İran İsraili qarşısında görəcək

0

Azərbaycan onun hərbi təcavüzünə məruz qalarsa…

Azərbaycan İsraildə səfirliyini açdıqdan sonra İranın Bakıya qarşı qıcıqlanması və təxribatı getdikcə artdı. İran qırıcıları Azərbaycanın sərhədini pozdu, Naxçıvanla sərhəddə hərbi texnika topladı, Tehrandakı səfirliyimizə qarşı terror aktı törədildi, deputatlarımız daim hədələndi, hətta deputat Fazil Mustafanın evinin qarşısında terror aktına məruz qalmasında da İran izi tapıldı, Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında “Hüseyniyyun” qruplaşmasının “bayraqları” quraşdırıldı. İranın ölkəmizdəki casuslarının ifşası, həbsi isə hələ davam edir. İran öz çirkin siyasətini pərdələmək üçün müxtəlif üsullardan, böhtanlardan istifadə etməyə cəhdlər göstərib.

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün rəsmi Tvitter səhifəsində paylaşıb ki, bəs İranın Qafqazda strateji siyasəti bütün aşkar və gizli diplomatik imkanlardan və alətlərdən istifadə edərək hökumət və sistemin mütərəqqi və ağıllı qonşuluq prinsipinə əsaslanır. “İranın bu həssas bölgədəki siyasətini diktə edən amil, dövlət rəsmiləri tərəfindən müəyyən edilən və bəyan olunan milli maraqlar və təhlükəsizlikdir” – o bildirib.

Bu arada İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib ki, “onlar Azərbaycan ərazisindən İrana qarşı “İsrail sui-qəsdi”nə biganə qala bilməz”. Kənani bunu Ceyhun Bayramovun İsrail səfərində bu ölkənin xarici işlər naziri Eli Kohenin “İsrail və Azərbaycan İran tərəfdən təhlükəni eyni cür qəbul edir” sözlərinə istinadən deyir və iddia edirlər ki, bu, “İsrailin Azərbaycan ərazisindən İrana qarşı təhdidinin daha bir sübutudur”.

Halbuki, İsrail xarici işlər nazirinin açıqlaması Azərbaycanın mövqeyi deyil və Azərbaycan XİN də bu iddiaları təkzib etdi. Lakin bunun İran üçün fərqi yoxdur, çünki Tehran Eli Kohenin sözlərindən narahat olmaqdan daha çox, Azərbaycana qarşı bəhanə kimi yararlanmaq niyyətindədir.

Ötən həftənin sonunda isə İran Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası təqdim etməklə yenidən özünü gülünc vəziyyətdə qoydu. Guya etiraz notası Azərbaycan XİN-ə İranın Bakıdakı səfirliyi vasitəsilə çatdırılıb. Maraqlıdır ki, etiraz notasında İran Azərbaycanın bəzi media qurumlarının “nalayiq və təhqiramiz hərəkətləri”nin davam etməsindən narahatlığını bildirib. İranın Azərbaycan mediasına qarşı bu cür “əxlaqlı” iddiası və buna görə nota verməsi beynəlxalq diplomatiyaya qətiyyən uyğun deyil. Əvvəla, Azərbaycana qarşı illərdir fəaliyyət göstərən, ölkəsində deyil, yalnız Azərbaycanda yayılan “Səhər” kimi bir kanalı maliyələşdirən Tehran ən azı bu fakta görə Azərbaycan mediasında hər hansı məqaləyə görə etiraz edə bilməz. İkincisi, SEPAH-a bağlı media və Teleqram kanalları az qala hər gün Azərbaycana qarşı hədələyici videolar paylaşır, bir çox halda isə Azərbaycanın dövlət atributlarını təhqir edir. Azərbaycana qarşı bu cür təbliğat aparan, onu hər addımbaşı hədələyən bir ölkə Azərbaycan mediasını ittiham etmək və buna görə nota vermək haqqını çoxdan itirib.

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə cavab notası təqdim olunub.

Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə İranın Azərbaycana notasına dair mətbuatın sualına cavabında deyib ki, İran tərəfinin notasında Azərbaycan mediası ilə bağlı qeyd olunanların obyektivliyi əks etdirmədiyi vurğulanaraq, İran tərəfinə cavab notası, eləcə də İran mediasında Azərbaycan əleyhinə yayılmış bir sıra məqalələrin siyahısı təqdim olunub.

İranın ölkəmizdəki səfirinə bildirilib ki, İran mediasında mütəmadi olaraq Azərbaycan Respublikası, onun dövlət və hökumət rəsmiləri haqqında yayılan təhqir dolu, yalan, böhtan və qərəzli məlumatlar, eləcə də İranın tanınmış ictimai-siyasi xadimlərinin həqiqətdən uzaq bəyanat və çıxışları ölkələrimiz arasındakı münasibətlərə xələl gətirir və anlaşılmazlıqları daha da dərinləşdirir.

İranın qarının ağrısı nədir?

İsrailin tanınmış siyasətçisi, “Yetusəlimin əli” Təşkilatının rəhbəri Baruh Leviev “Xalq Cəbhəsi”nə deyib ki, Azərbaycanla İran arasında hazırkı vəziyyət çox gərgindir və İranın hərəkətləri Azərbaycan üçün təhlükə yarada bilər. Azərbaycanın bu məsələyə biganəlik göstərməsi düzgün olmazdı: “Bununla belə, məncə, vəziyyəti çox da gərginləşdirməməli, sadəcə hər şeyə hazır olmalısınız. Mən hər şeyə hazır ol deyəndə təkcə müdafiə baxımından deyil, həm də informasiya və ictimaiyyət baxımından nəzərdə tuturam. Qeyd edək ki, İranla Azərbaycan arasında müəyyən tarixi və geosiyasi fərqlər var. Xüsusilə, İran Naxçıvan vilayətinin onun ərazisinin bir hissəsi olduğunu iddia edir. Bundan başqa, İran İsraillə Azərbaycan arasında dostluq münasibətlərindən, xüsusən də tarixi əhəmiyyətli hadisənin baş verdiyi bu günlərdə Azərbaycanın İsraildə səfirliyinin açılmasından çox narahatdır. Hər iki ölkənin bir-biri ilə təkcə sosial və ya iqtisadi istiqamətdə deyil, həm də hərbi sahədə necə dost olduğunu görmək İranı çox qıcıqlandırır. Türkiyə ilə İran arasında bölgədə nüfuz mübarizəsini də unutmayın. Heç kimə sirr deyil ki, İran Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinə çox qısqanclıqla yanaşır”.

Leviev onu da bildirib ki, İsrail və Azərbaycan həqiqətən də ümumi təhlükəsizlik, iqtisadi və elmi maraqlara əsaslanan əlaqələri gücləndirirlər. Səfirliyin açılması İran tərəfindən öz milli maraqlarına təhlükə kimi qiymətləndirilir: “Yeri gəlmişkən, Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılış mərasimində iştirak etmək şərəfinə mən də nail olmuşam. Bu, həqiqətən də təsirli bir mənzərə idi. Və sadəcə olaraq havada uçan duyğu və sevgi fırtınasını sözlə təsvir etmək çox çətindir. Bu şəraiti nəzərə alaraq, İranın Azərbaycana təzyiq göstərmək üçün müxtəlif üsullardan, o cümlədən hərbi əməliyyatlar, terror aktları və siyasi təxribatlardan istifadə etməsi mümkündür. Bu gün biz bunu qismən müşahidə edə bilərik. Lakin İran nəzərə almalıdır ki, onun Azərbaycana hərbi təcavüzü ciddi nəticələrə gətirib çıxara bilər və Azərbaycanla yanaşı digər region dövlətlər tərəfindən cavab tədbirləri görülə bilər. Burada sual yaranır… İran açıq hərbi qarşıdurmaya hazırdırmı? Bu, bir çox amillərdən, o cümlədən onun hərbi imkanlarından, siyasi məqsədlərindən, daxili sabitlikdən və beynəlxalq münasibətlərdən asılıdır. Hərbi qarşıdurma təhlükəli və gözlənilməz ola bilər. Bölgədə, xüsusən də İranın özü ətrafında mövcud vəziyyətin təhlilinə əsaslanaraq, mən daha çox inanıram ki, regionda ciddi eskalasiya İran rəhbərliyi üçün sərfəli deyil və belə bir avantüra onlara baha başa gələcək”.

İsrailli siyasətçinin fikrincə, ümumiyyətlə, İranın Azərbaycan üçün təhlükəsi onun siyasi və geosiyasi maraqlarına nail olmaq üçün müxtəlif təzyiq üsullarından istifadə etmək potensial imkanındadır. Bununla belə, Azərbaycan güclü və müstəqil dövlətdir, öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə hazırdır: “Dövlətimizlə bağlı şəxsi müşahidələrimə əsasən qeyri-rəsmi şəxs kimi qısaca qeyd edim ki, İsrail kənarda durmayacaq. Amma hər bir ölkə müdafiəsini özü qurmalıdır. Heç bir ölkə hücuma məruz qalan ölkəyə öz ordusunu göndərməz. Rusiya-Ukrayna müharibəsində bunu müşahidə edirik. Azərbaycan istənilən təcavüzdən özünü müdafiə etməyə hazır olmalıdır. Amma bütün bunlara baxmayaraq, əgər Azərbaycan İranın hərbi təcavüzünə məruz qalarsa, İsrail hərbi, iqtisadi, informasiya sahəsində dost, qardaş ölkəyə kömək etməyə hazırdır”.



Leave A Reply

Your email address will not be published.

Tərcümə »