“Ordumuz həmişə qürur və fəxarət mənbəyimiz olaraq qalacaq”

0

Bu gün yaxın tariximizin ən əlamətdar günlərindən biridir. Belə ki, bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 2 il ötür. Mən bu münasibətlə iki il əvvəl olduğu kimi yenə də həm Cəbrayıl camaatını, həm də bütövlükdə xalqımızı təbrik edirəm. Çünki məhz həmin gün hər il Cəbrayılın işğal ildönümünün dərin kədər hissilə qeyd edilməsinə son qoyuldu və eyni zamanda digər torpaqlarımızın da mənfur erməni işğalından azad edilməsi üçün əlverişli əməliyyat şəraiti yaranmış oldu. Odur ki, biz bu tarixi günü qətiyyən unutmamalı və Şanlı Ordumuzun Cəbrayılı işğaldan azad etməsini gənc nəsilə, məktəblilərə qürur hissilə təbliğ etməliyik.

Gəlin əvvəlcə o günlərə qısa bir ekskurs edək. Müzəffər Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsinə məhz Füzuli-Cəbrayıl istiqamətindən başlamışdı. Və bu da dahiyanə düşünülmüş taktiki plan idi. 2020-ci ilin sentyabrın 27-də başlayan əks-hücum nəticəsində Ordumuzun apardığı uğurlu döyüş əməliyyatları nəticəsində öncə rayonun Böyük Mərcanlı, Nüzgar kəndləri, daha sonra 3 oktyabrda Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri düşməndən təmizləndi. Oktyabrın 4-də isə Cəbrayıl şəhəri və Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəjəl, Mahmudlu, Cəfərabad kəndləri də erməni işğalından azad edildi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərinin işğaldan azad edilməsini oktyabrın 4-də xalqa müraciətində elan etdi. Bütün xalqımız həmin xəbəri ayaqda və sevinc gözyaşları ilə qarşıladı. Bu, Qələbəyə köklənmiş bir xalqın, torpaqlarını azad görmək istəyən bir toplumun gələcək zəfərlərinin ilk müjdəsi idi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edilmiş ilk rayon kimi tarixə düşdü.

Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikasının məhv edildiyi Cəbrayıl əməliyyatı nəticəsində Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Məhz buna görə də Cəbrayıl əməliyyatı hərbi-taktiki nöqteyi-nəzərdən xüsusi əhəmiyyət daşıyan əməliyyat kimi yadda qalıb. Cəbrayılın mərkəzinin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsinin dönüş nöqtəsi oldu, sonrakı döyüş əməliyyatlarının taleyini həll etdi. Məhz Cəbrayıl əməliyyatından sonra artıq hər gün yeni-yeni ərazilərin işğaldan azad edilməsi ilə bağlı xəbərlər almağa, məşhur “tvit”ləri izləməyə vərdiş etdik. Bir sözlə, Cəbrayıl əməliyyatınının uğurla başa çatması Ermənistan silahlı qüvvələrinin “məğlubedilməz”liyi barədə mifləri darmadağın etdi, Azərbaycan Ordusunun döyüş əzmini və böyük potensialını üzə çıxartdı. Ordumuz bu qələbəsi ilə düşmənin mənəvi-psixoloji cəhətdən sınmasının, çöküşünün əsasını qoydu.

Müharibələrin bütün sonrakı taleyi demək olar ki, ilk döyüşlərdə həll olunur. Bu mənada, 44 günlük İkinci Qarabağ müharibəsinin taleyi də məhz Cəbrayıl döyüşlərində qazanılan qələbə ilə həll olundu. Biz bu qələbəni şəhidlərimizə, qəhrəman əsgər və zabitlərimizə borcluyuq. Təsadüfi deyil ki, dövlətimizin başçısı İlham Əliyev tərəfindən 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilib və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusu Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Qəhrəmanlıq və şücaət təcəssümü olan bu medal bu gün bir çox igidlərimizin yaxasını bəzəyir.

Cəbrayıl əməliyyatının uğurla başa çatması bu torpaqlarımızda Azərbaycan bayrağının yenidən dalğalanması üçün zəmin yaratdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltması müasir tariximizin ən parlaq səhifələrindən biridir. Məhz Xudafərində üçrəngli bayrağımızın ucaldılmasının mühüm tarixi və siyasi əhəmiyyəti var. Bu, müharibənin ilk günlərində öz qoşunlarını Arazın bu tayına keçirən və bizim Ordumuzun yolunu kəsməklə geri çəkilməkdə olan Ermənistan silahlı qüvvələrinə nəfəsini dərməyə, özünü toparlamağa macal verən qonşu İranın namərd hərəkətinə cavab kimi də çox önəmli hadisə idi. Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması məhz Azərbaycan xalqının bu torpaqların həqiqi sahibi olduğunu dostlarımıza da, düşmənlərimizə də nümayiş etdirdi. Azərbaycan xalqı bundan sonra bu torpaqlarda əbədi yaşayacaq. Ordumuz isə həmişə qürur və fəxarət mənbəyimiz olaraq qalacaq!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »