Masallıda “Şəhidlər ölməz, Vətən bölünməz” adlı mini futbol turnirinin final mərhələsi keçirilib.
İctimairey.az xəbər verir ki, oyundan əvvəl Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib
Masallı Rayon Gənclər və İdman idarəsi, AFFA, Azad Futbol Klubunun (Masallı) təşkilatçılığı və Bioloji Təbabət Klinikasının baş sponsorluğu ilə keçirilən turnirdə şəhid ailələri, qazilər, veteran futbolçular, AFFA və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Oyunları milli dərəcəli hakimlər Rəşad Aydınov və Xalid Quliyev idarə edib. Masallının Viləş mini stadionunda keçirilən həlledici oyunlarda “Ərkivan” ilə “Şassi” komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən oyunda “Şassi” rəqibini məğlub edərək turnirin qalibi olub.
Qeyd edək ki, 12 komandanın iştirakı ilə iyulun 4-də başlayan turnirin layihə rəhbəri Azad Futbol Klubunun prezidenti Mirələm Həşimovdur.
Yarışın keçirilməsində məqsəd şəhidlərimizin əziz xatirəsini yad etmək, futbolun inkişafına və kütləviliyinə, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkilinə nail olmaqdır.