Cari ilin aprel ayının 22-23 tarixlərində ilk dəfə Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti qurultayda çıxış etmişdir. Qurultayın adını Zəfər qurultayı kimi qeyd edən Ali Baş Komandan demişdir: “Bu təbiidir, çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir”.
Prezident bildirmişdir ki, tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.
Ulu Öndərin Heydər Əliyevin davamçıları V qurultayı Şuşada keçirdi. Dünya Azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı. Həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vuraraq, bir hədəfə çatmaq üçün çalışdıq. Hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu Qələbə gününü yaxınlaşdırdı. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə ola bilməzdi.
Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Beynəlxalq təşkilatlar isə Ermənistanın işğalçılıq siyasətini pərdələmək və Azərbaycanı bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Azərbaycan yalnız dünya erməniliyi ilə müharibə aparmayıb, eyni zamanda Ermənistanın himayədarları ilə də müharibəni aparıb və bu müharibədə Qələbə qazanıb. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür.
Milyonlarla xaricdə yaşayan azərbaycanlılar öz çıxışlarında, şərhlərində, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırırdılar. Bu yöndə fəaliyyəti davam etdirmək lazımdır, çünki Ermənilərin informasiya təxribatları hələ də davam edir. Müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb.
Xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olmalıdırlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar. Azad edilmiş ərazilər on min kvadratkilometrdən çoxdur və indi marşrutlar da açılır, aeroportlar da tikilir. Ona görə gəliş-gediş çox rahat olacaq.
Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir. Azərbaycan məktəblərinin açılmasına hər zaman kömək göstəriləcəkdir. Ana dili əsas faktordur. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq. Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Xalq öz torpaqlarındadır. Bu torpaqda möhkəm dayanıb və heç kim heç vaxt bu torpaqlardan xalqımızı tərpədə bilməz.
Şəhidlərin qisasını düşməndən döyüş meydanında aldıq. Onların qanı yerdə qalmadı, bu, onların yaxınları üçün, qohumları üçün, bütün Azərbaycan xalqı üçün bir təsəllidir. Qarabağ münaqişəsinin həll edilməsi Prezident üçün başlıca vəzifə idi. 2003-cü ildən bu günə qədər bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi daim başlıca vəzifə olub və bütün güclər səfərbər edilmişdir.
Rəsmi İrəvanın işğalçılıq siyasəti dünya miqyasında artıq heç kimə sirr deyil. Azərbaycanla Ermənistan arasındakı qüvvələr nisbəti bizim xeyrimizə böyük dərəcədə dəyişdiriləndən sonra Ermənistan rəhbərliyi də nəhayət dərk edəcək ki, bizimlə rəqabət aparmaq üçün onların heç bir resursu yoxdur. Ermənistanın məhv edilmiş silah-sursatının, texnikasının və qənimət götürülmüş texnikasının qiyməti ən aşağı 4-5 milyard dollar təşkil edir. Kasıb ölkə bu pulu haradan əldə edib. Ermənistan ordusunda müharibə zamanı kütləvi fərarilik hökm sürürdü, onların özlərinin etirafına görə, 10 min fərari olmuşdur.
Cəmi 44 gün ərzində 300-dən çox şəhər və kənd döyüş meydanında azad olunmuşdur. Məhz buna görə Ermənistan məcbur olub və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Məhz biz Şuşanı noyabrın 8-də azad edəndən sonra Ermənistan rəhbərliyi nəhayət anladı ki, müharibəni davam etdirmək onlara daha baha başa gələcək.
ATƏT-in Minsk qrupu faktiki olaraq 2019-cu ildə artıq iflic olmuşdu. 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış bu qrup faktiki olaraq heç bir nəticə əldə etməmişdir. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, bu qrup məsələni həll etmək üçün yaranmamışdır. Rəsmi Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən cəfəng fikirlər faktiki olaraq danışıqlar prosesinə son qoymuşdu. Minsk qrupu isə demək olar ki, çox qeyri-müəyyən vəziyyətə düşmüşdü. Odur ki, biz torpaqlarımızı döyüş meydanında işğaldan azad etdik.
İşğaldan azad olunmuş bütün ərazilər erməni vandalizminin canlı şahididirlər. Şuşada bir dənə də salamat tarixi bina qalmamışdır. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular, məscidlərimizi təhqir etmişdilər, sökmüşdülər, saraylarımızı sökmüşdülər. Təkcə Şuşa yox, bütün digər şəhərlər də eyni vəziyyətdədir. Tamamilə dağılmış Ağdamı xarici ekspertlər, jurnalistlər Xirosimaya bənzədirlər. İşğalçılar qəbirləri qazıb, ölülərin qızıl dişlərini çıxarırdılar. Ermənistan və erməni xalqı bu vəhşiliyə görə dünya miqyasında rəzil oldu. Biz təkcə işğalçını yox, faşistləri məhv etdik.
Azərbaycan sədrlik etdiyi Qoşulmama Hərəkatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və bütün digər aparıcı beynəlxalq təşkilatlar ölkəmizin mövqeyini dəstəkləmişlər və postmünaqişə reallıqlarını qəbul etmişlər. İndi 3+3 formatda beş qonşu ölkə əməkdaşlıq formatını yaradıbdır. Qonşu ölkələrin hamısı postmünaqişə reallıqlarını qəbul etmişlər. Böyük dövlətlər – Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Amerika Prezidenti, Böyük Britaniyanın Baş naziri göndərdikləri məktublarda bu, açıq-aydın göstərilir.
Bütün ağrılı məqamlara və işğala baxmayaraq bölgənin gələcəyi naminə Azərbaycan sülh gündəliyi təqdim etdi. Bundan sonra Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsi gündəlikdədir. Azərbaycan konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdü və Ermənistan bu beş prinsipi qəbul etdi. Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaqdır.
Tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir. XIX əsrdə imzalanmış Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrinin müddəalarını beynəlxalq ictimaiyyətə çatdırmaq kifayətdir. Orada erməni əhalisindən söhbət getmir. Kürəkçay müqaviləsini İbrahimxəlil xan Şuşalı və Qarabağlı imzalayıb. XIX əsrin bu tarixi hadisələrindən sonra Qarabağa ermənilərin kütləvi köçü başlamışdır. Bu da heç kimə sirr deyil və artıq dünya ictimaiyyəti, ekspertlər bunu bilir. Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında daim beynəlxalq ictimaiyyətini məlumatlandırmalıyıq.
Ermənilər XIX əsrdə, XX əsrin əvvəllərində Azərbaycan torpaqlarına köçürülmüşlər. 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi tarixi faktdır. Ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması da sənədlərlə təsdiq olunan faktdır. 1921-ci ildə sovet hakimiyyəti tərəfindən bizə qarşı növbəti təxribat hazırlanmış və Qafqaz Bürosu Qarabağı da bizdən qoparmaq istəmişdir. Ancaqbu təxribat baş tutmadı və qərar qəbul olundu ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Amma buna baxmayaraq, 1923-cü il iyulun 7-də Azərbaycan ərazisində tamamilə əsassız, süni bir qurum olan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. O vaxt indiki Ermənistanda yaşayan azərbaycanlıların sayı Qarabağda yaşayan ermənilərlə müqayisədə bəlkə də iki dəfə çox idi. Ondan sonra 1948-1953-cü illərdə azərbaycanlılar Ermənistandan kütləvi şəkildə deportasiya edildi. Azərbaycanlılar öz tarixi torpaqlarından Azərbaycanın Mil-Muğan zonasına zorla köçürüldülər. Bu bizə qarşı olan ən böyük ədalətsizlik idi və təəssüf ki, bu işlərin başında erməni lobbisinin əlaltıları olan sovet kommunustləri dururdu.
Gülnar Məlikova – Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Nərimanov rayonun fəal tələbəsi