Eldar Həsənovun ailəsinin əmlakları geri qaytarıldı

0

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun 3 övladı – Anar Həsənov, Emilya Qurbanova və Səbinə Hüseynovanın adına olan əmlaklar geri qaytarılıb.

Report xəbər verir ki, bu barədə qərar Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi keçirilən prosesdə elan edilib.

Bildirilib ki, E.Həsənovun həyat yoldaşı Elmira Həsənovanın adına olan əmlakların isə bir hissəsinə qoyulmuş müsadirə qərarı ləğv olunub.

Xatırladaq ki, E.Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib.

Sabiq səfir Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

E.Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakları da müsadirə olunub. Daha sonra o, Apellyasiya şikayəti verib. Bakı Apellyasiya məhkəməsi E.Həsənovun şikayətini təmin etməyib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »