Xəbər verildiyi kimi, 18 fevral 2022-ci il tarixdə 1982-ci il təvəllüdlü Xəyalə Abiyevanın qəsdən öldürülməsi faktı üzrə Şirvan şəhər prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.
İctimairey.az Şirvan şəhər prokurorluğunun məlumatına istinadən bildirir ki, müəyyən edilmişdir ki, Abiyev Elnur Mətləb oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Xəyalə Abiyevaya övladının gözü qarşısında ov tüfəngi ilə 1 dəfə atəş açaraq hadisə yerindən qaçmış, sonuncuya tibbi yardımın göstərilməsinə baxmayaraq aldığı xəsarətdən xəstəxanada ölmüşdür.
Bundan əlavə, Elnur Abıyevin tutularaq istintaqa cəlb edilməsindən ötrü Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncu polis əməkdaşlarına da ov tüfəngi ilə atəş açaraq onları öldürməyə cəhd etmişdir.
Elnur Abiyevə Cinayət Məcəlləsinin 120.2.4, (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.