Şeyx Şuşadan erməni kilsəsinə səsləndi

0

Erməni Apostol Kilsəsi erməni revanşizminin önündə gedir, qisas təbliğatı, beynəlxalq müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır.

Report xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin Şuşada keçirilən 3-cü görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı minlərlə şəhidimizin qanı ilə öz əzəli torpaqlarını azad edərək tarixi ədaləti bərpa edib:

“Məscidlərimizdən azan səsləri ucalır, ata-baba torpaqlarımızda qurub yaradır və göz bəbəyimiz kimi qoruyuruq. İşğal dövründə müharibə cinayətlərindən çəkinməyən, Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədən, şəhər və kəndlərimizi məqsədyönlü şəkildə yer üzündən silən, torpaqları qəsdən yandırıb yararsız hala salan, su hövzələrimizi zəhərləyən, qəbiristanlıqları dağıdan, məscid və məbədlərimizi yerlə-yeksan edən erməni vandalizminin izlərini bütün dünya görür, basdırdıqları minalar bu gün də yüzlərlə mülki şəxsin həyatına son qoymaqda davam edir”.

QMİ sədri erməni siyasi rəhbərliyinin son sərhəd təxribatları ilə bağlı vurğulayıb ki, vəziyyətə dini don geyindirmək cəhdləri qeyri-məqbuldur:

“Lakin həqiqət bundan ibarətdir ki, məhz erməni dini dairələri din adından nifrətə çağırışlar, qızışdırıcı bəyanatlar səsləndirməkdədirlər. Erməni Apostol Kilsəsi erməni revanşizminin önündə gedir, qisas təbliğatı, beynəlxalq müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Uzun illər ərzində erməni siyasi liderlərin cinayətkar əməllərinə mənəvi haqq qazandıran erməni kilsəsinin rəhbərliyinin Xankəndiyə səfərlər edərək revanşist bəyanatlar səsləndirməsi böyük təəssüf doğurur. Bir əlində İncil, bir əlində avtomat, həyat deyil, ölümə, dinc birgə yaşayışa deyil, işğala, zülmə və zora xeyir-dua vermək dini dəyərlərlə bir araya sığmır, erməni xalqına vəd etdikləri səadət əvəzinə yeni faciələr gətirməkdədir. Nə qədər gec deyil, erməni kilsəsi Uca Yaradan qarşısında üzərinə düşən mənəvi missiyasını yerinə yetirərək, öz xalqının taleyini, ermənilərin tarixi müqəddəratını düşünərək müdriklik nümayiş etdirməli, xalqını məhvə sürükləmək əvəzinə, onu xilas edəcək, ona nicat və tərəqqi gətirəcək ideyalar təlqin etməlidir. Buradan, azad Şuşadan erməni kilsəsinə, Eçmiədzinə səslənirəm – revanşizmə, nifrət və təxribatlara son qoyun. Uca Yaradan qarşısında mənəvi borcunuzdan çıxış edərək ölümə, yeni müsibət və faciələrə deyil, həyata çağırın! Yalan vədlər deyil, məhz həqiqətləri demək sizin erməni xalqı qarşısında ən böyük tarixi xidmətiniz olar”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »