Avropa Parlamentinin bəzi üzvləri Avropa İttifaqının Şurasını Qarabağın dağlıq hissəsində keçirilən hərbi əməliyyatlara görə Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların tətbiqinə baxmağa çağırıb.
Bu, analoqu olmayan bir çağırışdır. Bir ölkə düşünün ki, o, öz ərazisində qanunçuluğu bərpa etmək, qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoymaq, öz vətəndaşlarının xarici ölkədən gəlmiş hərbçilərin əlində girov olmasına son qoymaq istəyir və avropalı deputatların etirazı ilə üzləşir, ona sanksiya tətbiq olunmasına dair çağırışlar səslənir.
Əgər Azərbaycan bu lokal hərbi əməliyyatı keçirərkən beynəlxalq qanunlara məhəl qoymasaydı, mülki obyektləri və insanları hədəf alsaydı, üstəlik, qarşı tərəf silahsız olsaydı, həm də müqavimət göstərməsəydi, erməni separatçılarına qahmar çıxan avropalı deputatlar haqlı görünə bilərdilər.
Ancaq Azərbaycan dövləti hərbi əməliyyatı zərgər, cərrah dəqiqliyi ilə aparır, yalnız legitim hərbi hədəfləri vurur və qarnının ağrısı başqa şey olan bəzi siyasi dairələrə bəhanə vermir. Xocalıda sıyqırım aktı törədənlərin özləri və övladları, eləcə də indiyədək onlara rəğbət bəsləyənlər əmin ola bilərlər, Xankəndi və ətraf yaşayış məntəqələrində nə kütləvi qətliam, nə kütləvi girovgötürmə, nə də kütləvi zorlamaya yol verilməyəcək.
İndi baxaq görək, istənilən Avropa ölkəsində bir bölgə dövlətə tabeçilikdən boyun qaçırsaydı, hələ bir silahlanıb onunla müharibə etsəydi və özündən də böyük bir ərazini 28-30 işğalda saxlasaydı, nəhayət, mərkəzi dövlət qiyam ocağını söndürməyə çalışsaydı, onda avropalı dövlətlər onu qınayardılarmı? Məsələn, belə bir əməliyyatı Fransa Korsikada, Finlandiya Aland adalarında, yaxud Almaniya Bavariyada keçirsəydi, ona reaksiya necə olardı?
Nəzəri düşüncələrdən parlaq bir fakta keçək. İspaniyada Kataloniya bölgəsi var, paytaxtı dünyada hər kəsin tanıdığı Barselona şəhəridir. Katalonların ümumi sayı 10 milyondan çoxdur və onların çoxu Kataloniya bölgəsində yaşayır.
Bu bölgənin əhalisi uzun zamandır separatizm havasına köklənib, İspaniyadan ayrılmaq, müstəqil Kataloniya dövləti qurmaq istəyir. Katalonlar bu fikirdədirlər ki, artıq müstəqil dövlət qurmağa hərtərəfli hazırdırlar və heç də Avropanın öz milli dövləti olan xalqlarından əskik deyillər – nə sayları baxımından, nə də mədəni-iqtisadi, siyasi planda.
Fəqət, İspaniya dövləti bölücülük hərəkatına qarşıdır və Kataloniyaya müstəqillik vermək istəmir.
2009-2010-cu illərdə Kataloniyanın müstəqilliyi ilə bağlı qeyri-rəsmi sorğular və referendumlar keçiriib, bu sorğularda səs verənlərin 90%-dən çoxu müstəqilliyin lehinə çıxış edib. 2012-ci ilin sentyabrında “Müstəqilliyə doğru yürüş” zamanı bütün ölkədə kütləvi nümayiş keçirilib.
2012-ci il noyabrın 25-də keçirilən regional seçkilərdən sonra müstəqillik tərəfdarı olan deputatlar parlament çoxluq təşkil edincə, 23 yanvar 2013-cü ildə parlament “Suverenlik bəyannaməsi” (“Kataloniya bir dövlətdir”) elan edib.
9 iyun 2017-ci ildə Kataloniyanın müstəqilliyi ilə bağlı referendum yenidən 2017-ci il oktyabrın 1-nə təyin edilib. Referenduma bu sual qoyulub: “Siz Kataloniyanın respublika formasında müstəqil dövlət olmasını istəyirsinizmi?” 2017-ci il oktyabrın 1-də muxtariyyət hakimiyyəti birtərəfli qaydada referendum keçirib və orada iştirak edənlərin 90%-i Kataloniyanın ayrılmasının lehinə olub.
2017-ci il oktyabrın 27-də regional parlamentdə Kataloniyanın müstəqilliyi elan edilib, buna cavab olaraq İspaniyanın mərkəzi hakimiyyət orqanları İspaniya konstitusiyasının 155-ci maddəsinə uyğun olaraq Kataloniyada muxtariyyətin dayandırıldığını və birbaşa idarəetmənin tətbiq olunduğunu elan ediblər.
3 noyabr 2017-ci ildə İspaniya hakimiyyəti Kataloniya hökumətinin səkkiz üzvünü həbs edib və ertəsi gün Kataloniya Generalitatının prezidenti Karles Puçdemonun həbsi olunmasına dair beynəlxalq order verilib.
İspaniyanın hüquq-mühafizə orqanlar Kataloniyanı tam nəzarətə götürüb. 2017-ci il dekabrın 21-də İspaniyanın mərkəzi hakimiyyət orqanları tərəfindən Kataloniya parlamentinə növbədənkənar seçkilər elan olunub, amma yenə də mütləq çoxluq regionun müstəqilliyi tərəfdarlarının blokunda qalıb (səslərin 47,5%-i və parlamentin 70 faizi). Referendumdan sonra Brüsselə qaçan Puçdemon səsvermənin nəticələrini Kataloniyanın İspaniya hakimiyyəti üzərində qələbəsi adlandırıb.
2019-cu il oktyabrın 14-də İspaniya Ali Məhkəməsi 2017-ci il müstəqillik referendumunun təşkilində əli olan 9 kataloniyalı siyasətçiyə hökm oxuyub. Kataloniyanın keçmiş vitse-prezidenti Oriol Junqueras 13 il müddətinə azadlıqdan məhrum edilib. Regionun keçmiş xarici işlər naziri Raul Romeva eyni ittihamlarla 12 il, parlamentin sədri Karme Forkadel 11,5 il, daxili işlər naziri Yoahim Forn və ərazi inkişafı naziri Xosep Ruhl 10,5 il cəza alıblar. Daha iki fəal doqquz il müddətinə azadlıqdan məhrum edilib.
Göründüyü kimi, İspaniya Kataloniya separatçılarını ağır şəkildə cəzalandırıb.
İndi ağır-yüngül edək.
1.Kataloniya xalqının milli dövlətçiliyi varmı? Yoxdur. Onların yarısı qədər olan ermənilərin isə Qafqazda bir dövlətləri var, hələ birini də qurmaq istəyir(di)lər.
2.Kataloniya xalq ispan xalqına silah qaldırıb, mülki əhalini qırıb-çatıbmı? Xeyr. Amma ermənilər nə qədər mülki əhalimizi qətlə yetiriblər.
3.Kataloniya xalqı hərbi texnika ilə silahlanaraq İspaniyanın 7 rayonunu xaraba qoyub, yaşanmaz hala gətiribmi? Xeyr. Amma ermənilər Qarabağı diricə xarabaya çeviriblər.
4. Kataloniya xalqı haqları olan müstəqillik statusu qazanmaq istərkən Avropadan dəstək görüblərmi? Əsla. Amma ermənilər 30 ildir böyük dövlətlərdən və Avropadan hər cür (siyasi, maddi, hərbi, mənəvi) dəstək görürlər.
Ən ümdəsi də bu 4-cüdür. Nə əcəb İspaniya Kataloniyanı nəzarətə götürəndə, heç bir hərbi cinayət törətməmiş siyasi xadimləri türmələrə doldurub cəza kəsəndə avropalı deputatlardan səs çıxmadı, amma Azərbaycan onun Gəncədə, Bərdədə, Tərtərdə, Beyləqanda yaşayan mülki əhalisinə güllə, mina, raket atanları zərərsizləşdirmək istərkən qarğa-quzğun kimi səs-səsə verir, sanksiyadan danışırlar.
İspaniyaya sanksiya tətbiq edilibmi? Edilməyib. Əksinə, ona tam dəstək verilib. Bəs Azərbaycana niyə sanksiya tətbiq edilməlidir? Həm də təkcə ona görə ki, ermənilərlə katalonların müqayisəsində birincilər açıq fərqlə uduzurlar. Çünki katalonlar müstəqillik uğrunda mübarizəni dinc üsullarla aparırlar, ermənilər isə əslində müstəqillik davası aparmır, Azərbaycanın böyük bir mahalını qoparıb Ermənistana birləşdirmək istəyirlər, bu zaman qaydasız müharibə aparır, hərbi cinayətlər, eləcə də terror aktı törədir.
(Musavat.com0