Ədiblərimizin yaradıcılığında cənub yanğısı

0

Cənub dərdi, cənub həsrəti 2 əsrdir Azərbaycan xalqının ürəyində dərin sağalmaz yaraya çevrilib. 1828-ci ildı tarixə qanla yazılmış İran və Rusiya arasında imzalanmış Türkmənçay müqaviləsi ilə Azərbaycan 2-yə bölündü.

 

1813-cü ildə bu iki dövlət arasında imzalanmış Gülüstan müqaviləsi Azərbaycan xalqının gələcək faciəsinə çevriləcək Türkmənçay müqaviləsinə yol açdı.

 

Xalqımız həm Rusiya, həm də İran hakimiyyəti tərəfindən olmazın məhrumiyyətlərə məruz qaldı, qanlı faciələrlə üzləşdi. 2 əsr keçməsinə baxmayaraq, belə bir münasibət mətin xalqımızın iradəsini, əzmini qıra bilmədi. Hər vəchlə öz dilini, dinini, milli adət və ənənələrini, milli dəyərlərini, mədəniyyətini, ədəbiyyatını qoruyub saxladı.

 

Müstəqil Azərbaycan Respublikasının yaradılması isə əslində bu müqavilələri laxlatdı, onun getdikcə torpağa gömülməsinə start verdi…

 

Zaman-zaman ədiblərimizin yaradıcılığında cənub mövzusu ürək ağrısı ilə təsvir edilib. Həm də ədiblərimiz yazılarında 2-yə parçalanmış xalqımızı daim haqq səsini qaldırmağa, azadlığa çıxmağa, özünün müstəqil dövlətinin yaradılması uğrunda mübarizəyə səsləyən maarifçi əsərlər yaratdılar.

 

1905-1911-ci illərdə Azərbaycanın döyünən ürəyi sayılan, inqilablar beşiyi Təbrizdə milli-azadlıq hərəkatı (Məşrubə hərəkatı) başlanıldı. Bu hərəkat Səttarxanı böyük sərgərdə səviyyəsinə qaldırdı. 1907-ci ildə Təbrizin Əmirxiz mahalının azadlıq fədailərinə rəhbərlik edən Səttarxan nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı, cəsurluğu, şücaəti ilə azadlıq fədailərinin sevimli sərkərdəsinə çevrildi. Səttarxanın bu qəhrəmanlığından ilhamlanan, vəcdə gələn böyük şairimiz Mirzə Ələkbər Sabir “Səttarxana” adlı şeirində yazırdı:

 

Ta ki millət məcməin Tehranda viran etdilər,
Türklər Səttar xan ilə əhdi- peyman etdilər,
Zülmü istibdadə qarşı nifrət elan etdilər,
Millətə, milliyətə can nəqdi-qurban etdilər,
Ayeyi-Zibhi əzim itlaqi ol qurbanədir,
Afərinin himməti-valayi-Səttarxanədir.

 

İştə Səttarxan, baxız, İranı ihya eylədi,
Türklük, İranlılıq, təklifin ifa eylədi,
Bir rəşhadət, bir hünər göstərdi, dəva eylədi,
Dövlətin bir əynini dünyada risva eylədi,
Qaçmayıb pərvanətək oddan, demə pərvanədir,
Afərinin himməti-valayi-Səttarxanədir.

Afərin təbriziyan, etdiz əcəb əhdə vəfa!
Düstü düşmən əl çalıb eylər sizə səd mərhəba!
Çox yaşa, dövlətli Səttarxan, əfəndim, çox yaşa!
Cənnəti-əladə Peyğəmbər sizə eylər dua,
Çün bu xidmətlər bütün islamədir, insanədir,
Afərinin himməti-valayi-Səttarxanədir.

 

Səttarxan, Bağırxan, Xiyabani, sonralar Pişəvəri azadlıq carçıları kimi başladıqları hərəkatlar İranda şah rejimi tərəfindən qəddarlıqla, amansızlıqla yatırıldı, qanda boğuldu.

 

Nədəndirsə, ədiblərimiz cənub mövzusunu qələmə alarkən istinad etdikləri əsas hədəf “Araz” çayıdır. Sanki, onlar ürək sözlərini “Araz”a söyləyir, qəlblərindəki istəkləri ona ünvanlayır, başqa sözlə təsəlli tapırdılar.

 

Dahi dramaturq Cəfər Cabbarlının da yaradıcılığında bu mövzuya rast gəlinir. O, xalqın 2-yə bölünməsində obrazlı desək “Araz”ı suçlayır:

 

Araz, çəkil aradan, qovuşsun Azərbaycan!

Araz, söylə nə üçün, sən yol saldın buradan?

Yoxsa qorxdun azadlıq, gəlib keçsin oradan?!

Ya ki, Azər yurduna, salam etsin Savalan.

 

Araz, rədd ol aradan, bir olsun Azərbaycan!

Kimdir səni yaradan?

Böldün böyük Vətəni,

Araz, böylə aradan.

 

Bu şeirdə C.Cabbarlının hayqırtılarını, qəlb çırpıntılarını, bütöv Azərbaycan istəyini, Vətən sevgisini görmək, hiss etmək olur.

 

Yaradıcılığında S. Rüstəm qədər cənub mövzusunda əsərlər silsiləsi yaradan ikinci bir ədib yoxdur desək, yanılmarıq. XX əsrdə vahid şimallı-cənublu Azərbaycan ədəbiyyatı, “O tay bu tay”, “O sahil bu sahil”, “Bakılı, Təbrizli”, “Vətənin birliyi”, “Bütöv millət” kimi anlamlarının elmdə, ədəbiyyatda yaşamasının, dillər əzbərinə çevrilərək beyinlərimizə, şüurumuza nüfuz etməsinin əsas səbəbkarlarından biri və birincisi məhz S.Rüstəm olmuşdur.

 

Başqa sözlə, S.Rüstəm cənub mövzusunda yazmaqla Azərbaycan poeziyasına yeni poetik çələng bəxş elədi. Məncə, şairin bu mövzuda yazdığı əsərlər sirri açılmamış sandıq ədəbiyyatıdır.

 

II Dünya müharibəsi illərində İranda, Cənubi Azərbaycanda olan S. Rüstəm qəddar şah rejiminin ölkədə törətdiyi fəlakətlərin acı nəticələrini gözləri ilə görmüş, imperializm əleyhinə mübarizənin canlı şahidi olmuşdur.

 

Cənub mövzusu şairin yaradıcılığında sanki ikinci nəfəs açmışdır. Sovet hakimiyyətinə inanan, bütün varlığı ilə ona rəğbət bəsləyən şair rejimin amansız siyasətinə bir vətəndaş etirazını bu mövzuda yazılan şeirlərlə birbaşa, dolayısı və sətiraltı mənalarda böyük ustalıqla qələmə almışdır. Bu mövzuda yazılan şeirləri diqqətlə oxuyanda görürsən ki, şairin etiraz dolu hayqırtıları həm o taydakı, həm də bu taydakı rejimə qarşı yönəlib. O dövrdə belə səviyyədə şeirlər yazmaq böyük cəsarət, hünər və iradə tələb edirdi. Lakin S.Rüstəm öz həyatını təhlükəyə ataraq bir vətəndaş kimi, xalqının oğlu kimi bu prosesdə geridə qalmadı. O zaman həm İran da, həm də SSRİ-də dövlətin ana dilimizə qarşı uzanan əllərinə şair “Dilimə dəymə” şeri ilə qarşı çıxdı:

 

Mən sənin dilinə dəymirəm, cəllad,

Gəl, sən də bu ana dilimə dəymə.

Sənin də bağın var, gülün var, çəkin,

Bağımda əkdiyim gülümə dəymə!

 

Bu etiraz kövrək bir vətəndaş şairin fəryadı deyilmi?

 

“Könlümə Təbriz düşdü”, “Təbrizim”, “Ayrılıq günü”, “Vüsal həsrəti”, “Anam dili qardaşım” və.s. S. Rüstəmin cənub mövzusunda yazdığı qiymətli sənət inciləridir.

 

Xüsusilə də, şairin Məhəmmədhüseyn Şəhriyarla yazışmaları-məktubları diqqəti daha çox çəkən əsərlər kimi yaddaşlarda həkk olunub. Bir maraqlı fakta diqqət yetirmək yerinə düşər. Şəhriyar doğma Vətən torpağının ikiyə bölünməsində Araz çayını suçlayaraq deyir:

 

Göz yaşımsan, Ay Araz,

Qoyma gözüm baxsa da görsün.

Nə yaman pərdə çəkibsən

İki qardaş arasında.

 

S.Rüstəm isə Arazın adından bu şeirə tutarlı cavab verir:

 

Yox, yaranmamışam mən göz yaşından,

Göyərcin dalğalı Arazdır adım.

Ay Ellər, qardaşı qan qardaşından

Ayıran ayırdı, mən ayırmadım.

 

Məntiqli və cəsarətli cavabdır, deyilmi?! Əslində şair bunula Azərbaycanı ikiyə bölən Rusiya ilə İran rejimini ittiham edir, bu bölünmənin əsas səbəbkarlarının kimlər olmasını oxucuya aydın olaraq çatdırır, onu düşünməyə vadar edir.

 

Yeri gəlmişkən, görkəmli ədib, filologiya elmləri doktoru Mir Cəlal Paşayev S.Rüstəmin yaradıcılığında cənub mövzusundan söz açarkən demişdir: “Cənubi Azərbaycanda onun saf ana dilində səslənən səmimi, odlu, təzə, təravətli şeiri Təbrizdə azərbaycançılıq məfkurəsinin, vətənpərvərlik və qardaşlığının bir manifesti kimi təsir bağışlamışdı. Böyük Sabirin, Vurğunun və Süleymanın şeiri Cənubi Azərbaycan oxucu və dinləyicilərinin yalnız fikir intibahına, inqilabi ruh yüksəkliyinə, ideyaca silahlanmasına deyil, həm də estetik zövqünə və ədəbiyyata daha yeni, daha ayıq münasibətinə səbəb olmuşdu…”.

 

Bəli, cənub ağrısı, vahid vətən, birləşmək arzusu, istiqlal, hürriyyət, Təbriz həsrəti S.Rüstəm yaradıcılığının bu mövzuda əsas leytmotivini təşkil edirdi.

 

Bütöv, bölünməz, vahid Azərbaycan deyərək, əbədi vətən sevgisini şeirlərində əsl vətandaş kimi, Araza xitabən, ilhamla, iftixarla tərənnüm edirdi:

 

Araz! Hər yaz çəmən birdir o sahildə, bu sahildə,

Qərənfil, yasəmən birdir o sahildə, bu sahildə.

Bilirsən ki, suya kəskin qılınc vursan da ayrılmaz,

Ürək birdir, bədən birdir, o sahildə, bu sahildə.

Ürək telli müqəddəs saz, şerdən incə xoş birdir.

Araz, bildinmi sən birdir o sahildə, bu sahildə?

Süleyman, gəl haray sal, qoy bütün aləm eşitsin ki,

Əziz, doğma Vətən birdir, o sahildə, bu sahildə,

 

Cənub ağrısı, bütöv, bölünməz vətən həsrəti, Araz dərdi, xalq şairi Məmməd Rahimin yaradıcılığından da yan keçməyib. Bir müddət Cənubi Azərbaycanda yaşayan şair qan bir, can bir, bacı-qardaşlarımızın bütün ağrı-acılarını, niskilini, bir-birinə qovuşmaq arzusunu “Xalçaçı qız”, “Qara daşın həsrəti”, “Arazın şikayəti” şerlərinə köçürüb:

 

Arazla bu səhər gəldim üz-üzə
Axıb gedən zaman yaşıl bir düzə,
Dedi: “Şairlərdən şikayətim var.
Mənim çox qəribə hekayətim var”
Dedim ki: “Nə olub”?
Qövr etdi dərdi,
Dedi: – El bir zaman mənə deyərdi:
“Arazım, Arazım, axan Arazım!
Sinəsi yadlara qalxan Arazım
Çağla ki, sən mənim öz vüqarımsan,
Sevincim, fərəhim, iftixarımsan”!
Dedim ki : “Elədir.”

 

Gəldi hiddətə:

“Elədirsə, nədən bəs qana-qana

Şairlər salırlar məni böhtana!

Qalır bir tərəfdə zülmkar, yağı,

Deyirlər sən böldün ana torpağı”.

O axdı, getdi.

Qəlbimdə yanğılar buraxdı, getdi.

Xəyala qərq etdi bu halət məni,

Öldürdü, doğrusu, xəcalət məni.

Ayrıldığım zaman kədərli çaydan,

Gördüm ki, qardaşım baxır o taydan.

 

Şair “İran başdan-başa zindandır bu gün” şeirində İranda hökm sürən hərc-mərcliyi, rejimin apardığı ədalətsiz siyasəti hədəf alır, ölkənin sözün əsil mənasında zindana çevrildiyini təsvir edir:

 

Təbriz kədərlidir, axşamdan bəri

Süzür qərib-qərib həsrətkeş qəmər.

Onun işığında gəzir şəhəri

Fikri, düşüncəsi qara kölgələr.

 

Qapanıb məktəblər, kitabxanalar,

Açılır ümumi evlər yenə də;

Saçından sürülür dərdli analar,

Həyat məhv edilir bir məngənədə.

 

Yoxdur igidlərin sıralarından.

Zindan o zindandır, dərban o dərban…

Çəkdiyim bu lövhə duyan halıdır

Zavallı, İranın öz timsalıdır.

Qərbin istəyini yaşatmaq üçün

İran başdan-başa zindandır bu gün.

 

Cənubi Azərbaycan, bütöv Vətən ideyası xalq şairi Bəxtiyar Vəhabzadənin bədii təsvir obyektlərindən olmuşdur. Şair bu mövzunu ötən əsrin 50-ci illərindən başlayaraq, yaradıcılığının bütün mərhələlərində davam etdirmişdir. “Sökün çəpərləri”, “Məktublar”, “Şəhriyara”, “Şair-vətən”, “Ustad Şəhriyarın S.Rüstəmə göndərdiyi məktubuna cavab”, “Cavab”, “Həsrət”, “Şəhərdə məktub” şeirləri ədibin bu qəbildən olan sənət inciləridir.

B.Vahabzadə xalqın göz dağı olan Araz çayı ilə ikiyə bölünərək o taylı, bu taylı damğası ilə damğalanan vətəndən böyük nisginliklə yazır, kövrək hisslərini misralara köçürürdü:

 

Arazın

bu tayı vətənim,

o tayı vətənim,

vətəni görməyə amanım yoxdur mənim.

 

-deyən şair bu nisgilini, ağrısını sona qədər ürəyində gəzdirirdi. Hər dəfə sərhədlərə baxarkən, tikanlı məftillərlə ayrılmış ellərimizə salam verə bilməməsini, vətən olsa da oraya ayaq basa bilməməsini özünə böyük dərd edirdi. Bu dərdi Füzuli dərdi ilə müqayisə edərək həsrətin nə qədər ağır, acı, sonsuz, çəkilə bilməyən olmasının isbatı kimi səciyyələndirilir:

 

Füzuli həsrətlə qürbətdən vətənə baxdı,

Mən isə…

Vətəndən-vətənə baxıram.

 

B.Vahabzadənin istiqlal və bütövlük ideyalarının qorunmasında müstəsna rol oynayan möhtəşəm əsərlərindən biri “Gülüstan” poemasıdır. Azərbaycanın birliyi və istiqlaliyyəti uğrunda çarpışan Səttarxan, Şeyx Məhəmməd Xiyabani və Pişəvərinin xatirələrinə həsr etdiyi bir poemadır. Şair əslində poemada xalqımızın ikiyə bölünməsinə gətirib çıxaran “Gülüstan” müqaviləsini ürək ağrısı ilə təsvir edir:

Öz sivri ucuyla bu lələk qələm,
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.

 

Necə ayırdınız dırnağı ətdən
Ürəyi bədəndən, canı cəsəddən?
Axı kim bu haqqı vermişdir sizə,
Sizi kim çağırmış, Vətənimizə?

 

Bir görəydim ayrılığı kim saldı,
Ölkəmizdə kim qırıldı, kim qaldı.

 

“Gülüstan”, “Türkmənçay” müqavilələrindən 200 il keçir. Lakin vahid, bütöv Azərbaycan ideyası hər zaman olduğu kimi yenidən gündəmə gələrək soydaşlarımızı, həmvətənlərimizi mübarizəyə səsləyir. 200 il öncə də, 100 il öncə də, elə bu gün də mahiyyət etibarı ilə rejim həmin rejimdir. Antitürk, anti Azərbaycan siyasəti İranın hazırkı molla rejiminin də ideologiyasıdır. 40 milyona yaxın həmvətənimizin  bu gün İranda hüquqları pozulur. Onların doğma ana dillərində belə məktəbləri, mətbu orqanları və s. yoxdur.

 

Lakin zaman dəyişir. Müstəqillik yoluna qədəm qoymuş Azərbaycan Respublikası tərəqqi edir. 44 günlük vətən müharibəsində zəfərə imza atmış Azərbaycan xalqı dünyaya sübut etdi ki, xalqımın qeyrətli oğul və qızları vətən torpaqlarını düşməndən azad etməyə, öz torpağına sahib çıxmağı bacaran bir müzəffər xalqdır. Bizim bu zəfərimiz cənublu bacı və qardaşlarımız üçün bir mayakdır. O gün uzaqda deyildir. Tezliklə, dünya bütöv, vahid Azərbaycan dövlətinin şahidi olacaq. Allah xalqımızı qorusun, hürriyyətimizi və dövlətçiliyimizi əbədi etsin!

 

Qafar Əsgərzadə

Əməkdar jurnalist, pedaqogika 

üzrə fəlsəfə doktoru, dosent

Leave A Reply

Your email address will not be published.

Tərcümə »