki, hələ də rast gələ bilmirik.

Sözsüz ki, bizim bəla-demaqoqlarımız seçkilərlə bağlı ucuz tənqidlərində namizədlər üçün təşkil olunmuş debatlardan da yan keçmədilər. Debatları qərəzli şəkildə tənqid etmək və yanlış stereotiplər formalaşdırmaq üçün ucuz populistlər bədii ədəbiyyatın az qala bütün janrlarından istifadə etdilər. Burada təbii olaraq sual yarana bilər: “Niyə radikallar öz tənqidi ritorikalarında debatlara bu qədər böyük diqqət ayırıblar?” Cavabı axtaran zaman sizləri təşkil olunmuş debatların məzmununa yox, məhz onların mahiyyətinə diqqət yetirməyə çağırıram. O zaman açıq şəkildə görə bilirik ki, siyasətdə konstruktiv dialoq mümkündür. Problemləri səsləndirmək, müzakirə etmək və onların həll yollarının birgə axtarışı da mümkündür. Bu cür mühit isə radikallara sərf etmir. Axı bu vəziyyətdə onlar müxalifətçiliyə dair öz inhisarçılıqlarını itirmiş olurlar. Bu, ehtimal belə olsa “qrant qarınquluları” üçün ölümə bərabərdir. Odur ki, təşkil olunmuş debatlar radikalların hər zaman iştirakdan qaçdıqları sağlam siyasi dialoqun təzahürüdür. Konstruktivlik və sağlam niyyət isə apriori olaraq radikal müxalifətçilik təfəkkürünə zidd xüsusiyyətlərdir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »