Azərbaycan ATƏT-in qərarını RƏDD EDİR

0

ATƏT-in Sədrliyi və Katibliyinin birbaşa aidiyyəti tərəflərin – Azərbaycan və Ermənistanın əvvəlcədən razılığı olmadan belə bir missiya göndərmək səlahiyyəti və mandatı yoxdur. Bu məsələ ilə bağlı qeyri-rəsmi məsləhətləşmələr açıq şəkildə göstərir ki, iki ölkə sərhədinə belə bir “ehtiyacların qiymətləndirilməsi qrupu”nun göndərilməsi ilə bağlı təşkilat daxilində konsensus yoxdur.

Bu barədə Azərbaycanın ATƏT-dəki Nümayəndəliyinin adından ATƏT Daimi Şurasında təşkilatın 2023-cü illə bağlı büdcə müzakirələri zamanı yayılmış bəyanatda deyilir.

“Katibliyin 19 oktyabr 2022-ci il tarixində guya ATƏT adından Ermənistana “ehtiyacların qiymətləndirilməsi qrupu”nun göndərilməsi ilə bağlı yaydığı bəyanat təşkilat daxilində şəffaflığın və hesabatlılığın təmin edilməsində Sədrlik və Katibliyin tamamilə uğursuz olduğunu nümayiş etdirir.

Xatırladaq ki, ATƏT-in alətlər qutusunda ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyası kontekstində işlənib hazırlanmış faktaraşdırıcı missiyalar da daxil olmaqla erkən xəbərdarlıq, münaqişələrin qarşısının alınması və böhranın idarə edilməsi üzrə bir sıra mexanizm və prosedurlar var. Ən əsası odur ki, onlar kooperativ xarakter daşıyır, bu isə o deməkdir ki, onların aktivləşdirilməsi üçün bütün dövlətlərin razılığı, xüsusilə də konkret vəziyyətdə birbaşa aidiyyəti olan tərəflərin əvvəlcədən razılığı və fəal dəstəyi vacibdir.

Bu, Azərbaycan hökumətinin tələbi ilə 2005-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərinə ATƏT-in faktaraşdırıcı missiyası və 2010-cu ildə Sahə Qiymətləndirmə Missiyasını göndərəndə belə olub. ATƏT bu missiyaları yalnız Azərbaycan və Ermənistan hər ikisi razılıq verdikdən sonra göndərməyə razılaşıb. 2020-ci ilin sentyabrında Ermənistanın Azərbaycana qarşı yenidən təcavüzündən əvvəl Azərbaycanın öz ərazilərinə göndərilməsini xahiş etdiyi Ehtiyacların Qiymətləndirilməsi Missiyası ATƏT tərəfindən heç vaxt Ermənistan tərəfindən razılaşmanın olmaması bəhanəsi ilə yerinə yetirilməyib.

ATƏT və onun icra strukturları və təsisatları Azərbaycanın əvvəllər işğal olunmuş əraziləri ilə bağlı ATƏT-in prinsip və öhdəliklərinin Ermənistan tərəfindən kobud şəkildə pozulması hallarını aradan qaldıra bilməyiblər. Ermənistanın müqavimətinə görə, ATƏT-in Katibliyi və təsisatları ölkəmizin təklif etdiyi sahələrdə Azərbaycanla əməkdaşlıq etməkdən çəkinirdilər.

ATƏT kontekstindən kənarda UNESCO-nun faktaraşdırıcı missiyasının Azərbaycan ərazilərinə səfərinin bu günə qədər baş tutmamasının yeganə səbəbi Ermənistanın etirazı və konsensus olmadığı halda UNESCO-nun missiya göndərməkdən imtina etməsidir.

Belə ki, ATƏT-in Sədrliyi və Katibliyinin birbaşa aidiyyəti olan tərəflərin – Azərbaycan və Ermənistanın əvvəlcədən razılığı olmadan belə bir missiya göndərmək səlahiyyəti və mandatı yoxdur. Bu məsələ ilə bağlı qeyri-rəsmi məsləhətləşmələr açıq şəkildə göstərir ki, iki ölkə sərhədinə belə bir “ehtiyacların qiymətləndirilməsi qrupu”nun göndərilməsi ilə bağlı təşkilat daxilində konsensus yoxdur. Görünən odur ki, Polşa sədrliyi iştirakçı dövlətlərin bütün rəylərinin nəzərə alınmasını təmin edə bilməyib. Müzakirələrin hələ də davam etdiyi bir vaxtda belə bir səfərin Azərbaycanla əvvəlcədən məsləhətləşmədən və xəbərdarlıq edilmədən elan edilməsi xüsusilə təəssüf doğurur”, – bəyanatda qeyd olunub.

Qeyd edilib ki, ATƏT-in Sədrliyi və Katibliyinin bu cür birtərəfli hərəkəti həm də məsuliyyətli və etibarlı vasitəçiliyə, eyni zamanda, etimadın yaradılması prinsipinə ziddir: “Bu təşəbbüs ATƏT-in mandatlı fəaliyyəti hesab edilə bilməz və olmayacaq. ATƏT-in heç bir vəsaiti və aktivi belə qeyri-konsensual fəaliyyət üçün istifadə olunmayacaq. Azərbaycan bu birtərəfli qərarı rədd edir və bir neçə iştirakçı dövlətdən olan bir qrup şəxslə əməkdaşlıq etməyəcək və bu şəxsi səfərin nəticələrini qəbul etməyəcək.

Azərbaycan Nümayəndəliyi xatırladıb ki, ATƏT-in Prosessual Qaydalarına uyğun olaraq yalnız ATƏT-in qərar qəbul edən orqanları tərəfindən təsdiqlənmiş qərarlar, bəyanatlar, bəyannamələr, hesabatlar, məktublar və ya digər sənədlər ATƏT-in qərarları və ya sənədləri adlandırıla bilər. Yalnız onlar bütün iştirakçı dövlətlərin razılaşdırılmış fikirlərini əks etdirir və bütün iştirakçı dövlətlər üçün siyasi məcburi xarakter daşıyır. ATƏT-in qərar qəbul edən orqanlarının sədrləri və ya ATƏT-in icra strukturları tərəfindən verilən sənədlər ATƏT sənədləri sayılmır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »