Şeyxülislam Allahşükür Paşazadə son həftədə bir nömrəli gündəmdə olduği bir vaxtda “Yeni Sabah” saytı ilə bağlı məhkəməyə müraciət edib.
İddiaya səbəb 24.02.2021-ci il tarixində Yenisabah.az-da dərc olunmuş “Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA” başlıqlı yazı olub. Yazıda Qazax rayonundan olan Xədicəxanım Hüseynzadə yeni tikdikləri Tövbə məscidinin qeydiyyata alınmamasından danışıb. O, açıqlamasında deyib ki, məscidin sənədləşməsi üçün QMİ-də mühüm vəzifədə çalışan Əlirıza adlı şəxs onlara söz verib və əlavə 2000 min manat pul tələb olunub: “Bizdən 2000 pul tələb edir, axı hardan tapaq o qədər pulu. Mən dörd uşağımla getmişəm ora. Amma məhəl qoyulmur. “Tövbə” məscididir. Buna da pul alıb sənədləşdirərlər?”.
Bildirək ki, bu məqalə “Yeni Sabah”da RegionNews.az saytına istinadən dərc olunub. Açıqlama verən xanımın isə danışdıqları video formatında yazıya əlavə olunub.
Bildirək ki, KİV haqqında qanunun 62-ci maddəsinə görə “digər kütləvi informasiya vasitələrindən götürülmüş və təkzib olunmamış” xəbərin yayılmasına görə redaksiya heç bir məsuliyyət daşımır.
Qafqaz Müsəlmanları İdarəsinin qaldırdığı iddia üzrə Sabunçu rayon məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə keçirilən iclasda bu gün yekun qərar qəbul olunub. Məhkəmə idarənin iddiasını təmin edib.
Hakim qanunun “Yeni Sabah” saytını bu məsuliyyətdən azad etməsi ilə bağlı arqumenti nəzərə almayıb. Amma QMİ-nin nümayəndəsinin “RegionNews.az KİV deyil, ona görə ki, rəsmi qeydiyyatdan keçməyib” kimi absurd bir ifadəni qanunun tələbi kimi qəbul edib.
Hakim QMİ-nin vəkilinin dediyi tələbin qanunda olub-olmaması ilə maraqlanmayıb. “Qanunda KİV-də yayılmış məlumatlara görə istinad materialları məsuliyyətdən azad olunur. Sizin istinad etdiyiniz mənbə isə rəsmi qeydiyyata alınmadığı üçün KİV deyil. Siz də KİV olmayan mənbəyə istinad etdiyinizdən məsuliyyətdən azad olunmursunuz” kimi cümlə quraraq hökm verib.
Məhkəmənin bu absurd qərarı ilə bağlı “Yeni Sabah” apelyasiya şikayəti verəcək.
Məsələ haqda Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, qüvvədə olan KİV haqqında qanunda birmənalı olaraq göstərilir ki, əgər informasiya başqa KİV-lərdə nə zamansa gedibsə və təkzib edilməyibsə, ona istinad edib yayanlar məsuliyyət daşımırlar: “Odur ki, əgər siz yaydığınız informasiya da nə vaxtsa təkzib edilməybsə, siz məsuliyyət daşımırsız.
Əlavə olaraq, mövcud qanunlarda haradasa göstərilməyib ki, onlayn KİV qurumları haradasa qeydiyyatdan keçməlidir. Sadəcə 28-ci maddədə var: istinad materialları. Orada göstərilir ki, KİV qurumunun rekvizitləri olmalıdır, yəni ünvanı, telefonu, e-mail adresi və sair…”.