1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verənlərin canlı şahidi olan güneyli fəal və yazıçı İbrahim Şizlinin Axar.az-a müsahibəsi:
– İbrahim bəy, 20 Yanvar gecəsini necə xatırlayırsınız?
– Həmin günlərdə mən cəmiyyətin bir üzvü kimi orada idim, meydanlara çıxmışdım. O gecəni isə yaxşı xatırlayıram. Yanvarın 19-u axşama yaxın idi və biz 4 nəfər güneyli mühacir məhəllədə söhbət edirdik. Xəbər çıxdı ki, televiziya verilişləri kəsildi. Dostumuz Nasir Rəhbəri də – biz Siyamək deyirdik – bizimlə idi. Mindik maşına, parlamentin binasının qarşına getdik. Camaat həyəcanla danışırdı ki, televiziyanın enerji blokunu partladıblar. Partladanlar iki nəfər olub və qaçıb gediblər, onları axtarırdılar. Siyamək hara deyirdi, ora gedirdik. O da gənc oğlan idi. Ona qoşulub, “Salyan kazarması” deyilən yerə baş çəkdik. Çoxlu insan var idi, çıxış edirdilər. Sonra qərargaha getmək qərarına gəldik. Səttarxan zavodunun qarşısında cavan uşaqları gördük, hərəsinin əlində bir dəmir parçası var idi. Az keçmədi güllə səsləri eşitdik. Hərə bir tərəfə qaçdı. Geri dönəndə beş nəfərin yaralandığını gördüm. Su istəyirdilər, razı olmadım. Bunları taksiyə mindirdik, xəstəxanaya apardılar. Güllə səsləri isə çox şiddətli gəlirdi. Amma haradan atdıqlarını bilmirdik, görünmürdü. Bir müddətdən sonra sakitlik oldu. Daha atmırdılar. Evə – Zığ şossesi tərəfə qayıdanda yol boyu insanların bir yerə toplaşdığının, lakin hadisələrdən xəbərsiz olduğunun şahidi olurduq. Yolda bizi bir hərbi maşın saxladı, sorğu-sual etdi. Sonra buraxdı.
Ertəsi gün yenə şəhərə gəldik. Gördük, yollara səliqə ilə güllər düzülüb. Meydan izdihamlı idi. Hətta rayonlardan belə əhali yığılıb bura axışmışdı…
– Faciənin cinayətkarları barədə nə deyə bilərsiniz?
– Əsas günahkarlardan, oyunçulardan biri, əlbəttə, Qorbaçov idi. 33 il vaxt keçib, hələ də bunun ciddi araşdırıldığını görməmişəm. Ona görə də cəzasız qaldılar. Hələ Qorbaçova Nobel sülh mükafatı da verdilər. Ağır cinayət törətmişdi, məhkəməyə verilməli halda mükafatlandırıldı. Baş verənləri tarixçilər, siyasətçilər analiz etməlidir. Təəssüf edirəm ki, bizim millətin övladları bu qırğınların qurbanı oldu. Ölənlər günahsız insanlar idi. İnsan həyatıdır, onları heç nə ilə əvəz etmək olmaz.
– Güney Azərbaycanda bu hadisə necə qarşılandı?
– Hadisə Güney Azərbaycanda çox böyük rezonans doğurdu. Sərhədlər götürülmüşdü deyə, oradan insanlar Bakıya dəstək üçün gəlirdi. Yaralılara, hətta Ermənistandan qovulanlara maddi yardım da edirdilər. Güneydə millət 20 Yanvarı böyük faciə hesab edirdi. Naxçıvandan Təbrizə şəhidlərin anım mərasiminə gedənlər oldu. Şəhidlərin xatirəsini əziz tutdular, birlik nümayiş etdirdilər. Ehsan mərasimləri təşkil olundu. Özüm orada olmasam da, qohum-əqrabam orada idi və bu barədə xəbər verirdilər. Bir məqamı da qeyd edim ki, 20 Yanvar ərəfəsində, meydan hərakatında Bakıda yaşayan güneylilər çox fəal idi. Siyaməki tutmuşdular. Sonra geri – İrana qaytardılar. O, təzədən Bakıya döndü və yenidən həbs etdilər. Mənə “Fədai” təşkilatından rəhbərlik göstəriş verdi ki, onu həbsdən qurtarmağa yardım edim. On bir ay əzab-əziyyətdən sonra Siyaməki azad edə bildik. Yəni 20 Yanvar – istər güneyli, istər quzeyli, fərq etmirdi – bizim faciəmiz idi. Biz bu hadisənin təsirindən hələ də çıxa bilmirik.
– Şəhidlər Xiyabanına tez-tez gedirsiniz?
– Mənim üçün insan ölümü çox ağır dərddir. Hərdən ürəyimi boşaltmaq üçün orada bir az dolanıram. Xatirələrini əziz tuturam. Xaricdən qonaqlarım gələndə Şəhidlər Xiyabanına aparıram. Bizim kimi başqa ölkədə yaşayan mühacir və fəallarla birgə o müqəddəs yeri ziyarət edirik. 20 Yanvar hadisəsi bizi oyatdı, kimliyimizi ortaya qoydu. Özümüzü tanıdıq. Cənubi Azərbaycanda “Haray-haray, mən türkəm” şüarları bu hadisələrdən sonra dilə gəldi. Bu ağır faciədən sonra onların da başına sanki ağır bir zərbə dəydi və eyni millətdən olduğunu dərk etdi. Hər iki tərəfdə bu ruh hiss olundu. Özüm o vaxt daha cavan idim və bu işlərlə həvəslə məşğul olurdum. İndiki çağımda da çalışıram nəsə edim.