ƏNVƏR ÇİNGİZOĞLU: Qarabağ toxucularından ərməğan..

0

Keçən çağlarda Qarabağ ərazisində toxuculuq geniş inkişaf etmişdi. Şuşa şəhərində, Lənbəran, Bərdə, Tuğ, Horadiz, Hindarx, Qarğabazar, Daşkəsən və başqa kəndlərdə müxtəlif növ və çeşidli parçalar toxunurdu. Toxuculuğun əsas sahəsi şərbaflıq, xalçaçılıq idi. Yardımçı sahələr isə həllaclıq, boyaqçılıq sayılırdı.

XVIII yüzildə Qarabağın yaşayış məntəqələrində parça istehsalı sahəsində meydana gələn müəyyən ixtisaslaşma sonrakı dönəmdə də davam edirdi. Burda istehsal olunub, geniş işlənən və başqa yerlərə ixrac olunan parçalar sırasında zərbəft, xara, atlas, tafta, qanovuz, kəmxa, kiseyə, məxmər, darayı, mahud, şal, tirmə, midqal, bez və s. qeyd etmək lazımdır. Bu parçalardan bəziləri xalq arasında “Hacı mənə bax”, “gecə-gündüz”, “gendə dur”, “alışdım yandım”, “küçə mənə dar gəlir”, “qonşu bağrı çatladan” və s. ad altında məşhur ildi.

Qarabağın Kəbirli mahalının Lənbəran kəndində toxuculuq hər yöndən inkişaf еtmişdi. «Lənbəran şalvarı» Qarabağ aristokratiyasının gеyimi idi. İbrahimxəlil xan Sarıcalı-Cavanşirin vəziri, ünlü şair Molla Pənah Vaqif yazırdı:

Çün bizim şalvarımız əlavü həm əfzəl gərək

Rəngi yaşıl, bir qədər qəddi dəxi ətvəl gərək,

Əbrişimi zülfi-müşkəfşanı müsmsəl gərək,

Toxuyan amma onu bir ağü nazik əl gərək,

Lənbəran məhvəşlərindən bu işə fеysəl gərək.

Toxuculuğun ən başlıca alətlərdən biri cır-cır cəhrədir. Nənələr əvvəcə onun qulağını yağlayar, tağalağını iyə taxar, sonra əlçimi iyin burnuna tutub fırladardılar. Düyçə iyə sarıldıqça dərdini zümzüməyə çevirərdilər:

Mənim cəhrəm palıddı,

Yarım hey, yarım hey!

Əlçimlərim qalıbdı,

Yarım hey, yarım hey!

Düyçədən yumaq, yumaqdan kələf düzəldərdilər. Xalı-xalçanın, gəbə-cecimin, nəməndin, kilimin əriş-arğacını toxuyardılar bu cəhrədə. Yüyrənə yumaq asan nənələr bir də görərdin qonşu qızını tovlayıb, iş gördürürlər:

-Qonşu qızı-ev gəlini, səni nəvəmə alacağam, gəl nənəyə kömək elə. Qırmızıyanaq qonşu qızı utana-utana əyləşərdi cəhrə başına. Naşılığından cəhrənin iyini əyərdi. Nənə əlçimin yedəyə yaxşı getmədiyini görüb qonşu qızına köməyə gələrdi:

-Ərişini arğacına bab elə,

Görən desin ha belə!

-Ay nənə, iyin əyriymiş, yaxşı əyrilmir,-deyə qız özünü duruya çıxarmaq istəyirdi.

-Yox, ay bala, iydə varsa, cəhrədə də var,-deyib qımışa-qımışa iyi düzəldərdi. Qonşu qızı əyirə-əyirə fikirləşərdi:

-Yun mənim, yumaq mənim, ev mənim-oymaq mənim…

Qarabağın alçası,

Döşənibdir xalçası.

Bir gözəl qız sevmişəm.

Qızıl gülün qönçəsi.

Xalça toxunuşunda başlıca alət həvədir. Xoş gördük, ay əyriboyun həvə!-deyə həvəni ələ alardılar. Xalı-xalçalar sənin dişlərinlə bərkiyib. Səni hanaya gupayan qızlar nə oxuyardılar:

Əlimdə həvə,

Gedirdim evə,

Bir sürü dəvə

Çıxdı qarşıma.

Yersiz gülüsəyən qonşu oğluna “Həvədiş!”-demişdi xalçaçı qız. Həvənin yanında boy verən kirgid özünü xatırladardı:

Əlində kirgid,

Pisliyi tərgid.

Kirgidin yanında sərgilənən xalça qayçısı da toxucu deyimlərinin bəzəyidir. Adıbəlli xalçaların uzun xovu bununla alınardı. Zərifləşərdi xalılar. Kəsə-kəsə qızlar oxuyardılar:

Əlimdə qayçı,

Dağlarda keçi,

Bir bölük elçi

Çıxdı qarşıma.

Keçən günnərdə bir arvad gün çırtdıyandan evdən çıxarmış ki, gedirəm Xanbala bəyin arvadı Xanımnisə xanıma xalça toxumağı öyrədəm. Arvadın əri də mızıldanarmış ki, niyə yaxşı xalça toxuyandan, hanı bizimki? Arvad da ərinin ağzının üstündən vurarmış ki, dilinə təbənə batsın, a yassar, qoy xanımı öyrədim, sonra növbə bizimdi. Xanım da yeddi batman yun vəd verib.

Qərəz, arvad bu mahnayla dörd fəsil oturur xanımgildə. Artıq-urtuqdla qarnını doyurur. Çöldən-çəməndən ac-susuz evə gələn kişi bir gün arvadı tapmayıb, bərk hirslənir. Çomağını götürüb, yollanır Xanbala bəygilə. Arvad uzaqdan ərinin gəlişini görüb, qırımından başa düşür ki, hirslidir. Özünü atır bayıra. Uca səslə üzünü xanıma tutub, deyir:

-Xanım, ay xanım, göyü göy elə, yanını yaşıl, mən gedirəm, ərim dalaşır..

Kəndimizdə qadınlar qız bəyənməyə hamama deyil, hana üstünə gedərdilər. Hansı qız əldən pərgarıdı, ərgənlərə nişan verərdilər:

– Qız, nə qız! Xalına bax, xalı toxu. On barmağında on mərifət var. Hananı burdan asır, ordan kəsir. Maşallah! Gədiyə bundan artıq qız olmaz ki.

Qadınlar tez bu qızın başının üstünü kəsdirirdilər:

-Qızım, mal danadan,

Ev hanadan. Gəl nənəyə kömək elə, xalını xallıyaq, al rənginən allıyaq. Xalçamızı kəsən günü, səni nəvəmə nişanlıyaq.

Qız da ağzını büzərdi:

-Yox, ay nənə, anam tapşırıb mənə:

Yun dararsan kilk olar,

Ev tikərsən mülk olar.

Qarı dilini şirin eləyirdi:

Gözəlim, mehribanım, nəvəmin bığ yeri tərləyib. Ərgəndi, bu günə-sabaha elçi gedirik. Gülnaz, Telnaz yoldadı.

-Yox, ay nənə, anam tapşırıb mənə:

Hana toxuyursan qıl olar,

Yer əkərsən pul olar.

Qızım, a qızım, çəpiştel nəvəm…

-Yox, ay nənə, anam tapşırıb mənə:

-Davar bəslə kürk olacaq, ev tikərsən mülk olacaq…

Qarabağda toxunan parçalardan biri “darayı” adlanırdı. Darayı – kətan qrupuna aid olub, sıx toxunuşlu, sapı tovlu, bişmiş baramadan toxunan, üzü qeyri-şəffaf parçalardandır. Kasıblar geyinəndə varlılar deyərdilər:

-Ay darayı, darayı, sən geyər hər ayı! Əlbəttə, xoşagəlməz, lakin obrazlı deyilən bu ifadədə heç də darayı parça bədii keyfiyyətcə aşağı olan toxuma kimi qeyd edilmir. Atalar bununla darayının möhkəm, elastik, hər cür təsirə davamlı bir parça olduğunu inandırmaq istəmişlər. Hələ XVIII yüzildən Qarabağın yaşayış məntəqələrində darayı toxumanın yüksək səviyyədə istehsal edildiyi məlumdur. Kətan qrupuna aid toxumalar kimi, darayı da arşınnüma və ədədi toxunurdu. XIX əsrdə bu toxumanın hər iki növü Şamaxı, Gəncə və Şuşa şəhər istehsalında mühüm yer tuturdu. Darayı toxumalar da zolaqlı və dama-dama naxışlı olurdu. Lakin bu toxumanın ədədi növü nisbətən zəngin tərtibata malikdir. Belə ki, darayının ədədi nümunələrinin, məsələn, fitə, boğça və s. bu qəbildən olan əşyaların aydın, ifadəli, xoş və yumşaq boyalarla nəzərə çarpan zolaq və damaları üzərinə sərbəst olaraq “bulud” və ya “ot” təsvirli çox xırda ağ çizgilər və ya rəngli metal saplar da əlavə olunurdu. Əlbəttə, bu sadə bədii detallar ayrılıqda heç bir dekorativ məna kəsb etmir. Bunlar yalnız müəyyən formaya malik qeyri-şəffaf ədədi darayı toxumalara tətbiq eddildikdə sözsüz ki, quru zolaq və dama naxışların qismən yumşaq və mülayim olmasını təmin etmiş olur. Ədədi darayı toxumaların əksinə olaraq arşınnüma darayılar bir rəngdə və saya toxunurdu. Bu parçalardan əsas etibarilə qadın üst paltarlarında istifadə olunurdu. XIX əsrdə Təbrizdə, Şamaxıda, Şuşada və Gəncədə “yaşıl darayı”, “sarı darayı”, “dizlik darayı” və “cittel darayı” adı ilə tanınan xüsusi əbədi darayı qadın çarşabları da hazırlanırdı. Bu dövrdə Azərbaycan qadınlarının geyimlərinin çox qisminin darayı toxumalardan hazırlandığını Aşıq Ələsgərin şerlərindən də görə bilərik. Məsələn:

Başında Herat kəlağayı,

Hər paltarı darayıdır.

Bəşərə bənzətmək olmaz,

Göydə mələklər tayıdır.

Qarabağda toxunan parçalardan biri də “alaca”dır. Alaca toxumanın bədii xüsusiyyəti, onun məişətdə tutduğu mövqeyi, istehsal olduğu yeri haqqında məlumatı Qafqaz Kustar Komitəsinin İpəkçilik şöbəsinin hesabatlarından daha aydın görmək olar. Hesabatların birində yazılırdı: “…Alaca kip toxunuşa, qırmızı rəngli zol-zol naxışa malik ipək toxumadır”. “Şuşa istehsalı olan bu növ parçadan varlı qadınlar üst paltarı geyirdilər”. Bu məlumatdan aydın olur ki, Şuşada istehsal olunan ipək alacadan zərif toxuma kimi yalnız qadın üst paltarlarının hazırlanmasında istifadə olunmuşdur. Qeyd etmək lazımdır ki, ortabab, varlı ailəyə mənsub qadınların zərli toxumalarla yanaşı, alaca parçadan da paltar geydiklərinə hələ XVI-XVII yüzillərdə yaşamış bəzi aşıqların qoşmalarında da təsadüf edirik. Sarı Aşıq deyirdi:

Geyibsən alacanı,

Təb saxla alacanı.

Yarın ala gözləri

Az qala ala canı.

Parçalardan bu qədər. Bir az da naxışlardan söhbət açaq. Xalı-xalça üzərində naxışları, çeşniləri yəqin ki, görmüsünüz. Hər naxışın, hər çeşninin bir adı var. Biz birər-birər gülləyək, siz də öyrənmiş olun. Naxışlar belə sıralanır: Öküz gözü, Qurd ağzı, Qaz ayağı, Dəvə boynu, Siçan dişi, Qoç buynuzu.

Çeşnilər də çoxdur. Dağ adına “Yaylaq yolu”, aran adına “Toplu yonca” var. Deyərlər ki, dəli qız bir naxış bilər, öpər onu toxuyar, çevirər onu toxuyar.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »