Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ vardır. Heç kəs bu hüquqdan kimi isə məhrum edə bilməz. Amma buna baxmayaraq təəssüflər olsun ki, bir çox ailələr qızlarını təhsildən yayındırırlar. Bu hal xüsusilə kənd rayonlarında daha çox təşkil edilir. Bəzi rayonlarda qızlara ikinci növ insan – duz yükü kimi yanaşıb, təhsilinə məhdudiyyətlər qoyulur. 7-ci bəzən də 9-cu sinifdən qızları təhsildən ayıraraq evdə oturdurlar. Elə də olur ki, məktəbli qızları məktəbdən çıxararaq dərhal ərə verirlər. Bəzi yeniyetmə qızlar isə təhsillərini və gələcəklərini düşünmədən “sevdiyi oğlana” qoşulub qaçır. Qızların qaçması daha çox bölgələrdə rast gəlinir. Əgər belə demək mümkünsə həmin “sevgi” qızların gözünü kor edir. Təhsilə olan maraqları azalır. Bütün bu halların günahı valideynlərdədi. Ona görə ki, onlar övladlarında təhsilə heç bir maraq oyatmırlar. Əksinə evdarlığı öyrədib “bax öyrən ev işlərini ki, gələcək qaynanan səndən razı qalsın” ruhunu aşılayırlar. Qızlara vaxtlarından beyinlərinə yanlız ərə getməyi təbliğ edirlər. Heç təəccüblü deyil ki, həmin bu qızlar ailə qurduqdan zorakılığa məruz qalırlar. Bir çoxları son nəticədə “atılmışlara” çevrilirlər.
Qızları kiçik yaşda ərə verəndə əlbəttə ki, yanlız kəbin kəsirlər və əgər gələcəkdə boşanmalar baş verərsə həmin o zavallı qızın hüququ olmur ki, özü və ya övladı üçün nəsə edə bilsin. Bundan sonra sınmış həyatı ilə barışır və ata evinə üz tutur. Burada da onu qaranlıq gələcək gözləyir. Əksər hallarda onu özündən qat – qat yaşlı bir insana ərə verirlər. Cəhalət mühitində yaşayan belə qadınlar arasında özünə sui – qəsd hallarına çox təsadüf edilir. Təhsilsiz, heç bir dünya görüşü olmayan və müasir həyatdan təcrid edilmiş belə qadınlar təbii ki, övladlarına təhsil və tərbiyə verməsi böyük sual altındadır. Belə vəziyyətdə təhsildən yayınma halları baş verir. Həmin valideyinlər özləri cəhalət mühitindən çıxdıqları üçün övladlarına da nə isə hər hansı müasirliyi aşılaya bilmir və beləliklə də cəhalət sindromu davam edir. Fikrimizcə kişilərin qadınlara yuxarıdan baxması bu problemi daha da çətinləşdirir. Oğlanlara kiçik yaşlarından qızlara hörmət hissləri öyrədilməlidir. Elə məqamlar olur ki, qardaşlar bacıları hər hansı səbəbdən gözümçıxdıya salanda valideynlər qardaşa dəstək olurlar. Böyüyəndən sonra təbii ki, belə oğlanlar öz həyat yoldaşlarına və qızlarına heç bir hüququ olmayan məxluq kimi baxırlar.
Bütün bunlarla mübarizə üçün radikal addımlar atılmalıdır. İlk növbədə azyaşlılar və yeniyetmələr arasında gender bərabərliyi haqqında bilgilər verilməlidir. İnkişaf etmiş müasir cəmiyyətdə müasir texnologiyanın hər hansı imkanlarından geniş istifadə etməklə mühüm təbliğat işləri aparılmalıdır. İstər orta məktəblərdə, istər ailədə və istərsə də cəmiyyətdə qadın kişi bərabərliyinin mövcud olması geniş təbliğ edilməlidir. Əgər bu istiqamətdə nəzərdə tutulan tədbirlər yuxarıda deyilən formalarda həyata keçirilərsə təbii ki, arzu olunmaz faktların faiz dərəcəsi aşağı enər və ya yekun nəticədə belə hallar baş verməz.
Ekspertlər hesab edirlər ki, erkən nikah demoqrafiyaya böyük zərbədir. Çünki ana olmağa hazır olmayan qadının dünyaya gətirdiyi uşaq çox vaxt tam normal olmur. Bundan başqa, uşaq ölümünün artması faktlarında bu məsələ az rol oynamır. Bununla yanaşı, erkən nikah məsələsində cavanlaşma amili də özünü qabarıq büruzə verir.
Ekspert Elmina Kazımzadənin fikrincə, ana nə qədər təhsilli, dünyagörüşlü olarsa, onun yetişdirdiyi övlad da bir o qədər savadlı, cəmiyyət üçün faydalı olar. Bunu nəzərə alıb, gələcəyin anası olacaq qızların kamil, intellektli, təhsilli insan kimi yetişməsinə şərait yaratmaq lazımdır.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyir ki, mövcud vəziyyəti aradan qaldırmaq üçün maarifləndirmə, bölgələrdə, ictimaiyyət arasında güclü təbliğat aparılmalıdır: “XXI əsrdə yaşayırıq. Qızlarımıza yüksək təhsil almaq üçün imkan yaratmalıyıq. Qızlarımız da oğlanlarımızla bərabər inkişaf etməlidir. Bu gün qadın-kişi hüquqlarının bərabərliyindən danışırıq, qadınlara bərabər imkanlar, bərabər nəticələr verilməsini tələb edirik. Amma qızlarımız təhsildən yayınıb erkən nikaha gedirsə, bundan necə danışa bilərik. Ona görə də biz bununla bağlı bütün istiqamətlərdə işimizi gücləndirməliyik. Bu hadisənin artmaması, qarşısının alınması üçün əlimizdən gələn hər bir şeyi – ictimai səfərbərlikdən, ictimai qınaqdan tutmuş qanunlarımızın təkmilləşməsinə və möhkəmlənməsinə qədər bütün işlər görülməlidir”. N.Cəfəroğlu qeyd edib ki, cəmiyyət özü buna qınaq etməlidir. cəmiyyət bilməlidir ki, erkən nikah əslində ailənin təməlinin dağılmasıdır. Qız yetkin olanda daha ailəcanlı olur, ailənin, uşağın dəyərini dərk edir, öz məsuliyyətini anlayır: “Yeniyetmə yaşında olan qızlar ailə üzvlərinin, valideynlərin təzyiqi əsasında özlərindən qat-qat böyük kişilərə ərə verilirlər. Bir müddət sonra xasiyyətləri tutmadıqda və ya zorakılığa məruz qaldıqda boşanmağa məcbur olurlar. Boşandıqda isə rəsmi nikahları olmadığından heç bir mülkiyyət hüququ əldə edə bilmirlər. Bu məsələ bu gün də ciddi problem olaraq qalır”.
Mama-ginekoloq Raya Qasımova da fizioloji və psixoloji baxımdan qızların ailə qurması üçün ən yaxşı yaş həddinin 20-30 yaş arası olduğunu deyir. Onun sözlərinə görə, ərə getmək üçün qızların orqanizmi müəyyən qədər formalaşmalıdır. Bu baxımdan hələ 17 yaşı tamam olmayan bir qız ərə gedən zaman orqanizmdə reproduktiv funksiyanı yerinə yetirən, birbaşa beyinlə əlaqədar olan endokrin orqanlar öz funksiyasını tam şəkildə başa çatdırmamış olur. Ona görə də belə qızlarda bir sıra fəsadlar üzə çıxır: “Birinci, elə gözlə görünən patologiyanı deyim. Məsələn, 10 ildən sonra həmyaşıdları ilə müqayisədə belə qızlar xeyli yaşlı görünürlər. Hamiləliyi erkən toksikoz və başqa bir sıra fəsadlarla müşayiət olunur. Erkən yaşda ərə gedən qızların ana olması onlar üçün birbaşa psixoloji zərbədir. Sonrakı mərhələdə də aydındır ki, uşağa normal baxa, yaxşı qulluq edə bilmirlər”.
Psixoloq Gülnar Orucovanın sözlərinə görə, erkən nikaha daxil olan şəxslərin yaş həddi aşağı olduğundan iş tapmaqda da çətinlik çəkirlər: “Bu da onların ailədə yeni problemlər yaşamasına səbəb olur. Problemlər ciddiləşdikcə boşanmalara gətirir. Çox vaxt boşanmaların altında xəyanət dayanır. Xəyanət də sevgisiz evliliyin baş tutmasından yaranır. Bir sözlə, proseslərin hər biri öz növbəsində bir-birilə bağlıdır. Bu zəncirin də başında erkən nikahlar durur”.
Psixoloq qeyd edib ki, hazırda boşanan adamların çoxu 5 ildən az müddətdə evli qalanlardır: “Bu mənada düşünürəm ki, qanunla nəzərdə tutulmuş qaydada evliliklər 5 ildən tez sonlandırılmamalıdır. Qeyd etmək istərdim ki, övladlarının erkən nikaha daxil olmasına valideynlər şəxsən imza atır. Bu səbəbdən məsələdə bilavasitə iştirakçı olan valideynlər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu hal da daha çox bəzi mental dəyərlərin üstün olduğu bölgələrdə baş verir. Onlar düşünür ki, qızın evlilik yaşı 20-ni keçməməlidir. Belə qızları “evdə qalmış” adlandırırlar. Düşünürəm ki, qızın evdə qalmağı ailə qurub şiddət görməsindən, qısa müddətdə boşanmasından daha yaxşıdır”.
