Polisi döyən millət vəkilini 3 il həbs cəzası gözləyir – TOXUNULMAZLIĞI LƏĞV EDİLİR…

0

Xəbər verdiyimiz kimi, iyulun 29-da Xaçmaz rayonunda millət vəkili Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı təsdiqlənib.

Fakt üzrə materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib. 

Maraqlıdır, millət vəkilini hansı cəza gözləyir?

Tanınmış vəkil Roman Qaraşov Redaktor.az-a açıqlamasında bildirib ki, indiki halda E.Səlimov həbs edilə bilməz. Çünki onun millət vəkili toxunulmazlığı var. İlk növbədə Baş Prokurorluq onun toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat verməlidir:

“Hesab edirəm ki, ona verləcək cəzanın xarakteri, həcmi ilkin olaraq xuliqanlıq əməli kimi görünür. (Cinayət Məcəlləsinin 221-ci maddəsi: 221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır)

Lakin istintaqın gedişində fərqli məqamlar da ortaya çıxa bilər. Məsələn, cinayətin motivi, polis əməkdaşına yetirilmiş bədən xəsarətinin dərəcəsi, tərəflərin hadisədən sonrakı davranışı nəzərə alınacaq. Hazırda faktla bağlı cinayət işi açılmayıb, Baş Prokurorluğunun İstintaq İdarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsini gözləmək lazımdır”.

Qeyd edək ki, millət vəkilinin sərxoş olduğu və Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döydüyü deyilir.

E.Səlimov 55 saylı Xaçmaz şəhər dairəsindən deputat seçilib.

İctimairey.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »