“Türk dövlətləri Qarabağa daha çox investisiya yatırmağa maraqlı olacaqlar”

0

Özbəkistan prezidenti Şavkat Mirziyoyevin avqustun 22-23-də Azərbaycana baş tutacaq dövlət səfəri çərçivəsində qardaş ölkənin dəstəyi ilə Füzuli şəhərində tikilən məktəb binasının açılışının da baş tutacağı gözlənilir. Məlumat üçün qeyd edək ki, təhsil müəssisəsində 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional sinif, akt və idman zalları, yeməkxana, kitabxana olacaq.

Təhsilə Dəstək və Maarifləndirmə İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli “OLAYLAR”-a verdiyi açıqlamada Füzuli şəhərində qardaş Özbəkistanın dəstəyi ilə təhsil müəssisəsinin inşa edilməsini mühüm əhəmiyyətli hadisə kimi dəyərləndirib.

İctimai birlik sədri deyib ki, bu hadisə həm də Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə olduğu kimi təhsil sahəsində də yüksək səviyyəli əməkdaşlığın, qarşılıqlı təcrübə mübadiləsi üçün gözəl imkanların açıldığının göstəricisidir:

“Heç şübhəsiz ki, qardaş Özbəkistanın sözügedən təhsil müəssisəsinə dəstəyi də davamlı şəkildə olacaq. Gələcəkdə Füzulidəki həmin təhsil müəssisəsi ilə Özbəkistanın bir sıra təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin, təcrübə mübadiləsinin, səfərlərin həyata keçirilməsi üçün əlverişli imkan yaradacaq”.

Süleyman İsmayılbəylinin sözlərinə görə, sözügedən təhsil müəssisəsinin açılması eyni zamanda, digər türk dövlətləri üçün də nümunə rolunu oynayacaq ki, həmin dost-qardaş ölkələr də işğaldan azad edilmiş digər şəhər və rayonlarımızda oxşar layihələr həyata keçirsinlər:

“Təbii ki, qardaş Türkiyə işğaldan azad edilən ərazilərimizə investisiya qoyulması, quruculuq-abadlıq işlərinin sürətləndirilməsi prosesində ilk yerdə qərarlaşır. Digər türk dövlətləri, eləcə də Azərbaycana dost olan dövlətlər də bundan sonra işğaldan azad edilmiş ərazilərimizə daha çox investisiya yatırmağa maraqlı olacaqlar”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »