Bu günlərdə kiçik bir tədbirdə özünü azadlıq aşiqi adlandıran Nemət Pənahlının uzun-uzadı, məntiqsiz, özünüreklam xarakterli bir çıxışını dinlədim. Mən həmişə düşünürdüm ki, zaman insanı dəyişir. Sən demə, zaman bəzilərini heç dəyişmirmiş, əvvəlki xislətində saxlayırmış. Adını azadlıq aşiqi qoyan Nemət Pənahlı da belələrindən biridir. Həmin tədbirdə “azadlıq aşiqi” əvvəlki illərdəki “ağıl”, “məntiq” və “savad”la 1988-ci il “Meydan hərəkatı”ndan tutmuş bu günə qədər ölkədəki ictimai-siyasi proseslərdə həm varlığını sübut etməyə çalışmış, həm də, guya, siyasi proqnozlar verərək auditoriyanı özünə cəlb etmək istəyib.
On–on beş nəfərlik bir tədbirdə onun bu məntiqsiz çıxışına dəfələrlə etiraz olaraq nala- mıxa vurmamağa çağırılsa da, “məntiqlə çıxış et”-deyərək sözünün tədbir iştirakçıları tərəfindən kəsilsə də, o, 30 il əvvəlki Nemət kimi, heç nədən həya etməyərək, ağlına gələni danışmağa davam etmişdir. Doğrudan da, adamı gülmək tutur ki, çağırıldığın tədbirin iştirakçıları danışdığın nağıllara, miflərə etiraz edir, sən isə özünü “siyasətçi” hesab edərək buna məhəl qoymadan gözlərini yumub, ağzını açırsan. Bax, belələrinə deyirlər ki, Allah şəfa versin.
Gəlin onun keçmişinə bir az nəzər salaq.
Bu gün meydanda tək qalan Nemət Pənahlı 30 il öncə “Meydan hərəkatı”ndan sonra həbsdən qorxaraq İrana qaçmış və İrandan qayıtdıqdan sonra Milli Azadlıq Hərəkatının öndərlərinə qarşı qarayaxma kampaniyasına başlayaraq bu yolla gündəmə qayıtmaq istəyən Pənahlı vaxtilə əlini öpdüyü mərhum Əbülfəz Elçibəy də daxil hamını DTK agenti adlandırır, yenə də xalqı aldatmaq, yalnış yola cəlb etmək istəsə də buna nail ola bilmədi. 2021- ci il sentyabrın 21-də mətbuata verdiyi müsahibələrinin birində Nemət Pənahlı deyib ki, guya, həbs edildiyi dövrdə rus KQB- sinin generallarından biri ona deyib ki, sən kommunist olmadığına görə, səni Azərbaycana birinci katib qoya bilmərik. Amma, həbsdə olmağına baxmayaraq, səni deputat seçdirəcəyik. Sonra da Ali Sovetin sədri qoyuruq. Gələcəkdə isə prezidentlik təsis olunacaq və səni prezident seçəcəyik. Bu adamın fantaziyasına, uydurmalarına, nağıllarına fikir verin. Arzuladığını dilinə gətirib özünü gülünc vəziyyətinə qoyan beləsi indi “siyasi proqnozlar” verməklə yenidən gündəmə gəlmək istəyir.
1990-cı illərdə respublikamız parçalanmaq təhlükəsi ilə üz-üzə qalan zaman əvvəlcə qondarma Talış-Muğan Respublikasının ideya müəllifləri ilə birlikdə olan Nemət Pənahlı bölgədəki niyyətinin reallaşmadığını gördükdə Gəncədə , Surət Hüseynovun qiyamçı dəstəsinin yanında peyda oldu. Ulu öndər Heydər Əliyev ölkəni qiyamçılardan və separatçılardan təmizlədikdən sonra özünə Heydər Əliyevin yanında yer tapmaq üçün min bir oyundan çıxdı. Sonra daxili xislətini, xəyanatkarlığını ulu öndərdən də yan qaçırmadı. İç üzü açıldıqdan, ifşa olunduqdan sonra müşavirin müşaviri vəzifəsinə də layiq olmadığını özü təsdiqlədi və bu vəzifədən də qovuldu. Baxın, özünün dediyi kimi, Rusiya KQB- sindən “Ali Sovetin sədri və gələcək prezident vəzifələrini alan” savadsızın birisi Heydər Əliyevin idarəçiliyində müşavirin müşaviri vəzifəsində işləməyə razı oldu. Özünə və şəxsiyyətinə hörmət edən birisi, daha dəqiq desək, “gələcəyin prezidenti” belə bir vəzifədə işləməyə razı olmazdı. Ulu öndər onu bu vəzifəyə təyin etməklə sanki deyirdi ki, sən bundan artığına layiq deyilsən. Lakin bu əqidə sahibi müşavirin müşaviri vəzifəsində çox qala bilmədi.
Şamaxı rayonunun Nağaraxana kəndində kiçik bir bağ evim var. 2010-cu illərdə orada dincələrkən, kənd sakinləri mənə bildirdilər ki, Nemət Pənahlı qonşu Qaleybuğurd kəndində təbii bulaqdan çıxan suyu qablaşdıraraq satmaqla məşğul idi. Sonradan bu prosesi izlədim və gördüm ki, “azadlıq aşiqi” “Meydan hərəkatı”nda olduğu kimi, bu “biznesdə” də insanları çox aldada bilməyib və uğursuzluğa düçar olub. Çünki biznes də savad, dünyagörüş, təfəkkür tələb edir.
2011-ci ildə xuliqanlıq etdiyini görə, 6 il həbs cəzası almış Nemət Pənahlı 2016- cı ilin mart ayında Prezident İlham Əliyevin humanist siyasəti nəticəsində əfv olunub. Bu müddətdə də islah olunmayan Nemət Pənahlı 2018- ci ildə inzibati qaydada 30 sutkalıq həbs cəzası alır. Yuxarıda qeyd etdiyim kimi, 10-15 nəfərlik tədbirdəki çıxışına qulaq asarkən, düşündüm ki, bu adam 60 yaşına çatsa da, sanki 1988- ci illərin ab-havası ilə “bəlkə də qaytardılar” arzusu, həsrəti ilə yaşayır.
2021- ci ildə Prezident İlham Əliyevi 60 illik yubileyini AZƏRTAC vasitəsi ilə təbrik edən Nemət Pənahlının məktubu belə başlayır: “Cənab Prezident, Müzəffər Ali Baş Komandan”. Amma, onun bu təbrikinə özünün istədiyi səviyyədə diqqət yetirilmədiyi üçün “azadlıq aşiqi” incik düşüb və kimlərdənsə qisas almaq üçün yenə də gözlərini yumaraq, ağzını açıb.
Artıq dövran və zaman dəyişib, Nemət Pənahlı. Kimin kim olduğunu cəmiyyət çox yaxşı görür və bilir. Artıq insanlar dəyişib, şüurlarda da dəyişikliklər baş verib. İnsanlar artıq o vaxtki, sənin əl işarələrinlə oturub-duran insanlar deyil. Özündən başqa hamıda ləkə görənlərə “gözünü həkimə göstər” məsləhəti, sanki sənin üçün deyilib.
2019-cu il aprelin 2-də ADP sədri Sərdar Cəlaloğlunun müsahibələrinin birində səsləndirdiyi fikirlər yadıma düşdü. Bu fikirləri bir daha xatırlatmaq yerinə düşərdi: “Nemət Pənahlı özünü həmişə azadlıq aşiqi adlandırır. Əslində isə o, azadlıq məşuqudur. Məncə hər şey aydındır. Mən də Sərdar Cəlaloğlunun bu fikri ilə tam razıyam: “Nemət Pənahlı azadlıq aşiqi yox, azadlıq məşuqudur”.
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru