Paşinyanın Rusiyaya olan səfəri rəsmi xarakter daşıyıb. Göruş zamanı bu səfərin iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönmu ilə bağlı olduğu qeyd edilsə də tərəflər arasındakı ikitərəfli münasibətlərin çağdaş durumu, habelə bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması müzakirə predmeti olan əsas məsələlər olub.
Bunu “Xalq Cəbhəsi”nə politoloq Elşən Manafov dünən Rusiyada Putinlə Paşinyan arasında keçirilən görüşün nəticələrinə münasibətində deyib.
Onun fikrincə, görüşün AB-nin təşəbbüsü ilə Brüsseldə keçirilən məlum göruşdən dərhal sonra keçirilməsi bölgədəki proseslərə məhz Rusiyanın həlledici təsir imkanlarına malik olduğunu qabartmaq baxımından diqqətəlayiq olub. Görüş zamanı bu faktoru məhz Paşinyanın etiraf etməsi dolayısı yolla rəsmi Moskvanın Brüsselə mesajı təsiri bagişladı. Yeri gəlmişkən, Rusiyanın bölgədəki proseslərə, o cümlədən Qarabağ uğrunda gedən hərbi əməliyyatların durdurulması ilə bağlı məsələlərə həlledici rolunu bu ilin fevralında Moskvada Rusiya və Azərbaycan arasında müttəfiqliklə bağlı müqavilənin imzalanması zamani prezident İ.Əliyev də etiraf edib. Moskvada Paşinyanla keçirilən göruş zamanı Rusiya prezidenti V. Putinin hazırda tərəflər arasında münasibətlərdə həllini gözləyən əsas məsələ demarkasiya və demilitarizasiya problemləridir deməsi göstərir ki, rəsmi Moskva özünün moderatorluğu ilə tərəflər arasında razılaşdırılan Moskva bəyannaməsinin məlum müddəalarının yerinə yetirilməsində maraqlıdır, zira bu razılaşma bölgədə sülh və təhlukəsizliyin təminatı ilə bağlı məsələlərdə kimin söz və nüfuz sahibi olmasi ilə bağlı amillərin qabardılması baxımından Kremlin maraqlarına cavab verir.
Politoloq qeyd edib ki, Qərb və Rusiya arasında hazırda Ukraynada yaşanan hərbi, diplomatik, iqtisadi və geosiyasi qarşıdurmanın fonunda bu amilin qabardılması Moskva üçün həyati əhəmiyyət kəsb edir. Bölgədə 3+3 formatında perspektiv əməkdaşlığın konturları da göstərir ki, Rusiya, habelə İran bölgədə nüfuz dairəsi uğrunda mübarizədə Qərblə kompromisə getmək fikrində deyillər: “Brüssel görüşündən fərqli olaraq Paşinyanın “Dağlıq Qarabag” münaqişəsinin tənzimlənməsində Rusiya faktoruna müraciəti, ümumiyyətlə bu ifadəni işlətməsi göstərir ki, rəsmi İrəvan Bakı ilə sülh danışıqları ilə bağlı müzakirələrdə Qarabağ kartından imtina etmək fikrində deyil. Məğlub durumda olmasına, faktiki olaraq təslimçilik aktına imza atmasına baxmayaraq Paşinyanın yenidən “DQ” problemini müzakirələrə qaytarmaq istəyi göstərir ki, o “danışdırılır” və nəyə isə ümid edir. Bu nəsə əlbəttə ATƏT və onun Minsk qrupudur. Bundan əlavə Paşinyanın Moskvaya səfəri ərəfəsində ABŞ-ın Ermənistandakı səfirinin bu ölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə göruşməsi və onları Qərb bankları kimi Rusiyaya qarşı maliyyə sanksiyalarına qatılmaq çağırışı Paşinyanın sevdasından xəbər verir, cunki onun razılığı olmadan erməni bankirlərinin bu tədbirə qatılacaqları inandırıcı təsir bagışlamır. Paşinyanın qlobal maliyyə mərkəzlərindən biri sorosçularla əlaqəsi nəzərə alınarsa, belə bir mesajın hardan gəldiyini müəyyənləşdirmək mümkün deyil”.
E.Manafovun fikrincə, Rusiyaya ilk baxışda sadiqliyini göstərməklə ehtimal ki, baş nazir Ukrayna cəbhəsində hadisələrin hansı axarda getməsindən asılı olaraq qərar qəbul etmək fikrindədir. Lakin Paşinyanın əsil xilqətindən təbii ki, Kreml də xəbərdardır, digər tərəfdən Putinin Ukrayna hadisələri fonunda Qərbi Rusiyanın qeyri dostları kateqoriyasına aid etməsindən sonra Minsk qrupunun reabilitasiya olunacağı inandırıcı təsir bagışlamır, buna xarici işlər naziri Lavrov da işarə etmişdir, nəhayət bu qurumun əvvəlki statusunun bərpa olunmasında da rəsmi Bakı maraqlı deyil, hərçənd Prezident Əliyev əməkdaşlığın davam etdirilməsinin də əleyhinə deyil: “Moskva isə Azərbaycanla münasibətlərin onun bölgədəki təsir imkanlarının saxlanılmasında nə kimi əhəmiyyətli rol oynadığının mahiyyətinə vardığından erməni tərəfinə əlavə demarşlar etməyəcək, zira buna ehtiyac da yoxdur. Ermənistan iqtisadiyyatının durumu, burada Rusiya biznesinin nəhəng imkanları, Ermənistanda Rusiyanın hərbi bazası, Rusiya yönumlu siyasi istibleşment Moskvanın bu ölkədə malik olduğu əyləc mexanizmlərini. Qarabağ savaşında Kremlin loyallığı və nəticədə ordumuzun müzəffər qələbəsi nəticəsində Ermənistanın düşdüyü dərin iqtisadi, sosial və siyasi böhran Paşinyanın başı üzərində asılmış əsl Domokl qılıncıdır”.