Naxçıvanda yüzlərlə fəhlə tətilə başladı

0

Naxçıvanda “Arkoz Holdinq”ə məxsus fabrik və zavodlarda çalışan yüzlərlə fəhlə dünəndən etibarən tətilə başlayıb.

Bakı.vs xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a tətilə qoşulan fəhlələr məlumat veriblər.

Bildirilib ki, buraya “Daş Məhsulları Sənaye Kompleksi”, “Bellissa Mebel Fabriki”, “Plastik Məhsulları İstehsalı” və digər müəssisələr daxildir.

Fəhlələr üç aydır maaşlarının verilməməsinə etiraz edirlər.

Onlar bildirirlər ki, problemlə bağlı rəhbərliyə dəfələrlə müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

Tətilçilərdən Naib Məmmədov deyir ki, üç ay ərzində xeyli borca düşüblər və bu etiraz aksiyasını keçirməkdən başqa çıxış yolu görməyiblər:

“Əvvəl də maaşlarımız gecikib. Ancaq ilk dəfədir ki, üç ay müddətində maaşlarımızı ala bilmirik. Dəfələrlə rəhbərliyə şikayət etsək də, əhəmiyyət verən olmayıb. Nəhayət, son çarə olaraq bütün işçilər sözü bir yerə qoyaraq işləməkdən imtina etdik. Maaşlarımız verilmədikcə işləməyəcəyik”.

Digər tətilçi Şahin Qurbanov deyir ki, tətili dayandırmaq üçün rəhbərlik onlara təzyiq edib, hədələyir:

“Bizi işdən çıxarmaqla, həbslə hədələyirlər. Öldürsələr də, maaşımızı almayınca işə çıxmayacağıq. Qabaqdan bayram gəlir, borc boğaza yığılıb. Uşaqların üzünə baxa bilmirik. Özləri milyonları talayıb, rahat evlərində oturublar. Biz bayrama bir kilo düyünü necə alacağımızın dərdini çəkirik”.

Fəhlələrin kütləvi tətil etməsini “Arkoz Holdinq”dən də təsdiq ediblər. Holdinqin adının çəkilməsini istəməyən əməkdaşı bildirib ki, rəhbərlik problemin tezliklə həll olunmasına çalışır:

“Maaşların üç aydır verilməməsinə görə işçilər işləməkdən imtina ediblər. Yoxlamalar oldu, müəyyən maliyyə problemləri var. Hələlik bu problemləri həll etməyə çalışırıq. Tətillə bağlı bu gün holdinqin rəhbərliyi işçilərlə danışıb. İşi davam etdirməyi tələb edib, yaxın günlərdə maaşların ödəniləcəyinə söz verib. Lakin işçilər israrla maaşları verilməyənə qədər işə çıxmayacaqlarını bildiriblər”.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub. “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə Heyətinin sədri olub.

Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm “Gəmiqaya”, həm də “Arkoz” adlı onlarla şirkət mövcuddur.

Qeyd edək ki, Emin Uçara məxsus “Arkoz” şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »