Xalqın bədii söz sənəti tarixin yol yoldaşıdır

0

Azərbaycan xalqının mənəvi bütövlüyünü qoruyan, yaşadan və bügünümüzə çatdıran milli aşıq sənətinin keçib gəldiyi yol, sənətkarlıq məsələləri, yaradıcılıq məktəbləri və çağdaş durumunu ötən illərdə butaylı folklorşünaslar müxtəlif səviyyələrdə öyrənmiş və sistemləşdirmişlər.

Məhz buna görə də klassiklər doğru deyiblər ki, xalqın bədii söz sənəti tarixin yol yoldaşıdır. Bu baxımdan ozan-aşıq sənəti tarixin çeşidli anlarını özünün sənət süzgəcindən keçirib, onun tərcümanı olub. Böyük tarixi dönəmlərdə elmi-texniki ixtiralar təkamül tapdıqca bədii sənət də, söz sənəti də istər-istəməz onu ehtiva edir, ona təsir edir, onu öz fantaziyasına yönəldir. Bütün mütərəqqi təkamül, ictimai-siyasi inkişaf, istərsə ədəbiyyat və incəsənət həmişə bir-biri ilə ayaqlaşıb, bir-birini tamamlayıb. Təəssüf ki, belə zəngin və çoxşaxəli xalq yaradıcılığı irsinin toplanılıb öyrənilməsinə əslində (XIX yüzildə az-çox iş görülsə də) XX yüzildə başlanıb.

Türk dünyasının dərin qatlarından süzülüb gələn ozan-aşıq sənəti tarixin müxtəlif keçidlərində enişli-yoxuşlu yollardan keçə-keçə Qorqud atanın əzəmətində ozanı yaşatmış, orta yüzillərdən isə Kərəmin, Sarı Aşığın, Qurbaninin, Abbas Tufarqanlının, Xəstə Qasımın, nəhayət, Ələsgərin simasında həmən zirvəni yaratmışdır.

Şifahi ədəbiyyatla yazılı ədəbiyyat arasında körpü kimi ozan-aşıq sənəti Azərbaycan ədəbiyyatının onurğa sütunu olmuş, yazı ədəbiyyatı zamanın siyasətini ruhuna hopduranda xalq ədəbiyyatı, ozan-aşıq sənəti siyasətlə üz-üzə dayanıb bütün qüdrəti ilə sözünü demiş, tarixin sınaqlarından şərəflə çıxmışdır.

Belə əzəmətli abidələri xalq min illər boyu hafizəsinə köçürmüş, nəsillərindən-nəsillərə ötürmüş, cilalamış, sığallamış və zamanında bir zəka sahibi onu yazıya alıb ilkinini qoruyub yaşatmışdır…

Son dövrdə Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin milli mədəniyyətin qorunması və təbliği yönündə yürütdüyü məqsədyönlü siyasət bu yöndə bir-birindən gərəkli addımların atılmasına yol açıb.

Aşıq qurultayları, Azərbaycanda Aşıqlar Birliyinin yaradılması, ayrı-ayrı bölgələrdə aşıqların özək təşkilatlarının formalaşması və bunların gördüyü gərəkli işlər, respublika və beynəlxalq səviyyədə tədbirlərin keçirilməsi və sair mövzular da ensiklopediyada tarixi-xronikal ardıcıllıqla təqdim və təhlil olunub.

Prezident İlham Əliyev 2013-cü ildə Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışında deyib ki, bu məktəbin tikintisi o deməkdir ki, aşıq sənəti yaşayır və yaşayacaqdır:

“Əlbəttə ki, məktəbdə oxuyan şagirdlər, uşaqlar, gənclər bu sənəti gərək yaşatsınlar. Sizdən nümunə götürüb bu sənəti yaşatsınlar. Çünki aşıq sənəti bizim milli sərvətimizdir, milli sənətimizdir. Azərbaycanda aşıq sənətinin çox dərin kökləri vardır. Azərbaycan aşıq sənətinin vətənidir. Əlbəttə ki, sizin kimi istedadlı aşıqların fəaliyyəti, sizin əməyiniz gələcək nəsillər üçün də örnək olmalıdır. Çünki gənc nəsil vətənpərvərlik ruhunda və milli ruhda tərbiyə almalıdır. Həmişə gənclərlə görüşlər zamanı bunu qeyd edirəm ki, gənclər bilikli, Vətənə bağlı olmalıdırlar, vətənpərvər və milli ruhda böyüməlidirlər. Milli ruh da aşıq sənətidir. Milli ruh bizim musiqimizdir, muğam sənətidir, ədəbiyyatımızdır, xalçaçılıq sənətidir. Azərbaycanın bu sənəti bizim böyük sərvətimizdir, dünyanın sərvətidir.

Xalçaçılıq sənəti – onun vətəni Azərbaycandır. Aşıq sənətinin vətəni Azərbaycandır. Muğamın vətəni Azərbaycandır. Azərbaycan xalqı çox istedadlı xalqdır. Bu sənəti Siz yaşadırsınız və gənc nəsillərə əmanət edirsiniz. Ona görə, bu məktəbin tikintisi çox böyük məna daşıyır. Təsadüfi deyil, mən ikinci dəfə burada olarkən məsələ qaldırıldı ki, belə məktəbin tikintisinə ehtiyac vardır. Məktəbin təməl daşını bərabər qoyduq. Bu gün isə məktəbin açılışında bərabər iştirak edirik. Yəni, Azərbaycan dövləti gücləndikcə əlbəttə ki, məktəblərin tikintisi, musiqimizin, mədəniyyətimizin inkişafı ilə bağlı daha da ciddi addımlar atılacaqdır. Çünki bu, bizim gələcəyimizdir. Azərbaycan dövləti güclü, müasir dövlətdir. O dövlətdir ki, milli köklər üzərində qurulubdur. Ulu öndər Heydər Əliyevin dünyagörüşü bundan ibarət idi ki, müasir Azərbaycan, dövlətçiliyinin əsasları ancaq milli mənəvi dəyərlər üzərində qurulmalı idi və quruldu da.

Belə olan halda xalqımızın gələcəyi çox parlaq olacaqdır. Çünki bizim dövlətçiliyimizin əsasları milli əsaslardır. Bu gün bizim ideoloji əsaslarımız milli əsaslar, milli dəyərlər üzərində qurulubdur. Bu dəyərlər arasında bizim musiqimiz, ədəbiyyatımız, aşıq sənətimiz xüsusi yer tutur. Aşıq sənəti sadəcə olaraq xalq yaradıcılığı deyildir. Bu, Azərbaycan xalqının ürəyində yaşayan çox böyük dəyərdir. Siz də dəyərli insanlarsınız ki, bu sənəti yaşadırsınız. Ölkəmizin hər bir yerində milli musiqi, ədəbiyyat inkişaf edir. Bizim musiqimiz çox gözəldir və dünya miqyasında tanınır. Ədəbiyyatımız, kitablarımız, tarixi abidələrimiz – bizim dövlətimiz nə qədər zəngindir, xalqımız nə qədər istedadlıdır! Bütün bunlar xalqımızın istedadının məhsuludur. Ona görə, bu gün təkcə Gədəbəy üçün deyil, ölkəmiz üçün əlamətdardır. Çünki gözəl, yaraşıqlı məktəb açılır və bu məktəbdə oxuyacaq uşaqlar, gənclər bu sənəti yaşadacaqlar”.

Həqiqətən də ölkə rəhbərliyi bütün sahələr kimi mədəniyyət sahəsinin inkişafına da xüsusi önəm verir. Bu diqqət və qayğı mədəniyyət tariximizə verilən dəyərdir. Hər bir gənc onu yaşatmalı və inkişaf etdirməlidir.

Cavid
Yazı “Folklor və Musiqi İrsini Təbliği” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Aşıq sənətində gənclik və sənətin gələcəyi” layihəsi çərçivəsində hazırlanıb

Leave A Reply

Your email address will not be published.

Tərcümə »