31 Avqustda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Rusiyalı həmkarı Sergey Lavrov ilə görüşəcəyi bilinir. Bu görüşdən əvvəl Ermənistan tərəfini bir xeyli sıxdılar. Azərbaycan Gorus-Qafan yolunu bağlayaraq şərtlər diktə etdi. Bu bir bildiriş mesajı idi, yəni Ermənistan tərəfinə əyani başa salındı ki, güclər kimin əlindədir, gərginlik yaradaraq çətin vəziyyətdə qalacaq tərəf kimdir, ən alternativ çıxış yolu kompromisə getməkdir. Rusiya da şərait yaradır ki, Ermənistan tərəfi razılığa müsbət yanaşsın.
Ermənistan tərəfinin çəmbərinin daralmasına diqqət etmək lazımdır. Türkiyə ilə sərhəd bağlıdır, Azərbaycan tərəfi ilə hələ münasibətləri nizamlamayıb, İranla olan əlaqə yollarının bir hissəsi (Zəngilan, Füzuli, Cəbrayıl) İkinci Qarabağ müharibəsindən sonra kəsildi. Digər əlaqə yolu kimi Zəngəzur qaldı. Gorus-Qafan yoluna nəzarəti ələ keçirmək isə bu əlaqə vasitəsini daha da daraltdı. Ötə yandan İrandan gələn nəqliyyat vasitələrinə də nəzarət etmək mümkündür.
Ermənistanın bircə Gürcüstanla əlaqəsi qaldı.
Belə çətin blokada şəraitində qalan bir dövlətin seçimləri məhduddur. Moskva görüşündə çox güman Azərbaycan tərəfinin irəli sürdüyü şərtlər müzakirə ediləcək.
Ehtimal edirəm ki, Zəngəzur dəhlizinin açılması yönündə müsbət addımlar olacaq, yaxın müddətdə Laçın şəhəri(2 ilə ətrafı) geri qaytarılacaq, bölgədə kommunikasiya sistemi bərpa olunacaq, Ermənistan tərəfi Türkiyə ilə də buzları əritməyə səy göstərəcək.
Elman Vəliyev