G.Orucova bildirib ki, erkən nikahların əksəriyyəti sevgi əsasında baş tutmur: “Bu da boşanmalara səbəb olur. Baş vermiş bir hadisəni qeyd etmək istəyirəm. 20 yaşında öz xalası qızı ilə ailə qurmuş adam 28 yaşında həyatının qadınını tapdığını deyir. Çünki o zaman özünü dərk etmirdi. Məncə, nikahın yaşı 20-yə çatdırılmalıdır. Bununla yanaşı dövlət tərəfindən psixoloq konsultasiyaları tətbiq olunmalıdır”.
Uşaq hüquqları istiqamətində milli qanunvericilikdə yeni islahatların nümunəsi kimi Azərbaycan Respublikası Prezidentinin 2012-ci ildə Fərmanı ilə təsdiq edilmiş “Uşaq Hüquqlarının Həyata keçirilməsinə Dövlət Nəzarəti Qaydası” əhəmiyyətli sənədlərdən biridir. Dövlət nəzarətinin məqsədi uşaqların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılmasıdır. Bu sənədə əsasən uşaq hüquqlarının həyata keçirilməsi istiqamətində dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilmişdir. Hazırda bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmış, gender məsələləri üzrə əlaqələndirici şəxslər təyin edilmişdir. Monitorinq qrupları baş vermiş zorakılıq hallarını araşdırır, qurbanının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə funksiyaları həyata keçirir. Rayon ərazisində baş vermiş məişət zorakılığı hallarının baş verməsi səbəbləri, zorakılıq törətmiş şəxsə qarşı müvafiq tədbirlərin görülməsi, həmçinin zərərçəkmiş şəxslə profilaktiki işin təşkili, psixoloji və hüquqi yardımların göstərilməsi məsələləri müzakirə edilmişdir.
Erkən nikahın qarşısının alınması məqsədi ilə dövlət strukturları, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar tərəfindən geniş kompaniyalar aparılır. Belə ki, təhsili stimullaşdıran, iş bazarına daxil olmaq üçün lazımı peşə biliklərini artıran, özunə-güvəni gücləndirən, iqtisadi məşğuluğu artıran layihələr hər zaman dövlət və digər qurumlar tərəfindən təşkil olunur. Maarifləndirmə zamanı digər sosial təbəqələrlə yanaşı, erkən nikahı dəstəkləyən ailələr və həmin mühitdə böyüyən qız uşaqları xüsusi hədəf qrupunu təşkil edir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nın 7.4-cü yarımbəndində, habelə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli, 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «2008-2015- ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015- ci illər) 3.5.2.1.-ci bəndində gender zorakılığı və uşaqlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə bağlı etibarlı monitorinq mexanizminin (sisteminin) yaradılması nəzərdə tutulub. Bu məqsədlə hazırda bütün yerli icra hakimiyyətlərində icra başçısının sərəncamına əsasən tərkibi aidiyyəti yerli icra orqanlarının nümayəndələrindən ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb. Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmiolaraq yerli monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi kimi funksiyaları həyata keçirir.
“Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2014-2018-cü illər)”na əsasən uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlərin aparılması, təhsildən yayınan və sosial cəhətdən həssas uşaqların reabilitasiyası üzrə tədbirlərin görülməsi nəzərdə tutulub. Bu istiqamətdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların təhsil aldığı müəssisələrdə təhsilə davamiyyət ilə əlaqədar mütəmadi görüşlər təşkil olunur, daha sonra müəyyən edilmiş risk qrupuna daxil olan uşaqların ailələri ilə preventiv işlər aparılır. Preventiv işlər çərçivəsində uşaqların təhsilə davamiyyəti ilə bağlı göstəricilər nəzərdən keçirilir, məktəbdə təhsil alan və risk qrupuna aid ailələrdən olan şagirdlərin təhsil göstəriciləri, eləcə də şagirdlərin dərsdənkənar üzləşə biləcəyi mənfi hallarla (narkomaniya, tütündən istifadə və s.) bağlı məktəb kollektivi ilə müzakirələr aparılır. Risk qrupuna daxil olan, xüsusilə qız uşaqlarını təhsildən yayındıran valideynlər nəzarətə götürülərək onlarla profilaktik işlər aparılır, problemlərinin həlli istiqamətində aidiyyəti dövlət orqanlarına müraciət edilir.
Cavid
Yazı “XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsildən yayınma, erkən nikah – yarımçıq qalan arzular” layihəsi çərçivəsində hazırlanıb