İlham Əliyevin Macarıstana səfərləri ölkələrimiz arasında əlaqələri möhkəmləndirir

0

Prezident İlham Əliyevin Macarıstana səfərinin nəticələri iki ölkə arasında münasibətlərin inkişafının tərəflərin hər biri üçün qarşılıqlı əhəmiyyətini ortaya qoyur. Bu mənada, dövlətimizin başçısının Macarıstanın Baş naziri Viktor Orbanla görüşü zamanı Macarıstana bundan öncəki səfərini və həmin səfərin gedişində əldə edilmiş razılaşmaların uğurla həyata keçirilməsini vurğulaması heç də təsadüfi deyil.

Bəli, hazırda iki ölkə arasında enerji sahəsində, nəqliyyat, tranzit və logistika sahələrində, eləcə də humanitar sahədə əməkdaşlıq uğurla inkişaf etdirilir. Ölkələrimiz arasında iqtisadi əlaqələr getdikcə daha da genişlənir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə də bu əlaqələrin güclənməsinə xüsusi təkan verir.

Ancaq Azərbaycan-Macarıstan münasibətlərinin inkişafı təkcə iqtisadi maraqlara əsaslanmır. İki dost və qardaş ölkə arasında siyasi, humanitar, mənəvi əlaqələrin də böyük əhəmiyyəti var. Təsadüfi deyil ki, Azərbaycan Dillər Universitetinin nəzdində Macar dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Həmçinin Azərbaycan və Macarıstan beynəlxalq platformalarda bir-birilərinin mövqeyini prinsipial şəkildə, əsl dost əzmkarlığı ilə müdafiə edirlər.

Önəmli məqamlardan biri də budur ki, Macarıstan milli-tarixi köklər baxımından özünü türk dünyasının bir parçası hesab etdiyinə görə Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi ölkə statusunda təmsil olunur. Rəsmi Bakı Macarıstanın TDT ilə əməkdaşlıq əlaqələrinin inkişafına hər cürə dəstək verir. Macarıstan Azərbaycanın və bütün Türk dünyasının Avropaya qapısı rolunu oynamaqla ümumi işimizə, ortaq hədəflərimizə töhfə verir.

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində Prezident İlham Əliyevin rolunu hər zaman xüsusi minnətdarlıq hissilə vurğulayır. İki ölkə liderləri arasında siyasi əlaqələr hazırda ən yüksək səviyyədədir. Prezident İlham Əliyevin Macarıstana səfərləri həmçinin ölkələrimiz arasında əlaqələrin gələcək inkişafı üçün də etibarlı zəmin yaradır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »