İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləri Azərbaycanın haqq işini daim dəstəkləyiblər

0

Ötən gün Daşkənddə 16-cı Zirvə toplantısı keçirilən və region ölkələrini öz sıralarında birləşdirən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) kifayət qədər geniş nüfuza malik olan beynəlxalq qurumlardan biri sayılır. Türk-İslam dünyasının bir sıra aparıcı ölkələri bu təşkilatın üzvüdür. Azərbaycan da İƏT-in ən fəal üzvlərindən biri kimi tanınır. Bizim ölkəmiz bu qurumun sıralarına 1992-ci ildə daxil olub və indiyə qədər paytaxtımızda İƏT-in bir sıra zirvə toplantıları keçirilib. 2023-cü il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib və Şuşa şəhəri 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilib.

Azərbaycanın xarici siyasətində Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı ilə yanaşı, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əlaqələrin genişləndirilməsi də prioritet istiqamətlərdən biri hesab olunur. Belə ki, ölkəmiz bu təşkilat çərçivəsində iqtisadi əlaqələrin dərinləşməsinin tərəfdarı kimi çıxış edir və eyni zamanda İƏT-in siyasi nüfuzuna böyük önəm verir. Onu da qeyd etməliyik ki, İƏT-nın üzvü olan ölkələr istər 30 il davam edən işğal dönəmində, istərsə də 44 günlük Vətən müharibəsindən keçən 3 il ərzində Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər. Bu ölkələrin başında isə heç şübhəsiz ki, ilk növbədə Türkiyə və Pakistan gəlir. Biz təşkilata üzv olan digər ölkələrin, o cümlədən Özbəkistan və Qazaxıstanın da Azərbaycana hərtərəfli dəstəyini minnətdarlıq hissilə xatırlayırıq.

Noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak edən Prezident İlham Əliyev çıxışında üzv ölkələrin rəhbərlərinə, o cümlədən tədbirə ev sahibliyi edən Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə Azərbaycana verdikləri dəstəyə görə minnətdarlığını bildirdi. Azərbaycanın təşkilatda fəal rolu ilə seçildiyini qeyd edən və üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi önəm verdiyini bildirən dövlətimizin başçısı ölkəmizin bundan sonra da İƏT çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlı olduğunu və təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazır olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Yeri gəlmişkən, xatırladaq ki, İƏT-in 2021-ci ildə Türkmənistanda keçirilən Zirvə toplantısında qəbul edilən “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamədə Azərbaycan ilə bağlı bir sıra mühüm müddəalar da yer almışdı. Belə ki, bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün bərpasının Cənubi Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inam ifadə olunmuş və üzv dövlətlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma layihələrinə sərmayə yatırmaq imkanlarını araşdırmağa çağırılmışdı. Daşkənddə keçirilən Zirvə toplantısında isə dövlətimizin başçısı bildirdi ki, Azərbaycan İƏT-nın Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib.

Prezident həmçinin onu da qeyd etdi ki, Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin ölkə olmasına baxmayaraq, biz bərpa olunan enerji sektorunun inkişafına xüsusi diqqət yetiririk və Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Eyni zamanda Azərbaycanın nəqliyyat və logistika infrastrukturu da İƏT-nın üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib və hər iki dəhlizin Azərbaycandan keçən hissələri artıq tam hazırdır. Bütün bunlar sözsüz ki, Azərbaycanı İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr üçün daha cazibəli edir. Hazırda Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının işində fəal rol oynayan ölkə kimi diqqəti cəlb edir. Fəal mövqeyimiz isə sözsüz ki, bizə həm iqtisadi, həm də siyasi dividendlər qazandırır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »