Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinə qarşı hərbi təxribatlarının arxasında ABŞ dayanır.
Belə bir sensasion iddianı Modern.az-a açıqlamasında rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix irəli sürüb.
Ermənistanın hərbi təxribatlarını pisləyən tanınmış politoloq baş nazir Nikol Paşinyanın Qarabağın Azərbaycan ərazisi olması ilə bağlı bəyanatının ölkəsində çaxnaşma yaratdığını bildirib.
Anton Bredix erməni separatçılarının Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə təxribatlar törətməsini “Rusiyaya açılan atəş” kimi qiymətləndirib.
“Nikol Paşinyanın Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı bəyanatı sərhəddə təxribatlara və daxili iğtişaşlara səbəb olmalı idi. Bu da onun nəticəsidir. Belə bir sual ortaya çıxa bilər ki, sülh prosesində olan ölkələr üçün hərbi toqquşmaları kim yaradır? Daha doğrusu, hansı qüvvələr sülhün qarşısını kəsir və təxribatlarda maraqlıdır? Mən bu işdə Paşinyanın və onun ətrafının rolunun olduğunu düşünmürəm. Həm də təkcə “Qarabağ klanı” deyil. Bunun arxasında regiona daxil olmaq, Rusiya hərbçilərini əvəz etmək istəyən ABŞ-ın dayanması, Qarabağla bağlı təhlükəli oyuna başlaması kifayət qədər realdır”, – deyə rusiyalı ekspert vurğulayıb.
Qeyd edək ki, son günlər Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusuna qarşı təxribatları intensivləşib.