“Bu hadisə şəhidlərimizin də ruhunu şad edəcək”

0

Ermənistanla şərti sərhədimizin Laçından keçən hissəsində – Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsini yaradılmasının dövlətimiz tərəfindən rəsmən bəyan edilməsini hamımız qürur və sevinc hissilə qarşıladıq. Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması həqiqətən də günün ən xoş xəbəri oldu.

Bu hadisə 44 günlük Vətən müharibəsindəki Qələbəmiz qədər önəmli və tarixi hadisədir. Sərhədlərimizin bu hissəsinə nəzarət hüququna yiyələnməyimiz bölgədə tamamilə yeni situasiya yaradacaq. Məsələ sadəcə Laçın yolunda sərhəd və gömrük rejiminin bizim nəzarətimizə keçməsindən ibarət deyil. Bu hadisənin baş verməsi ilə ilk növbədə Rusiyanın Ermənistanla birgə “icad” etdiyi “Laçın dəhlizi” hüquqi qüvvəsini itirdi və avtomatik olaraq “dəhliz”dən yola çevrildi. Bu bizim üçün olduqca mühüm nəticədir.

Digər önəmli nəticə isə Xankəndidə Azərbaycan yurisdiksiyasının bərpası istiqamətində prosesin önünün açılmasından ibarətdir. Beləliklə, biz bu tarixi məqamın gerçəkləşməsinə bir addım da yaxınlaşmış olduq. İndi tam əminliklə deyə bilərik ki, biz 44 günlük müharibədə əldə etdiyimiz nəticələrin möhkəmləndirilməsi istiqamətində inamla irəliləyirik. Üçrəngli bayrağımızın Qarabağın ermənilər yaşayan hissəsində dalğalanacağı gün artıq elə də uzaqda deyil.

Milli Həmrəylik Partiyası olaraq bu gün Ordumuzun Laçın yolunda sərhəd-buraxılış məntəqəsini quraşdırması xəbərini böyük sevinc hissi və ruh yüksəkliyi ilə qarşılayan bütün soydaşlarımızın sevincinə qoşuluruq və bu münasibətlə həm xalqımızı, həm də Ali Baş Komandanımız İlham Əliyevi ürəkdən təbrik edirik.

Nəzarət-buraxılış məntəqəsini quraşdıran və sərhəd xidmətinin tətbiqinə başlayan Ordumuzun, Sərhəd Qoşunlarımızın əsgər və zabitlərinə isə “Eşq olsun!” deyirik. Bu gün Ordumuz bir daha sübut etdi ki, Qarabağ Azərbaycandır. Milli həmrəyliyimizi daha da gücləndirən bu hadisə şəhidlərimizin də ruhunu şad edəcək.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »